Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 2:1—29

2  Ey başqalarını mühakimə edən insan, kim olursan ol, sən üzrsüzsən. Başqasını mühakimə etməklə sən özünü məhkum edirsən, çünki bir tərəfdən mühakimə edirsən, digər tərəfdən də özün eyni işləri görürsən.  Biz isə yaxşı bilirik ki, Allah belə işlərlə məşğul olanlara hökm kəsəcək və Onun hökmü həqiqətə əsaslanır.  Ey insan, elə bilirsən ki, belə işlərlə məşğul olanları mühakimə edib, amma özün bu işləri görürsənsə, Allahın hökmündən qaça biləcəksən?  Yoxsa Onun xeyirxahlığının, təmkininin və səbrinin bolluğuna həqarətlə baxırsan? Məgər bilmirsən ki, Allahın xeyirxahlığı səni tövbəyə aparır?  Ancaq sən tərsliyinlə və tövbə etməyən ürəyinlə Allahın ədalətli hökmünün icra olunacağı qəzəb günü üçün başına qəzəb üstündən qəzəb yığırsan.  O, hər kəsə əməllərinə görə verəcək.  Mətanətlə yaxşı iş görüb şöhrət, hörmət və çürüməzliyə can atanlara əbədi həyat,  höcətkarlara, həqiqətə itaət etməyib haqsızlığa boyun əyənlərə isə hiddət və qəzəb nəsib olacaq.  Pislik edən hər kəsin: əvvəlcə yəhudinin, sonra yunanın payına əziyyət, ağrı-acı düşəcək. 10  Ancaq yaxşı işlər görən hər kəsə: əvvəlcə yəhudiyə, sonra yunana şöhrət, hörmət və sülh bəxş ediləcək. 11  Çünki Allah ayrı-seçkiliyi sevmir. 12  Misal üçün, günah işləyənlər Qanunun tabeliyində deyillərsə, Qanundan kənarda öləcəklər. Ancaq Qanunun tabeliyində olub günah işləyənlərin hamısı Qanun vasitəsilə məhkum ediləcəklər. 13  Çünki Allahın gözündə Qanunu dinləyənlər yox, ona əməl edənlər saleh elan ediləcəklər. 14  Çünki Qanundan kənarda olan digər millətlərə aid insanlar Qanunun tələblərinə sövqi-təbii əməl edəndə sanki Qanunun ürəklərində olduğunu göstərirlər, halbuki Qanundan kənardadırlar. 15  Bu adamların vicdanı onlarla bərabər şahidlik edir, onlar düşüncələrində özlərini ya ittiham edir, ya da özlərinə haqq qazandırırlar. Beləcə onlar göstərirlər ki, Qanunun mahiyyəti ürəklərində yazılıb. 16  Təbliğ etdiyim xoş xəbərə əsasən, bütün bunlar Allahın Hökm günündə baş verəcək. O gün Allah insanların gizli işlərini Məsih İsa vasitəsilə mühakimə edəcək. 17  Madam ki, sən özünü yəhudi adlandırır, Qanuna arxalanır, Allahla öyünür, 18  Onun iradəsini bilir və Qanundan təlim aldığın üçün nəyin üstün olduğunu ayırd etməyi bacarırsan; 19  sən korların bələdçisi, zülmətdə olanlar üçün çıraq olduğuna əminsən, 20  ağılsızlara tərbiyəçi və körpələrə müəllim olduğuna, Qanunda ifadə olunan biliyin və həqiqətin əsaslarına yiyələndiyinə inanırsan, 21  elə isə başqalarını öyrədə-öyrədə nə üçün özünü öyrətmirsən? «Oğurlama» deyə təbliğ edib niyə özün oğurluq edirsən? 22  «Zina etmə» deyə-deyə niyə zina edirsən? Bütlərə nifrət etdiyini deyib niyə məbədləri çapıb-talayırsan? 23  Qanunla öyünə-öyünə niyə Qanunu pozub Allahı hörmətdən salırsan? 24  Axı belə yazılıb: «Sizə görə başqa millətlər arasında Allahın adına küfr edilir». 25  Sünnətin ancaq o vaxt faydası olur ki, sən Qanuna əməl edəsən. Yox əgər Qanunu pozursansa, sənin sünnətin mənasını itirir. 26  Bəs onda sünnətsiz adam Qanunun saleh tələblərinə riayət edirsə, məgər onun sünnətsiz olması sünnətə bərabər olmur? 27  Sən, sünnətli adam, yazılı Qanun toplusuna sahib ola-ola Qanunu pozursansa, doğulandan sünnətsiz olan adam Qanuna riayət etməklə səni məhkum edir. 28  Çünki zahirən yəhudi olan əsil yəhudi deyil, eynilə də bədəndə edilmiş zahiri sünnət əsil sünnət deyildir. 29  Daxilən yəhudi olan əsil yəhudidir və onun sünnəti yazılı Qanun toplusu əsasında yox, müqəddəs ruhla qəlbdə edilmiş sünnətdir. Belə adam insanlardan yox, Allahdan tərif alacaq.

Haşiyələr