Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Qalatiyalılara 3:1—29

3  Ey düşüncəsiz qalatiyalılar! Kim sizi yoldan çıxartdı? Axı siz dirəyə mıxlanmış İsa Məsihi sanki öz gözlərinizlə görmüşdünüz!  Bircə şeyi bilmək istəyirəm: siz müqəddəs ruhu Qanunun tələblərini icra etməklə, yoxsa eşitdiklərinizə iman etməklə aldınız?  Yəni siz bu dərəcədə düşüncəsizsiniz?! Ruhun rəhbərliyi ilə başladığınızı cismani tərzdə bitirirsiniz?  Məgər bu qədər əziyyəti boş yerə çəkmisiniz? Ola bilməz!  Müqəddəs ruhu almağınıza imkan yaradan və aranızda qüdrətli işlər görən bunları Qanunun tələblərini icra etməklə, yoxsa eşitdiklərinə iman gətirməklə edir?  Necə ki, İbrahim «Yehovaya iman etdi və Allah onu saleh saydı».  Siz yaxşı bilirsiniz ki, iman yolunda yeriyənlər İbrahimin oğullarıdır.  Müqəddəs Yazılar başqa millətlərdən olanların iman edib Allah tərəfindən saleh sayılacağını qabaqcadan göstərərək İbrahimə bu xoş xəbəri bəyan etmişdi: «Bütün xalqlar sənin vasitənlə xeyir-dua alacaq».  Buna görə iman yolunda yeriyənlər də sadiq İbrahim kimi xeyir-dua alırlar. 10  Qanunun tələblərini icra etdiklərinə güvənənlərin hamısı lənətlənəcək, çünki yazılıb: «Qanun kitabında yazılan bütün sözlərə daima riayət etməyənə lənət olsun». 11  Bundan əlavə, Allahın gözündə heç kəsin Qanun vasitəsilə saleh elan edilməyəcəyi tamamilə aydındır, çünki «saleh adam imanı sayəsində yaşayacaq». 12  Qanun imandan asılı deyil, ancaq «əmrlərə əməl edən onların sayəsində yaşayacaq». 13  Məsih bizi satın alıb Qanunun lənətindən azad etdi. O özü bizim əvəzimizə lənətləndi, çünki yazılıb: «Dirəkdən asılan adama lənət olsun». 14  Bütün bunlar bir məqsədə xidmət edir: İbrahimə verilən xeyir-dua İsa Məsih vasitəsilə millətlərə çatsın və biz vəd edilmiş ruhu imanımız vasitəsilə ala bilək. 15  Qardaşlar, sizə bir misal çəkim: hətta insan tərəfindən bağlanan müqavilə qüvvəyə minəndən sonra onu heç kəs pozmur və ya ona əlavələr edilmir. 16  Vədlər İbrahimə və onun nəslindən olan övlada* verildi. Müqəddəs Yazılarda çox adamdan söhbət gedirmiş kimi «nəslindən olan övladlara» deyilmir. Xeyr, Müqəddəs Yazılar bir adamı nəzərdə tutaraq, «nəslindən olan övlada» deyir. Bu övlad da Məsihdir. 17  Bunu da deyim ki, Allahın qabaqcadan təsdiqlədiyi əhdi dörd yüz otuz il sonra verilmiş Qanun qüvvədən salmır, vədi ləğv etmir. 18  Çünki miras Qanuna görə verilirsə, bu artıq vədə görə deyil, halbuki Allah mirası İbrahimə vədə görə bəxş etmişdi. 19  Bəs onda Qanun nə üçündür? Qanun vədi almış övlad gələnə kimi günahları aşkar etmək üçün əlavə edildi. O, mələklər vasitəsilə, vasitəçinin əli ilə nazil edildi. 20  Amma bir tərəf olan yerdə vasitəçiyə ehtiyac qalmır, Allah isə təkdir. 21  Belə çıxır ki, Qanun Allahın vədlərinə ziddir? Əsla yox! Çünki həyat bəxş etməyə qadir olan bir qanun verilsəydi, onda salehliyə Qanun vasitəsilə yetişmək olardı. 22  Ancaq Müqəddəs Yazılar hamını günahın dustağı edib ki, İsa Məsihə iman edənlər bu imandan doğan vədi ala bilsinlər. 23  Lakin iman gəlməzdən əvvəl biz Qanunun keşiyi altında idik, günahın dustağı idik və zühur edəcək imanın intizarını çəkirdik. 24  Beləliklə, biz iman sayəsində saleh elan edilək deyə, Qanun bizi Məsihə aparan tərbiyəçi oldu. 25  Ancaq indi, iman gələndən sonra biz daha tərbiyəçiyə tabe olmuruq. 26  Siz hamınız Məsih İsaya iman etdiyiniz üçün Allahın oğullarısınız.  27  Məsihlə vəhdətdə olmaq üçün vəftiz edilən sizlər Məsihin keyfiyyətlərinə bürünmüsünüz. 28  Artıq hamınız Məsih İsa ilə vəhdətdə bir şəxs olduğunuz üçün aranızda nə yəhudi, nə yunan, nə qul, nə azad, nə kişi, nə də qadın var. 29  Madam ki, Məsihə məxsussunuz, onda, həqiqətən, İbrahimin övladlarısınız və vədə görə varissiniz.

Haşiyələr

Hərfən «toxumuna». Yunan mətnindəki söz tək halda işlənsə də, toplu isim kimi də işlənə bilər. Yaradılış 3:15 bax