Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Vəhy 1:1—20

1  İsa Məsihdən gələn vəhy. Allah bu vəhyi İsaya verdi ki, o, tezliklə baş verəcək hadisələri öz qullarına göstərsin. İsa öz mələyini göndərib onun vasitəsilə bu vəhyi rəmzlərlə qulu Yəhyaya verdi.  Yəhya da bütün gördükləri haqqında — Allahın sözü və İsa Məsihin şəhadəti haqqında şahidlik etdi.  Bu peyğəmbərlik sözlərini ucadan oxuyan, onları eşidən və orada yazılanlara əməl edən adam xoşbəxtdir, çünki təyin edilmiş vaxt yaxındır.  Yəhya, Asiya* vilayətindəki yeddi yığıncağa: «Əbədiyyən var Olandan*», Onun taxtı qarşısındakı yeddi ruhdan və  «Sadiq Şahid», «ilk dirilən», «dünya padşahlarının Hökmdarı» olan İsa Məsihdən gələn lütf və sülh sizinlə olsun. Bizi sevənə, öz qanı bahasına günahlarımızdan azad edənə,  bizi öz Allahı və Atasının xidmətində durmaq üçün padşah və kahin təyin edənə əbədiyyət boyu əzəmət və eşq olsun. Amin.  O, buludlarla gələcək. Onu hamı, o cümlədən onun bədənini deşənlər öz gözü ilə görəcək. Dünyanın bütün tayfaları kədərlənəcək və ondan ötrü başlarına döyəcəklər. Bəli, bu, belə də olacaq. Amin.  Yehova Allah belə deyir: «Mən Alfa və Omeqayam*, əbədiyyən var Olan, Qadir Allah Mənəm».  İsanın yolunda sizinlə padşahlığa şərik olan və hər cür əziyyətə dözməyə hazır olan mən, qardaşınız Yəhya, Allah haqqında danışdığıma və İsa haqqında şəhadət etdiyimə görə Patmos deyilən bir adaya düşdüm. 10  Mən müqəddəs ruhun təsiri ilə Ağanın gününə aparıldım və arxamda şeypur səsinə bənzər güclü bir səs eşitdim. 11  O səs deyirdi: «Gördüklərini tumara yaz və Efes, Smirna, Perqam, Tiatira, Sardis, Filadelfiya və Laodikiyadakı yeddi yığıncağa göndər». 12  Mən eşitdiyim səsin kimə məxsus olduğunu görmək üçün arxaya dönəndə yeddi qızıl çıraq gördüm. 13  Çıraqların ortasında insan oğlu bənzərində bir nəfər durmuşdu. Onun əynində uzun libas və sinəsində qızıl qurşaq var idi. 14  Saçı-saqqalı ağ yuna bənzəyirdi, qar kimi ağappaq idi, gözləri alov saçırdı. 15  Ayaqları dəmirçi kürəsində közərmiş xalis misə bənzəyirdi. Səsi gur suların səsi kimi idi. 16  Onun sağ əlində yeddi ulduz var idi və ağzından uzun, ikiağızlı iti bir qılınc çıxırdı; sifəti günəş kimi par-par yanırdı. 17  Onu görəndə ölü kimi ayaqlarına sərildim. O, sağ əli ilə mənə toxunub dedi: «Qorxma. Mən Birinci və Axırıncıyam, 18  ölmüşdüm, amma indi sağam və əbədiyyən yaşayacağam. Ölüm ilə Məzarın* açarları məndədir. 19  Buna görə də gördüklərini, indi baş verən və bundan sonra olacaq hadisələri qələmə al. 20  Yeddi qızıl çırağın və sağ əlimdə gördüyün yeddi ulduzun müqəddəs sirrinin açması isə budur: yeddi çıraq yeddi yığıncağı, yeddi ulduz isə yeddi yığıncağın mələklərini təmsil edir.

Haşiyələr

Yunan Müqəddəs Yazılarında «Asiya vilayəti» ifadəsi altında Asiya qitəsi yox, Roma imperiyasının bir əyaləti nəzərdə tutulur. Həmin ərazidə hal–hazırda Türkiyə yerləşir
Yaxud «keçmişdə, indi və gələcəkdə var Olandan»
Yunan əlifbasının birinci və axırıncı hərfləri
Hərfən «hadesin». Yəni bəşəriyyətin ümumi məzarı. 7–ci Əlavəyə bax