Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 3:1—31

3  Belə isə yəhudi olmağın hansı üstünlüyü, yaxud sünnətin hansı faydası var?  Hər cəhətdən böyük üstünlüyü və faydası var. Əvvəla ona görə ki, yəhudilərə Allahın müqəddəs sözləri əmanət edilmişdi.  Bəziləri iman etmədilərsə, onda necə? Məgər onların imansızlığı Allahın sədaqətini boşa çıxara bilər?  Əsla! Məlumunuz olsun ki, hər hansı bir insan yalançı çıxsa da, Allah doğruculdur, necə ki, yazılıb: «Odur ki, Sənin sözlərin doğru çıxacaq və məhkəmədə qələbə qazanacaqsan».  Bəs bizim haqsızlığımız Allahın salehliyini üzə çıxarırsa, onda necə? Məgər Allah qəzəbini yağdıranda ədalətsizlik edir? (Bunu bir insan kimi deyirəm ha!)  Əsla! Allah ədalətsizdirsə, dünyanı necə mühakimə edəcək?  Bir də ki, əgər mənim yalanım Allahın həqiqətini daha aydın büruzə verib Ona şöhrət gətirirsə, onda mən niyə günahkar kimi mühakimə olunmalıyam?  Nə üçün belə deməyək: «Gəlin pislik edək ki, axırı yaxşı olsun»? Bəziləri bizə şər atır ki, guya biz belə deyirik. Belə adamlara kəsilən hökm ədalətlidir.  Belə isə nə deyək? Bizim nədə isə üstünlüyümüz varmı? Xeyr! Yuxarıda dediyimiz kimi, hamı: yəhudilər də, yunanlar da günahın əsarəti altındadır. 10  Belə yazılıb: «Bir nəfər də olsun saleh adam yoxdur. 11  Dərrakəsi olan, Allahı axtaran bir kimsə yoxdur. 12  Hamı yolunu azıb, heç biri işə yaramır. Bir nəfər də olsun yaxşılıq edən yoxdur». 13  «Onların boğazı açıq qəbirdir, dillərində doğru söz yoxdur». «Ağızlarında gürzə zəhəri var». 14  «Onlar acıdildirlər, ağızlarından lənət yağır». 15  «Ayaqları qan tökməyə tələsir». 16  «Yolları viranəliyə və bədbəxtliyə aparır, 17  onlar sülh yolunu tanımadılar». 18  «Onların ürəyində Allah qorxusu yoxdur». 19  Bildiyimiz kimi, Qanunda deyilən hər şey Qanunun tabeliyində olanlara ünvanlanır. Beləcə, hər dil susdurulur və bütün dünya Allahın qarşısında təqsirkar çıxır. 20  Buna görə də Qanunun tələblərini icra edən heç bir adam Onun qarşısında saleh elan edilməyəcək, çünki Qanun günah haqqında dəqiq bilik verir. 21  Lakin indi, Qanundan asılı olmayaraq, Allahın salehliyi bəlli oldu; Qanun və Peyğəmbərlər bu haqda şəhadət ediblər. 22  Bəli, Allahın salehliyi iman edən hər kəsə İsa Məsihə gətirilən iman vasitəsilə bəlli olur, çünki Allah ayrı-seçkilik etmir. 23  Axı hamı günah işlədi və Allahın şöhrətini əks etdirə bilmədi. 24  Lakin onlar Allahın ənamı, yəni Onun lütfü sayəsində Məsih İsanın ödədiyi fidyə vasitəsilə qurtulub saleh elan edilirlər. 25  Allah onu qurban verdi ki, onun axıdılmış qanına gətirilən iman sayəsində bizi Özü ilə barışdırsın. Allah bunu Öz salehliyini nümayiş etdirmək üçün etdi, çünki təmkin göstərib keçmişdə işlənmiş günahları bağışlayırdı. 26  O, həmçinin İsaya iman gətirən adamı saleh elan edərkən bu dövrdə də Özünün saleh olduğunu nümayiş etdirir. 27  Beləliklə, hanı öyündüyümüz əsas? Yoxdur! Hansı qanuna əsasən yoxdur? Əməllərin icrasını tələb edən Qanuna görə? Xeyr, iman tələb edən qanuna görə. 28  Biz belə qənaətə gəldik ki, insan əməllərin icrasını tələb edən Qanundan asılı olmayaraq, imana əsasən saleh elan edilir. 29  Məgər Allah yalnız yəhudilərin Allahıdır? Məgər O, digər millətlərin də Allahı deyil? Bəli, digər millətlərin də Allahıdır. 30  Əlbəttə, Allah təkdir və O, sünnətliləri imana əsasən, sünnətsizləri də imanları sayəsində saleh elan edəcək. 31  Onda elə çıxır ki, biz imanımızla Qanunu ləğv edirik? Əsla! Əksinə, biz Qanunu təsdiq edirik.

Haşiyələr