Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 6:1—17

6  Mən Quzunun yeddi möhürdən birini açdığını gördüm və dörd canlı məxluqdan birinin ildırım səsinə bənzər gur səslə: «Gəl!» dediyini eşitdim.  Sonra bir ağ at gördüm. Atın belində oturanın əlində bir yay vardı. Ona tac verildi və o, bir qalib kimi yekun qələbəsinə doğru irəlilədi.  Quzu ikinci möhürü açanda mən ikinci canlı məxluqun: «Gəl!» dediyini eşitdim.  Sonra meydana bir kürən at çıxdı. Onun belində oturana insanların bir-birini öldürməsi üçün yer üzündən əmin-amanlığı götürmək izni verilmişdi. Atlıya böyük bir qılınc verildi.  Quzu üçüncü möhürü açanda mən üçüncü canlı məxluqun: «Gəl!» dediyini eşitdim. Onda mən baxıb gördüm ki, meydana bir qara at çıxdı. Onun belində oturanın əlində tərəzi vardı.  Bu vaxt sanki dörd canlı məxluqun arasından bir səs gəldi: «Bir kilo* buğda bir dinara*, üç kilo arpa bir dinara; zeytun yağını və şərabı zay etmə».  Quzu dördüncü möhürü açanda mən dördüncü canlı məxluqun: «Gəl!» dediyini eşitdim.  Baxıb gördüm ki, meydana rəngi solğun bir at çıxdı. Onun belində oturanın adı Ölüm idi və Məzar addımbaaddım onun dalınca gəlirdi. Onlara yer üzünün dörddə bir hissəsi üzərində hakimiyyət verildi. Onlar əhalini uzun qılınc, ərzaq qıtlığı, ölümcül xəstəliklər və vəhşi heyvanlar vasitəsilə öldürməli idilər.  Quzu beşinci möhürü açanda mən qurbangahın altında Allahın sözünə və şəhadət işinə görə öldürülmüşlərin qanını gördüm. 10  Onlar ucadan qışqırdılar: «Ey Pərvərdigara, ey müqəddəs və həqiqi Allah, nə vaxta qədər bizim qanımız yerdə qalacaq? Nə vaxta qədər yer üzündə yaşayanlardan qisasımızı almayacaqsan, onları məhkum etməyəcəksən?» 11  Onların hər birinə ağ libas verildi və deyildi ki, özləri kimi qətlə yetiriləcək nökər yoldaşlarının və qardaşlarının sayı tamamlanana qədər bir müddət istirahət etsinlər. 12  Mən Quzunun altıncı möhürü açdığını gördüm və bu vaxt güclü zəlzələ oldu. Günəş çul kimi qapqara qaraldı, ay da sanki al qana boyandı. 13  Güclü külək kal ənciri yerə tökdüyü kimi, ulduzlar da göydən yerə töküldülər. 14  Səma tumar kimi bürmələnib yoxa çıxdı, bütün dağlar və adalar yerindən qaldırıldı. 15  Yer üzünün padşahları, məmurları, sərkərdələri, varlıları və güclüləri, hər bir qul və azad insan mağaralarda, dağlarda, qayalıqlarda gizləndi. 16  Onlar dağlara və qayalara yalvarırdılar: «Üstümüzə yıxılıb bizi taxtda oturandan və Quzunun qəzəbindən gizlədin, 17  çünki onların böyük qəzəb günü gəldi. Onların qarşısında kim dura bilər?»

Haşiyələr

Hərfən «bir xiniks». Xiniks — çəkisi təqribən 700 qr olan qədim çəki vahidi
Bir günlük əmək haqqına bərabər 3,85 qr ağırlığında olan Roma gümüş pulu