Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 21:1—27

21  Sonra mən yeni göy və yeni yer gördüm. Çünki köhnə göylə köhnə yer yox olmuşdu, dəniz də artıq yox idi.  Mən həmçinin müqəddəs şəhəri — Yeni Yerusəlimi gördüm. O, göydən, Allahın yanından enirdi və sanki nişanlısı üçün bəzənib-düzənmişdi.  Bu vaxt taxtdan gələn gur bir səs eşitdim. Səs deyirdi: «Allahın çadırı insanlarladır və O, insanlarla yaşayacaq, onlar da Allahın xalqı olacaqlar. Allah Özü onlarla olacaq.  Allah insanların gözlərindən bütün yaşları siləcək. Artıq nə ölüm, nə dərd, nə fəryad, nə də ağrı olacaq, çünki əvvəlki şeylər keçib getdi».  Taxtda oturan dedi: «Budur, Mən yeni şeylər yaradıram» və sonra əlavə etdi: «Yaz, çünki bu sözlər doğru və etibarlıdır».  Sonra O, mənə dedi: «Onlar yerinə yetdi! Mən Alfa və Omeqayam, birinci və axırıncı Mənəm. Susayana həyat çeşməsindən suyu havayı verəcəyəm.  Qalib gələn bunları miras alacaq. Mən onun Allahı olacağam, o da Mənim oğlum olacaq.  Ancaq qorxaqların, imansızların, ikrah doğuran natəmiz əməllərə bulaşanların, qatillərin, əxlaqsızların, spiritizmlə məşğul olanların, bütpərəstlərin və bütün yalançıların aqibəti od və kükürdlə yanan göl olacaq. Bu, ikinci ölümü bildirir».  Axırıncı yeddi bəla ilə dolu yeddi camı olan yeddi mələkdən biri mənə yaxınlaşıb dedi: «Gedək sənə gəlini, Quzunun arvadını göstərim». 10  O, müqəddəs ruhun qüvvəsi ilə məni böyük və uca bir dağın başına apardı və mənə göydən, Allahın yanından enən müqəddəs Yerusəlim şəhərini göstərdi. 11  Şəhər Allahın calalı ilə par-par parıldayır, çox qiymətli daş kimi, büllur tək bərq vuran yəşəm daşı kimi işıldayırdı. 12  Şəhərin böyük və hündür divarları və on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu və İsrail oğullarının on iki qəbiləsinin adı darvazaların üstündə yazılmışdı. 13  Şəhərin üç darvazası şərqə, üçü şimala, üçü cənuba, üçü də qərbə açılırdı. 14  Şəhər divarının bünövrəsi on iki daşdan idi. Daşların üstündə Quzunun on iki həvarisinin adı yazılmışdı. 15  Mənimlə danışanın əlində şəhəri, darvazaları və divarları ölçmək üçün bir qızıl qamış çubuq vardı. 16  Şəhər kvadrat formasında idi, uzunluğu və eni bir idi. O, şəhəri qamış çubuqla ölçdü, on iki min stadi* çıxdı. Şəhərin uzunluğu, eni və hündürlüyü birdir. 17  O, həmçinin şəhər divarlarını da ölçdü. Həm insan ölçüsünə, həm mələk ölçüsünə görə divarların hündürlüyü yüz qırx dörd qulac* idi. 18  Divar yəşəm daşından, şəhərin özü isə xalis qızıldan idi, şəffaf şüşəyə bənzəyirdi. 19  Şəhər divarlarının bünövrəsi müxtəlif qiymətli daşlardan idi: birinci bünövrə daşı yəşəm daşından, ikincisi göy yaqutdan, üçüncüsü xalsedon daşından, dördüncüsü zümrüddən, 20  beşincisi sardoniksdən, altıncısı sard daşından, yeddincisi xrizolitdən, səkkizincisi beril daşından, doqquzuncusu topazdan, onuncusu xrizoprazdan, on birincisi giasintdən və on ikincisi ametistdən idi. 21  On iki darvaza isə on iki mirvari idi. Hər darvaza bir mirvaridən idi. Şəhərin baş küçəsi xalis qızıl idi, şəffaf şüşəyə bənzəyirdi. 22  Mən orada məbəd görmədim, çünki bu şəhərin məbədi Qadir Allah Yehova və Quzudur. 23  Şəhərin günəş və ay işığına ehtiyacı yoxdur, çünki onu Allahın calalı işıqlandırır və Quzu şəhərin çırağıdır. 24  Millətlər onun nurunda yeriyəcəklər və dünyanın padşahları öz calalını oraya gətirəcəklər. 25  Şəhərin darvazaları gün ərzində bağlanmayacaq və orada gecə olmayacaq. 26  Millətlərin calalını və ehtiramını oraya gətirəcəklər. 27  Ancaq müqəddəs olmayan şeylər, iyrənc əməl sahibləri və yalançılar o şəhərə əsla girməyəcək, oraya yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.

Haşiyələr

Təqribən 2200 km
Təqribən 64 m