Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 5:1—42

5  Lakin Hananya adında bir adam, arvadı Sapfira ilə birgə mülkünü satıb  pulun bir qismini gizlətdi; bundan arvadının da xəbəri var idi. Pulun qalan hissəsini gətirib həvarilərin qabağına qoydu.  Amma Peter ona dedi: «Hananya! Necə oldu ki, sən Şeytana uyub müqəddəs ruha yalan danışdın və tarlanın pulunun bir hissəsini gizlətdin?  Məgər satdığın torpaq əvvəl səninki deyildi? Yaxud satışdan aldığın pul sənin ixtiyarında deyildi? Bəs nə üçün ürəyində belə niyyət tutdun? Sən insanlara yox, Allaha yalan söylədin».  Hananya bu sözləri eşidən kimi yıxılıb öldü. Bundan xəbər tutan hər kəs bərk qorxuya düşdü.  Cavanlar qalxıb onu kəfənlədilər və aparıb basdırdılar.  Təxminən üç saatdan sonra Hananyanın arvadı gəldi. Onun bu hadisədən xəbəri yox idi.  Peter ondan soruşdu: «De görüm, tarlanı bu qiymətə satmısınız?» O cavab verdi: «Bəli».  Onda Peter ona dedi: «Siz niyə Yehovanın ruhunu sınamaq üçün sözləşmisiniz? Bax, ərini dəfn edənlər qapıda durublar, indi səni də aparıb basdıracaqlar». 10  Qadın həmin andaca Peterin ayaqları önündə yıxılıb öldü. Cavanlar içəri girəndə gördülər ki, qadın ölüb və onu aparıb ərinin yanında dəfn etdilər. 11  Bütün yığıncaq əhli və bu haqda eşidənlər bərk qorxuya düşdü. 12  Bundan əlavə, xalq arasında həvarilərin əli ilə çoxlu əlamət və möcüzə göstərilirdi. Onlar birlikdə Süleyman eyvanı adlanan yerə yığışırdılar. 13  Xalq onları tərifləyirdi, amma bəzilərinin onlara qoşulmağa cəsarəti çatmırdı. 14  Bununla belə, çoxlu sayda kişi və qadın Ağamıza iman gətirib onlara qoşulurdu. 15  Camaat xəstələrini yorğan-döşəkdəcə çıxardıb baş küçələrdə qoyurdu ki, Peter keçəndə heç olmasa kölgəsi onlardan birinin üzərinə düşsün. 16  Hətta ətraf şəhərlərdən də adamlar Yerusəlimə axışır, xəstələrini və murdar cinlərin incitdiyi adamları gətirirdilər. Onların hamısı sağalırdı. 17  Lakin baş kahin, ətrafındakılar (o vaxt mövcud olan sadukey təriqətinin üzvləri) paxıllıqdan yana-yana ayağa qalxdılar və 18  həvariləri tutub zindana atdılar. 19  Lakin gecə Yehovanın mələyi zindanın qapılarını açdı və onları çölə çıxarıb dedi: 20  «Gedin, məbəddə durub bu həyatla bağlı hər şeyi xalqa danışın». 21  Bu sözlərdən sonra həvarilər sübh tezdən məbədə gəlib Allahın kəlamını öyrətməyə başladılar. Baş kahin və onun ətrafındakılar gələndə Sinedrion üzvlərini və bütün İsrailin ağsaqqallar məclisini yığdılar, sonra həvariləri gətirtmək üçün zindana adam yolladılar. 22  Lakin keşikçilər zindana gələndə həvariləri orada tapmadılar və geri dönüb bu haqda belə məlumat verdilər: 23  «Biz gələndə zindanın qapıları bərk-bərk bağlı idi, gözətçilər də yerlərində durmuşdular, lakin qapıları açdıqda içəridə heç kimi tapmadıq». 24  Məbədin rəisi və böyük kahinlər bu sözləri eşidəndə çaş-baş qaldılar. Onlar bu işin nə ilə qurtaracağını bilmirdilər. 25  Bir nəfər gəlib onlara xəbər verdi: «Odur ha, zindana saldığınız adamlar məbəddə durub camaatı öyrədirlər». 26  Onda məbədin rəisi və keşikçilər gedib həvariləri gətirdilər, amma onlara qarşı zor işlətmədilər; onlar qorxurdular ki, xalq onları daşa basar. 27  Həvariləri gətirib Sinedrion zalına saldılar. Baş kahin onları sorğu-suala tutub 28  dedi: «Məgər bu adamın adı ilə təlim verməyi sizə qəti qadağan etməmişdik? Siz isə öz təliminizi bütün Yerusəlimə yaymısınız və bu adamın qanını bizim boynumuza yıxmaq istəyirsiniz». 29  Peter və o biri həvarilər cavab verib dedilər: «Biz ilk növbədə hökmdarımız Allaha itaət etməliyik, insanlara yox. 30  Dirəkdən* asıb öldürdüyünüz İsanı dədə-babalarımızın Allahı diriltdi. 31  Allah onu Öndər və Xilaskar kimi yüksəldib Öz sağında oturtdu ki, İsrail tövbə etsin və günahları bağışlansın. 32  Buna biz və Hökmdarımız Allahın Ona itaət edənlərə verdiyi müqəddəs ruh şahiddir». 33  Bu sözləri eşidəndə onlar bərk qəzəblənib özlərindən çıxdılar və həvariləri öldürmək istədilər. 34  Lakin bütün xalqın hörmətini qazanmış, Qanun müəllimi Qamaliel adlı bir fərisey Sinedrionun önündə ayağa qalxıb həvariləri müvəqqəti bayıra çıxartdırdı. 35  Oradakılara isə belə dedi: «Ey İsrail oğulları! Bu adamlara nə etmək istədiyinizi yaxşı-yaxşı düşünün. 36  Misal üçün bu yaxınlarda Tevda adlı birisi iddia edirdi ki, guya böyük bir adamdır və təqribən dörd yüz nəfər də ona qoşulmuşdu. Onu öldürdülər, adamları da pərən-pərən oldu. 37  Ondan sonra siyahıya alınma günlərində qalileyalı Yəhuda ortaya çıxıb ardınca xeyli adam apardı. Ancaq o da öldü və ardıcılları dağılışıb hərəsi bir yana getdi. 38  Odur ki, sizə deyirəm: bu adamlara dəyməyin, onlardan əl çəkin, çünki bu işin və ya niyyətin arxasında insan durubsa, o baş tutmayacaq; 39  yox əgər Allah durubsa, siz onu dağıda bilməyəcəksiniz. Elə olmasın ki, Allahla savaşanların halına düşəsiniz». 40  Onlar Qamalielin sözünə qulaq asdılar. Həvariləri çağırıb qamçıladılar və bir də İsanın adı ilə danışmamağı əmr edib buraxdılar. 41  Həvarilər isə İsanın adı naminə təhqirə layiq görüldüklərinə görə Sinedriondan sevinə-sevinə çıxdılar. 42  Onlar hər gün məbəddə və evdən-evə Məsih İsa haqqında xoş xəbəri durmadan bəyan edir, insanlara öyrədirdilər.

Haşiyələr

Yaxud «ağacdan»