Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 9:1—43

9  Şaul hələ də Ağamızın şagirdlərini təqib edir və onları öldürmək məqsədi güdürdü. O, baş kahinin yanına gedib  xahiş etdi ki, Dəməşq şəhərindəki sinaqoqlara məktub yazsın. Şaul bu Yola* mənsub olan hər kəsi — kişiləri, qadınları həbs edib Yerusəlimə gətirmək niyyətində idi.  Yol ilə gedərkən, Dəməşqə çataçatda qəflətən göydən bir işıq onun ətrafına nur saçdı.  Şaul yerə yıxıldı və bir səs eşitdi. O səs deyirdi: «Şaul, Şaul, məni niyə təqib edirsən?»  O dedi: «Ağa, sən kimsən?» Səs cavab verdi: «Mən sənin təqib etdiyin İsayam.  Dur, şəhərə get, nə etmək lazım olduğu orada sənə deyiləcək».  Şaulla olan adamlar donub qalmışdılar, onlar bir səs eşidir, amma heç kəsi görmürdülər.  Şaul ayağa qalxdı, gözləri açıq olsa da, heç nə görmürdü. Buna görə də onun əlindən tutub Dəməşqə gətirdilər.  Düz üç gün onun gözləri kor qaldı. O, nə yedi, nə içdi. 10  Dəməşqdə Hananya adında bir şagird yaşayırdı. Ağa ona xəyalda görünüb çağırdı: «Hananya!» O hay verdi: «Bəli, Ağa». 11  Ağa ona dedi: «Dur, Düz adlanan küçəyə get, Yəhudanın evində tarslı Şaul adında adamı tap. O, indi dua edir 12  və xəyalda görüb ki, Hananya adında bir adam yanına gəldi və gözlərini açmaq üçün əllərini onun üzərinə qoydu». 13  Hananya cavab verdi: «Ağa, mən çoxlarından eşitmişəm ki, o, sənin Yerusəlimdəki müqəddəs xidmətçilərinə zülmlər edib. 14  Burada da sənin adını çağıran hər kəsi həbs etmək üçün böyük kahinlərdən ixtiyar alıb». 15  Ancaq Ağa ona dedi: «Get, çünki bu adam adımı millətlərə, o cümlədən hökmdarlara və İsrail oğullarına bildirmək üçün seçdiyim alətdir. 16  Adım uğrunda nələr çəkəcəyini ona göstərəcəyəm». 17  Hananya getdi. O, həmin evə girib əllərini Şaulun üzərinə qoydu və dedi: «Şaul, qardaş, bura gələrkən yolda sənə görünən Ağamız İsa məni sənin yanına göndərdi ki, gözlərin açılsın və müqəddəs ruhla dolasan». 18  O andaca Şaulun gözlərindən pulcuqlara oxşayan bir şey töküldü və gözləri açıldı. O durub vəftiz olundu, 19  yemək yeyib qüvvətləndi. Şaul bir neçə gün Dəməşqdə, şagirdlərin yanında qaldı 20  və vaxt itirmədən sinaqoqlarda İsa haqqında şəhadət verərək, onun Allahın Oğlu olduğunu təbliğ etməyə başladı. 21  Onu eşidənlərin hamısı çaş-baş qalıb deyirdi: «Məgər bu adam Yerusəlimdə İsanın adını çağıranlara göz verib, işıq verməyən adam deyil? Buraya da onları tutub böyük kahinlərin yanına aparmaq üçün gəlməyib?» 22  Şaul isə get-gedə daha da güclənir, İsanın Məsih olduğunu məntiqli surətdə sübut etməklə Dəməşq yəhudilərini məəttəl qoyurdu. 23  Aradan xeyli gün keçdi. Yəhudilər onu öldürmək üçün sui-qəsd hazırladılar. 24  Lakin bu xəbər Şaulun qulağına çatdı. Onlar Şaulu öldürmək üçün gecə-gündüz şəhər qapılarını pusurdular. 25  Onda Şaulun şagirdləri onu gecə ikən səbətin içində şəhər divarındakı pəncərədən aşağı endirdilər. 26  Yerusəlimə gələndə Şaul şagirdlərə qoşulmağa çalışdı, amma hamı ondan qorxurdu, çünki onun şagird olduğuna inana bilmirdilər. 27  Barnaba onun köməyinə gəldi. O, Şaulu həvarilərin yanına gətirib onun yolda Ağamızı necə gördüyünü, Ağanın onunla danışdığını, sonra Dəməşqdə İsanın adı haqqında cəsarətlə təbliğ etdiyini onlara ətraflı danışdı. 28  Beləliklə, Şaul şagirdlərlə qaldı. O, Yerusəlimdə gündəlik işləri ilə məşğul olur, Ağanın adı haqqında cəsarətlə danışır, 29  yunandilli yəhudilərlə söhbət və mübahisə edirdi. Onlar isə Şaulu öldürməyə çalışırdılar. 30  Qardaşlar bundan xəbər tutanda, onu Qeysəriyyəyə gətirib oradan Tarsa yola saldılar. 31  Bundan sonra bütün Yəhudeya, Qalileya və Samariyadakı yığıncaq üçün əmin-amanlıq dövrü başlandı. Yığıncaq möhkəmlənir, Yehova Allahın qorxusu və müqəddəs ruhun təsəllisi ilə yaşayaraq böyüyürdü. 32  Peter ətraf yerləri gəzə-gəzə Lidda şəhərində yaşayan müqəddəslərin yanına gəldi. 33  Orada səkkiz il idi ki, iflic olub yataqdan qalxmayan Eneya adlı bir xəstə gördü. 34  Peter ona dedi: «Eneya, İsa Məsih sənə şəfa verir. Dur, yorğan-döşəyini də yığ». O, dərhal ayağa durdu. 35  Lidda şəhərinin və Şaron düzünün bütün sakinləri onu görəndə Ağamıza iman gətirdi. 36  Yaffa şəhərində Tabita* adında bir şagird var idi. (Tabita «ceyran» deməkdir.) Bu qadın çox xeyirxah idi və kasıblara həmişə əl tuturdu. 37  O günlərdə Ceyran xəstələndi və öldü. Onu yuyub üst mərtəbədə bir otağa qoydular. 38  Lidda Yaffa şəhərinə yaxın idi. Şagirdlər Peterin orada olduğunu eşidəndə iki adam göndərib dedilər: «Xahiş edirik, tez yanımıza gəl». 39  Peter durub onlarla getdi. Oraya gələndə onu üst mərtəbədəki otağa apardılar. Bütün dul qadınlar ağlaşa-ağlaşa Peterin yanına gəldilər, Ceyranın sağ ikən tikdiyi paltarları ona göstərdilər. 40  Peter hamını otaqdan çıxartdı, diz üstə çöküb dua etdi, sonra ölüyə üz tutub dedi: «Tabita, qalx!» Qadın gözlərini açdı və Peteri görəndə durub oturdu. 41  Peter onun əlindən tutub ayağa qaldırdı, sonra qardaşları və dul qadınları çağırdı və dirilmiş Ceyranı onların qabağına çıxartdı. 42  Bu xəbər bütün Yaffaya yayıldı və bir çoxları Ağamıza iman gətirdi. 43  Peter bir müddət Yaffada dabbağ Şimonun evində qaldı.

Haşiyələr

«Yol» deyiləndə məsihçi həyat tərzi və ya təlimləri nəzərdə tutulur
Bu qadının arami adı Tabita, yunan adı isə Dorka idi