Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 16:1—27

16  Kenxreyadakı yığıncaqda xidmət edən bacımız Fibini sizə təqdim edirəm.  Onu Ağamız naminə müqəddəslərə yaraşan tərzdə qəbul edin, ehtiyac duyduğu hər bir işdə ondan köməyinizi əsirgəməyin, çünki o özü bir çoxlarına, o cümlədən mənə də arxa olmuşdur.  Məsih İsa yolunda mənə əməkdaş olan Priska və Akilaya salamlarımı çatdırın.  Onlar məndən ötrü canlarını təhlükə qarşısına qoymuşlar. Onlara təkcə mən yox, başqa millətlərin adamlarından ibarət bütün yığıncaqlar təşəkkür edirlər.  Onların evində toplaşan yığıncağı da salamlayın. Həmçinin Məsih üçün Asiyadan* nübar olan əzizim Epenetə salam deyin.  Sizin üçün çoxlu zəhmət çəkmiş Məryəmə salam söyləyin.  Qohumlarım və həbsxana yoldaşlarım olan Andronik və Yuniasa salamlarımı çatdırın. Onlar məndən də qabaq Məsihin yolundadırlar və həvarilərin yanında böyük hörmətləri var.  Ağamızın yolunda çox sevdiyim Ampliata məndən salam deyin.  Məsih yolunda əməkdaşımız Urbana və əzizim Stahisə də salam söyləyin. 10  Məsih yolunda yaxşı ad qazanmış Apellesi salamlayıram. Aristobulun ev əhlinə salamlarımı çatdırın. 11  Qohumum Hirodiona məndən salam deyin. Narkisin ev əhlindən Ağamızın yolunda olanları salamlayıram. 12  Ağamızın yolunda canla-başla çalışan Trifenanı və Trifosanı salamlayın. Ağamızın yolunda çox zəhmət çəkmiş əziz bacımız Persisi də salamlayın. 13  Ağamızın qiymətli xidmətçisi olan Rufu, həmçinin mənə də ana olan anasını salamlayın. 14  Asinkritə, Fleqona, Hermesə, Patrobasa, Hermasa və onlarla olan qardaşlara salamlarımı çatdırın. 15  Filoloqosla Yuliaya, Nereylə bacısına, Olimpasa və onlarla olan bütün müqəddəslərə salam söyləyin. 16  Bir-birinizi saf öpüşlə salamlayın. Məsihin bütün yığıncaqları sizə salam göndərirlər. 17  Qardaşlar, sizdən rica edirəm: aldığınız təlimə zidd gedərək aranıza nifaq salanlardan, həmçinin iman yolunda başqalarını büdrədənlərdən göz-qulaq olun və onlardan uzaq gəzin. 18  Belələri Ağamız Məsihin yox, öz nəfslərinin quludurlar. Onlar sadəlövh adamları şirin dillə və yaltaqlıqla yoldan çıxarırlar. 19  Sizin itaətiniz isə hamıya bəllidir. Buna görə də sizdən ötrü sevinirəm. Ancaq istəyirəm ki, yaxşı işlərlə əlaqədar hikmətli, pisliyə qarşı məsum olasınız. 20  Sülh mənbəyi olan Allah tezliklə Şeytanı ayaqlarınızın altında əzəcək. Ağamız İsanın lütfü sizə yar olsun. 21  Əməkdaşım Timotey, həmçinin qohumlarım Luki, Yason və Sosipater sizə salam göndərirlər. 22  Bu məktubu qələmə almış mən, Terti də Ağamızın yolunda olan sizləri salamlayıram. 23  Mənə və bütün yığıncağa qonaqpərvərlik göstərmiş Qay sizə salam deyir. Şəhərin xəzinədarı Erast və onun qardaşı Kvart da sizə salam göndərirlər. 24  * —— 25  Bəyan etdiyim xoş xəbərə və İsa Məsih haqqındakı təbliğə əsasən, həmçinin uzun müddət gizli qalmış, 26  ancaq indi imandan doğan itaət vüsət alsın deyə, əbədi Allahın əmri ilə açılmış və bütün millətlər arasında peyğəmbərlik yazıları ilə bəlli edilmiş müqəddəs sirrin vəhyinə əsasən sizi mətanətli etməyə qadir olan 27  yeganə hikmətli Allaha İsa Məsih vasitəsilə əbədiyyən eşq olsun! Amin.

Haşiyələr

Yunan Müqəddəs Yazılarında «Asiya vilayəti» ifadəsi altında Asiya qitəsi yox, Roma imperiyasının bir əyaləti nəzərdə tutulur. Həmin ərazidə hal–hazırda Türkiyə yerləşir
Ən qədim yunan əlyazmalarında 20-ci ayənin sonuna uyğun gələn «Ağamız İsanın lütfü sizə yar olsun. Amin» sözlərinə rast gəlinmir