Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Romalılara 1:1—32

1  İsa Məsihin qulu, həvari olmağa çağırılmış və Allahın xoş xəbərini təbliğ etməyə təyin olunmuş* Paveldən məktub.  Allahın qabaqcadan peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda vəd etdiyi bu xoş xəbər  Öz Oğlu haqqındadır. Oğul Davudun nəslindən dünyaya gəlsə də,  öləndən sonra Allah onu Öz qüdrətilə dirildib, müqəddəs ruh vasitəsilə Öz Oğlu elan etmişdir. (Bəli, bizə Ağamız İsa Məsih vasitəsilə  lütf göstərildi və həvarilik xidməti verildi ki, onun adına şərəf gətirmək üçün bütün millətlər iman gətirib ona itaət etsinlər.  Siz də İsa Məsihə məxsus olmaq üçün həmin millətlər arasından çağırılmısınız.)  Allahın müqəddəs olmaq üçün çağırılmış Romadakı bütün sevimli bəndələrinə: Atamız Allahdan və Ağamız İsa Məsihdən gələn lütf və sülh sizə yar olsun.  Əvvəla, hamınızdan ötrü Allahıma İsa Məsih vasitəsilə şükür edirəm, çünki bütün dünya sizin imanınız barədə danışır.  Oğul haqqındakı xoş xəbər uğrunda canla-başla çalışaraq ibadət etdiyim Allah bilir ki, dualarımda daima sizi yad edirəm 10  və diləyirəm ki, imkan tapıb Allahın izniylə nəhayət yanınıza gələ bilim. 11  Sizinlə görüşməyi ürəkdən arzulayıram və əzmli olmağınız üçün sizə bir ruhani ənam bəxş etmək istəyirəm ki, 12  hamımız: mən də, siz də bir-birimizin imanı vasitəsilə bir-birimizi ruhlandıraq. 13  Qardaşlar, istəyirəm biləsiniz: mən bir neçə dəfə yanınıza gəlməyə cəhd etmişəm ki, digər millətlərin arasında xidmətimin bəhrəsini gördüyümü kimi, sizin aranızda da bu bəhrədən dadım, ancaq hələlik maneələrlə rastlaşmışam. 14  Mənim həm yunanların, həm barbarların, həm müdriklərin, həm avamların qarşısında borcum var. 15  Bu səbəbdən Romada olan sizlərə də xoş xəbəri bəyan etməyi ürəkdən arzulayıram. 16  Mən xoş xəbəri bəyan etməkdən utanmıram. Çünki o, imanı olan hər kəsin, əvvəlcə yəhudinin, sonra yunanın xilasa yetişə bilməsi üçün Allahın əlində güclü bir vasitədir. 17  İmanı olanlar xoş xəbər vasitəsilə Allahın Öz salehliyini necə açdığını görürlər və beləcə, onların imanı güclənir, necə ki, yazılıb: «Saleh imanı sayəsində yaşayacaq». 18  Həqiqətin aşkar olmasına haqsız yollarla maneə törədən insanların bütün bəd əməllərinə və Allaha qarşı hörmətsizliklərinə görə göydən Allahın qəzəbi gəlir. 19  Allah haqqında nəyi bilmək olarsa, hamısı onların gözü önündədir, çünki Allah Özü bunu onlara açıb. 20  Onun gözəgörünməz keyfiyyətləri: əbədi qüdrəti və ilahiliyi dünya yaranandan bəri aydın görünür və yaradılmış şeylər vasitəsilə dərk edilir. Buna görə də onlara haqq qazandırmaq olmur. 21  Çünki Allahı tanıya-tanıya Onu layiqincə şərəfləndirmədilər və Ona şükür etmədilər, əksinə, onlar boş düşüncələrə qapıldılar və nadan ürəkləri zülmətə qərq oldu. 22  Müdrik olduqlarını iddia etsələr də, ağıllarını itirdilər 23  və ölməz Allahın əzəmətini fani insanın, quşların, dördayaqlı və sürünən heyvanların surətinə dəyişdilər. 24  Allah da onların ürəyindəki şəhvəti görüb, bədənlərini rüsvay etsinlər deyə, onları natəmizliyə təslim etdi. 25  Onlar Allahın həqiqətini yalana dəyişdilər, Yaradanı qoyub yaratdığı şeylərə səcdə qıldılar və ibadət etdilər. Yaradana əbədilik eşq olsun! Amin. 26  Elə buna görə də Allah onları iyrənc şəhvətə təslim etdi, onların qadınları təbii yaxınlığı qeyri-təbii əlaqə ilə əvəz etdilər; 27  kişilər də qadınlarla təbii yaxınlığı qoyub bir-birinə qarşı şəhvətlə qızışdılar; kişilər kişilərlə əxlaqsızlıq etdilər və bədənlərində günahlarına görə tamamilə layiqli cəza aldılar. 28  Allah haqqındakı dəqiq biliyə müvafiq yaşamaq istəmədiklərindən, ədəbsiz iş görsünlər deyə, Allah onları pozğun əqlə təslim etdi. 29  Onların içi hər cür əyriliklə, günahla, tamahkarlıqla, pisliklə doludur; onlar paxıllıq, qatillik, çəkişmə, hiylə, kin-küdurət, dedi-qodu ilə dolub-daşırlar; 30  onlar böhtançı, Allaha nifrət edən, həyasız, dikbaş, lovğa adamlardır, pisliyə fərasətlidirlər, valideynlərinin sözündən çıxan, 31  düşüncəsiz, sözünün ağası olmayan, doğmalarını sevməyən, rəhmsiz adamlardırlar. 32  Onlar yaxşı bilirlər ki, Allahın saleh qanununa görə, belə işlərlə məşğul olanlar ölümə layiqdirlər, amma buna baxmayaraq, nəinki özləri bu işlərdən əl çəkir, üstəlik bu işlərlə məşğul olanları alqışlayırlar.

Haşiyələr

Hərfən «xoş xəbəri üçün ayrılmış»