Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Qalatiyalılara 4:1—31

4  Varis hər şeyin ağası olsa da, nə qədər ki, uşaqdır, nökərlə onun arasında heç bir fərq yoxdur.  O, atasının qabaqcadan təyin etdiyi günədək qəyyumların və nökərbaşıların nəzarəti altında qalır.  Eynilə biz də uşaq olanda bu dünyanın prinsiplərinin əsarətində idik.  Ancaq vaxt tamam olanda Allah Oğlunu göndərdi. O, qadından doğuldu və Qanunun tabeliyinə düşdü ki,  Qanunun tabeliyində olanları satın alıb azad etsin və beləcə, biz oğulluğa götürülək.  Madam ki, siz Allahın oğullarısınız, Allah Öz Oğlunun: «Atacan*, Ata!», — deyən ruhunu bizim ürəyimizə göndərib.  Deməli, sən artıq nökər yox, oğulsan; əgər oğulsansa, onda Allahın sayəsində həm də varissən.  Bununla belə, siz Allahı tanımayanda saxta allahlara qulluq edirdiniz.  İndi Allahı tanıdığınız, daha doğrusu, Allahın sizi tanıdığı bir vaxtda, necə olur ki, aciz və puç prinsiplərə qayıdıb yenidən onların qulu olmaq istəyirsiniz? 10  Siz günləri, ayları, mövsümləri və illəri dəqiqliklə qeyd edirsiniz. 11  Qorxuram ki, sizin üstünüzdə çəkdiyim zəhmət hədər getsin. 12  Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, axı mən də bir vaxtlar sizin kimi idim. Sizin mənə heç bir pisliyiniz dəyməyib. 13  Ancaq siz bilirsiniz ki, mən ilk dəfə xoş xəbəri sizə xəstəliyim sayəsində çatdırmışam. 14  Xəstəliyim sizin üçün bir sınaq olsa da, siz mənə qarşı ikrah duymadınız, iyrənib mənə tüpürmədiniz. Siz məni Allahın bir mələyini və ya Məsih İsanı qəbul edən kimi qəbul etdiniz. 15  O xoşbəxtliyiniz indi haradadır? Mən əminəm, əgər mümkün olsaydı, siz ürəyinizi* də mənə verərdiniz. 16  Bəs indi nə oldu? Həqiqəti söylədiyim üçün sizə düşmən oldum? 17  Onlar pis niyyətlə canfəşanlıq edirlər ki, sizi öz tərəflərinə çəksinlər, əslində onların məqsədi sizi məndən ayırmaqdır. Onlar istəyirlər ki, siz onlardan yapışasınız. 18  Kiminsə sizə təmiz niyyətlə can yandırması, əlbəttə, yaxşıdır. Ancaq kaş, bu yalnız mən yanınızda olanda yox, həmişə olaydı. 19  Mənim balalarım, Məsih qəlbinizdə formalaşana qədər mən sizə görə yenidən doğuş sancıları çəkəcəyəm. 20  Kaş ki, indi yanınızda olaydım və başqa cür danışaydım, çünki sizə nə olduğunu anlamıram. 21  Ay Qanunun tabeliyində olmaq istəyənlər, məgər Qanunun nə dediyini eşitmirsiniz? 22  Axı yazılıb ki, İbrahimin iki oğlu oldu: biri qulluqçudan, o birisi azad qadından. 23  Qulluqçunun oğlu adi şəkildə doğuldu, azad qadının oğlu isə vədə görə dünyaya gəldi. 24  Bütün bunlar rəmzi məna daşıyır, çünki bu qadınlar iki əhdi təmsil edir: biri Sina dağında bağlanmış əhddir, onun uşaqları köləlik üçün doğulurlar. Bu qadın Həcərdir. 25  Həcər Ərəbistanda yerləşən bir dağı, Sina dağını bildirir və bugünkü Yerusəlimə müvafiqdir, çünki o, öz uşaqları ilə köləlikdədir. 26  Səmavi Yerusəlim isə azaddır və o, bizim anamızdır. 27  Müqəddəs Yazılarda belə deyilir: «Ey dünyaya övlad gətirməmiş sonsuz qadın, sevin. Ey doğuş ağrısı çəkməmiş qadın, sevincindən qışqır, haray sal! Çünki atılmış qadının övladları ərli qadının övladlarından çoxdur». 28  Qardaşlar, İshaq kimi biz də vədə görə doğulan övladlarıq. 29  Ancaq necə ki, o vaxt adi şəkildə doğulmuş oğul ruhun rəhbərliyi ilə doğulmuş oğulu təqib edirdi, indi də belədir. 30  Bəs Müqəddəs Yazılar nə deyir? «Bu qulluqçunu və onun oğlunu qov, çünki qulluqçunun oğlu azad qadının oğlu ilə birlikdə əsla varis ola bilməz». 31  Buna görə də qardaşlar, biz qulluqçunun yox, azad qadının övladlarıyıq.

Haşiyələr

Hərfən «Abba». Arami dilində ataya qarşı işlədilən nəvazişli, eyni zamanda hörmətcil müraciət forması
Hərfən «gözünüzü qoparıb»