Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 2:1—29

2  Efesdəki yığıncağın mələyinə yaz: “Sağ əlində yeddi ulduz tutan, yeddi qızıl çırağın arasında gəzən belə deyir:  «Sənin işlərin, zəhmətin və dözümündən xəbərdaram. Bilirəm ki, sən pis adamlara dözmürsən və həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirib onların yalançı olduqlarını üzə çıxarmısan.  Sən dözümlüsən, mənim adım naminə çox cəfa çəksən də taqətdən düşməmisən.  Ancaq sənə bir iradım var: əvvəlki məhəbbətin soyuyub.  Buna görə də, bu hala düşməzdən əvvəlki vəziyyətini yadına salıb tövbə et və əvvəlki işlərini gör. Əgər tövbə etməsən, onda gəlib çırağını yerindən götürəcəyəm.  Ancaq bir işin yaxşıdır ki, sən də mənim kimi, Nikola təriqətinin əməllərinə nifrət edirsən.  Qulağı olan qoy müqəddəs ruhun yığıncaqlara nə dediyini eşitsin: mən zəfər çalana Allahın cənnətində bitən həyat ağacının meyvələrindən yeməyə icazə verəcəyəm»”.  Smirnadakı yığıncağın mələyinə yaz: “Ölmüş və sonra həyata qayıtmış «Birinci və Axırıncı» belə deyir:  «Mən sənin necə zülm çəkdiyini və yoxsulluq içində olduğunu bilirəm (hərçənd sən varlısan), həmçinin özlərini yəhudi adlandırıb, əslində Şeytanın sinaqoqu olanların danışdığı küfrdən də xəbərdaram. 10  Qarşıdan gələn bəlalardan qorxma. İblis sizlərdən bəzilərini həbsxanaya atacaq, siz tam sınanacaq və on gün ərzində bəlalara düçar olacaqsınız. Hətta ölmək lazım gəlsə də, sadiq qal və mən sənə həyat tacını verəcəyəm. 11  Qulağı olan qoy müqəddəs ruhun yığıncaqlara nə dediyini eşitsin: zəfər çalana ikinci ölüm xələl yetirməyəcək»”. 12  Perqamdakı yığıncağın mələyinə yaz: “Uzun, iti ikiağızlı qılıncın sahibi belə deyir: 13  «Mən bilirəm ki, sən Şeytanın taxtı olan yerdə yaşayırsan. Buna baxmayaraq, sən mənim adıma çox sadiqsən. Hətta şəhərinizdə, Şeytanın yaşadığı yerdə öldürülmüş sadiq şahidim Antipanın günlərində belə mənə inandığını danmadın. 14  Bununla belə sənə bir iradım var: səndə Bilamın təlimlərinə riayət edən adamlar var. Bilam İsrail oğullarını günaha sürükləmək üçün Balakı öyrədib, onları bütlərə gətirilmiş qurbanları yeməyə və cinsi əxlaqsızlığa sövq etdirmişdi. 15  Səndə həmçinin Nikola təriqətinin təlimlərinə riayət edənlər də var. 16  Buna görə də tövbə et. Əks təqdirdə, mən tezliklə yanına gəlib onlarla ağzımdan çıxan uzun qılıncla vuruşacağam. 17  Qulağı olan qoy müqəddəs ruhun yığıncaqlara nə dediyini eşitsin: zəfər çalana gizlində olan manna və ağ daş verəcəyəm. Bu daşın üzərində yeni bir ad olacaq. Bu adı onu alandan başqa heç kəs bilmir»”. 18  Tiatiradakı yığıncağın mələyinə yaz: “Gözləri alovtək yanan və ayaqları xalis misə bənzəyən Allahın Oğlu belə deyir: 19  «Mən sənin işlərindən, məhəbbətindən, inamından, xidmətindən və dözümündən xəbərdaram. Bilirəm ki, sənin axırıncı işlərin əvvəlkilərdən daha çoxdur. 20  Bununla belə sənə bir iradım var: sən özünü peyğəmbər adlandıran İzebelin, o qadının işlərinə göz yumursan. O, mənim qullarımı öyrədib yoldan çıxarır, onları cinsi əxlaqsızlığa və bütlərə gətirilmiş qurbanları yeməyə təhrik edir. 21  Mən tövbə etməsi üçün ona vaxt verdim, amma o, tövbə edib əxlaqsızlığından əl çəkmək istəmir. 22  Buna görə də ona azar verib onu yorğan-döşəyə salacağam. Onunla zina edənlər onun əməllərindən əl çəkib tövbə etməsələr, onların da başına dərd-bəla gətirəcəyəm. 23  Onun övladlarına azar verib öldürəcəyəm. Beləcə bütün yığıncaqlar biləcəklər ki, mən insanın böyrəklərini və ürəyini tədqiq edirəm. Mən hər birinizə əməllərinizə görə verəcəyəm. 24  Tiatirada bu təlimə riayət etməyən digərlərinizə, “Şeytanın dəryasına” baş vurmayanlara isə deyirəm: mən sizin boynunuza əlavə yük qoymuram. 25  Mən gələnəcən tutduğunuz doğru yoldan dönməyin. 26  Atam mənə hakimiyyət verdiyi kimi, mən də zəfər çalana və yolumu axıra qədər davam etdirənə millətlər üzərində hakimiyyət verəcəyəm. 27  O, millətləri dəmir çomaqla otaracaq və onlar saxsı qab kimi sınıb çilik-çilik olacaqlar. 28  Həm də ona dan ulduzunu verəcəyəm. 29  Qulağı olan qoy müqəddəs ruhun yığıncaqlara nə dediyini eşitsin»”.

Haşiyələr