Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 14:1—23

14  İmanı zəif olan adama mehribanlıq göstərin, daxili şübhələrindən ötrü onu mühakimə etməyin.  Kiminsə imanı hər şey yeməyə yol verir, imanı zəif olan isə ancaq tərəvəz yeyir.  Qoy hər şey yeyən adam yeməyənə yuxarıdan aşağı baxmasın və yeməyən də yeyən adamı mühakimə etməsin, çünki Allah onu qəbul edib.  Sən kimsən ki, başqasının nökərini mühakimə edirsən? Ağası özü bilər, nökəri önündə dursun və ya yıxılsın. O, ayaq üstə qalacaq, çünki Yehova onu ayaq üstə saxlamağa qadirdir.  Kimsə bir günü o birisindən vacib sayır, digəri üçün isə bütün günlər eynidir. Qoy hər kəs nəyə inandığının doğru olub-olmadığına əmin olsun.  Hər hansı bir günə üstünlük verən bunu Yehovadan ötrü edir. Həmçinin yeyən Yehovadan ötrü yeyir, çünki Ona şükür edir. Yeməyən də Yehovadan ötrü yemir, amma yenə də Ona şükür edir.  Əslində, heç birimiz yalnız özümüz üçün yaşamırıq və yalnız özümüz üçün ölmürük.  Axı yaşayırıqsa, Yehova üçün yaşayırıq, ölsək, Yehova üçün ölürük. Bəli, yaşasaq da, ölsək də Yehovaya məxsusuq.  Məsih də həm ölülərin, həm də dirilərin Ağası olmaq üçün öldü və sonra həyata qayıtdı. 10  Bəs sən niyə qardaşını mühakimə edirsən? Nəyə görə qardaşına yuxarıdan aşağı baxırsan? Axı biz hamımız Allahın məhkəmə kürsüsü qarşısında dayanacağıq, 11  necə ki, yazılıb: «Yehova belə deyir: “Varlığıma and içirəm ki, hər kəs qarşımda diz çökəcək, hər dil Allah olduğumu açıq-aşkar söyləyəcək”». 12  Beləliklə, hər kəs özünə görə Allahın qarşısında cavab verəcək. 13  Buna görə də gəlin indən belə bir-birimizi mühakimə etməyək. Əvəzində, qarşınıza məqsəd qoyun ki, heç bir qardaşı iman yolunda büdrədib yıxmayasınız. 14  Ağamız İsanın xidmətçisi kimi, bilirəm, həm də əminəm ki, öz-özlüyündə murdar heç nə yoxdur, əgər adam nəyi isə murdar hesab edirsə, həmin şey onun üçün murdardır. 15  Buna görə də əgər yeməyə görə qardaşının əhvalı pozulursa, sən artıq məhəbbətlə hərəkət etmirsən. Bir qarın yeməyə görə qardaşının imanını sarsıtma, axı bu qardaşına görə Məsih canını qurban verib. 16  Qoymayın ki, insanlar yaxşı işlərinizi pisləsinlər. 17  Çünki Allahın padşahlığı yemək-içmək yox, müqəddəs ruhdan hasil olan salehlik, sülh və sevinc deməkdir. 18  Kim Məsihə bu cür xidmət edirsə, Allahın da, insanların da rəğbətini qazanır. 19  Buna görə də gəlin sülhə aparan və ruhlandıran şeylərə can ataq. 20  Yeməkdən ötrü Allahın işini dağıtma! Düzdür, hər şey təmizdir, ancaq yemək büdrəməyə səbəb olursa, bu, yeyən üçün pisdir. 21  Qardaşını büdrətməkdənsə, yaxşısı odur, nə ət ye, nə şərab iç, nə də büdrəməyə səbəb olan başqa bir iş gör. 22  Belə məsələlərlə bağlı imanın qoy Allahla sənin aranda qalsın. Gördüyü işə görə özünü qınamayan insan necə də xoşbəxtdir. 23  Ancaq yeyərkən onun ürəyində şübhə varsa, o özünü məhkum edir, çünki imanla yemir. İmanla görülməyən hər bir iş isə günahdır.

Haşiyələr