Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 27:1—44

27  Fest bizi gəmi ilə İtaliyaya yola salmaq qərarına gəldi. Paveli və bir neçə başqa dustağı imperatorun hərbi dəstəsindən olan Yuli adında bir yüzbaşıya təhkim etdilər.  Biz Adramitdə Asiya vilayətinin limanlarına üzən bir gəmiyə minib yola düşdük. Salonikidən gəlmiş makedoniyalı Aristarx da bizimlə idi.  Ertəsi gün Sidona çatdıq. Yüzbaşı Yuli Pavelə xeyirxahlıq göstərdi, ona izin verdi ki, dostlarının yanına gedib bir az dincəlsin.  Biz oradan dənizə çıxdıq və külək qarşıdan əsdiyi üçün Kiprin daldası ilə üzdük.  Biz açıq dənizə çıxıb üzə-üzə Kilikiya ilə Pamfiliyanı ötüb keçdik, gəlib Likiyanın Mira şəhərindəki limana girdik.  Yüzbaşı orada İskəndəriyyədən İtaliyaya üzən bir gəmi tapıb bizi ona mindirdi.  Yavaş-yavaş üzərək xeyli vaxtdan sonra birtəhər gəlib Knidə çatdıq. Qarşıdan əsən külək imkan vermədiyi üçün, biz Salmonidən aşağı düşüb Krit adasının daldası ilə üzdük.  Sahil boyu güc-bəla ilə üzərək Laseya şəhərinin yaxınlığındakı Yaxşı Limanlar adlanan yerə gəlib çıxdıq.  Xeyli vaxt keçdi, dənizə çıxmaq təhlükəli idi, çünki artıq payız orucu* da ötüb keçmişdi. Onda Pavel onları xəbərdar etdi: 10  «Belə görürəm ki, bu səyahət təkcə gəmi ilə yük üçün deyil, özümüz üçün də böyük fəlakətlə nəticələnəcək». 11  Ancaq yüzbaşı Pavelə yox, gəminin sahibinə və kapitana qulaq asdı. 12  O liman qışlamaq üçün əlverişli olmadığından, əksəriyyət oradan çıxıb, birtəhər Krit adasının Feniks limanına üzməyi və qışı orada keçirməyi məsləhət bildi. Feniks limanı şimal-şərqə və cənub-şərqə açılır. 13  Xəfif cənub küləyi əsəndə onlara elə gəldi ki, niyyətləri baş tutmaq üzrədir. Onlar lövbəri qaldırıb Krit sahili boyunca üzməyə başladılar. 14  Lakin çox keçmədən Evrakilon adlanan şiddətli külək qalxdı. 15  Külək elə güclü idi ki, gəmi irəli üzə bilmədi. Biz müqavimət göstərməyin əbəs olduğunu görüb təslim olduq. Külək gəmini oyana-buyana aparırdı. 16  Biz Kavda adlanan kiçik bir adanın daldası ilə üzəndə gəminin arxasındakı qayığı güc-bəla ilə tutduq. 17  Onu göyərtəyə qaldırandan sonra gəmini bərkitmək üçün alt hissəsini kəndirlə sarıdılar. Sirt körfəzinin qumluq yerlərində saya oturmaq təhlükəsi olduğundan gəmi ləvazimatını aşağı endirdilər. Külək bizi beləcə aparırdı. 18  Fırtına gəmini atıb-tuturdu, ona görə də səhərisi gün gəmini yüngülləşdirməyə başladılar, 19  üçüncü gün isə gəminin qalan ləvazimatını öz əlləri ilə suya atdılar. 20  Artıq neçə gün idi ki, göydə nə günəş, nə ulduz görünür, fırtına dayanmaq bilmirdi. Buna görə də xilas olunmağa heç bir ümid qalmamışdı. 21  Gəmidəkilər neçə vaxt idi ki, heç nə yeməmişdilər. Onda Pavel ayağa qalxıb dedi: «Mənə qulaq asıb Kritdən dənizə çıxmasaydınız, bu boyda ziyan və itki olmazdı. 22  Daha keçib, indi qorxmayın, gəmi məhv olsa da, heç bir insan tələfatı olmayacaq. 23  Çünki qulu olduğum və ibadət etdiyim Allahımın mələyi bu gecə qarşımda durub mənə 24  dedi: “Pavel, qorxma. Sən sezarın hüzurunda durmalısan. Allah yol yoldaşlarını da sənə bağışladı”. 25  Buna görə də ruhdan düşməyin. Mən Allahıma etibar edirəm, bilirəm ki, hər şey belə də olacaq. 26  Ancaq gəmi bir adanın yanında qəzaya uğramalıdır». 27  On dördüncü gecə idi. Külək bizi Adriya* dənizində ora-bura aparırdı. Gecə yarısı dənizçilər quruya yaxınlaşdığımızı hiss etdilər. 28  Onlar suyun dərinliyini ölçdülər və gördülər ki, iyirmi sajındır*. Bir az irəli gedəndən sonra təzədən ölçdülər, bu dəfə on beş sajın oldu. 29  Dənizçilər gəminin sualtı qayalara dəyəcəyindən qorxub gəminin arxa tərəfindən dörd lövbər atdılar və səbirsizliklə səhərin açılmasını gözləməyə başladılar. 30  Onlar gəminin burnundan lövbər atmaq bəhanəsi ilə, qaçmaq üçün qayığı suya endirmək istəyəndə 31  Pavel yüzbaşıya və əsgərlərə dedi: «Bu adamlar gəmidə qalmasalar, siz xilas ola bilməyəcəksiniz». 32  Əsgərlər kəndirləri kəsib qayığı suya buraxdılar. 33  Səhər ertədən Pavel hamını çörək yemək üçün dilə tutub dedi: «Bu gün on dördüncü gündür ki, intizardasınız və ağzınıza heç nə vurmursunuz, acından lap üzülmüsünüz. 34  Xahiş edirəm, bir şey yeyin, bu sizin xilasınız üçün vacibdir. Arxayın olun, başınızdan bir tük belə əskik olmayacaq». 35  Bu sözlərdən sonra o, bir çörək götürüb hamının qarşısında Allaha şükür etdi, çörəyi bölüb yeməyə başladı. 36  Onların hamısı toxtayıb yeməyə başladılar. 37  Gəmidə iki yüz yetmiş altı adam* var idi. 38  Yeyib-doyandan sonra onlar gəmini yüngülləşdirmək üçün buğdanı dənizə atmağa başladılar. 39  Nəhayət, hava işıqlananda onlar qumlu sahili olan bir buxta gördülər, lakin onu tanımadılar. Onlar imkan daxilində sahilə yan almaq istədilər. 40  Lövbərləri kəsib dənizə atdılar. Eyni zamanda, sükan avarlarının iplərini açdılar, sonra qabaq yelkəni qaldırıb küləyin səmti ilə sahilə üz tutdular. 41  Gəmi dalğaların hər iki tərəfdən çırpındığı dayazlıqda saya oturdu. Gəminin burun hissəsi quma batdığından tərpənməz qaldı, arxa hissəsi isə dalğaların zərbəsindən dağılmağa başladı. 42  Onda əsgərlər dustaqları öldürmək qərarına gəldilər ki, heç kim üzüb qaçmasın. 43  Amma yüzbaşı Paveli xilas etmək istədiyi üçün buna yol vermədi. O əmr etdi ki, əvvəlcə üzməyi bacaranlar suya atılsınlar, 44  sonra da qalanları atılsın, taxta və yaxud gəmidə olan şeylərin üstündə üzüb quruya çıxsın. Beləliklə, hamı sağ-salamat sahilə çatdı.

Haşiyələr

Yaxud «kəffarə günü orucu»
Qədimdə Adriya dənizi deyildikdə indiki Adriatik və İoni dənizləri, həmçinin Aralıq dənizinin Siciliya ilə Krit arasında qalan hissəsi nəzərdə tutulurdu
Bir sajın təxminən 1,8 m bərabər idi
Hərfən «can»