Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 26:1—32

26  Aqrippa Pavelə dedi: «Buyur, özünü müdafiə edə bilərsən». Pavel əlini uzadıb sözə başladı:  «Padşah Aqrippa! Özümü xoşbəxt sanıram ki, yəhudilərin mənə qarşı sürdükləri bütün ittihamlara cavab olaraq, bu gün özümü məhz sənin qarşında müdafiə edirəm.  Ələlxüsus ona görə ki, sən yəhudilərin bütün adətlərinə və mübahisələrinə yaxşı bələdsən. Buna görə də məni səbirlə dinləməyini rica edirəm.  Cavanlığımdan bəri xalqımın arasında və Yerusəlimdə necə yaşadığım hamıya bəllidir.  Məni çoxdan tanıyan bütün yəhudilər bilirlər və istəsələr, lap təsdiq də edə bilərlər ki, mən dinimizin ən tələbkar məzhəbinə müvafiq olaraq fərisey həyatı sürmüşəm.  İndi isə, Allahın bizim dədə-babalarımıza verdiyi vədə ümid etdiyim üçün məhkəmə qarşısında durmuşam.  Bizim on iki qəbiləmiz bu vədin yerinə yetməsini gözləyərək gecə-gündüz cidd-cəhdlə ibadət edir. Məni isə, ey padşah, yəhudilər bu ümidə görə ittiham edirlər.  Axı nə üçün Allahın ölüləri diriltməsi bəzilərinizə inanılmaz görünür?  Doğrusu, mən özüm də elə düşünürdüm ki, nazaretli İsanın adına qarşı mübarizə aparmalıyam 10  və Yerusəlimdə məhz bununla məşğul idim. Böyük kahinlərin mənə verdiyi səlahiyyət sayəsində İsanın davamçılarından* bir çoxlarını həbsxanalara atır, onların edamını dəstəkləyirdim. 11  Mən dönə-dönə sinaqoqları gəzir, onları cəzalandırır və əqidələrindən döndərməyə çalışırdım. Bu adamları hətta başqa şəhərlərdə də təqib edir, onlara olmazın zülm göstərirdim. 12  Xülasə, başım bu işlərə bərk qarışmışdı. Bir gün böyük kahinlərdən aldığım səlahiyyət və ixtiyarla Dəməşqə gedirdim. 13  Ey padşah! Yolda ikən, günorta vaxtı göydən günəş nurundan da parlaq bir işıq gəldi, mənim və yol yoldaşlarımın ətrafını işıqlandırdı. 14  Biz hamımız yerə yıxıldıq və bu zaman mən ibranicə danışan bir səs eşitdim. Səs mənə deyirdi: “Şaul, Şaul, niyə məni təqib edirsən? Çomağa qarşı təpik atmaqla özünə pislik edirsən”. 15  Onda mən soruşdum: “Ağa, sən kimsən?” O, mənə cavab verdi: “Mən sənin təqib etdiyin İsayam. 16  Ayağa qalx. Mən sənə ona görə göründüm ki, səni özümə xidmətçi seçim. Sən mənimlə əlaqədar gözünlə gördüyün və sənə göstərəcəyim şeylər barəsində şahidlik edəcəksən. 17  Mən səni həm bu xalqdan, həm yanına göndərəcəyim xalqlardan qoruyacağam. 18  Səni göndərirəm, get, onların gözünü aç, onları zülmətdən işığa, Şeytanın hakimiyyətindən Allaha döndər. Qoy mənə olan inamları sayəsində günahları bağışlansın və onlar müqəddəslərin sırasında miras alsınlar”. 19  Padşah Aqrippa! Mən göydən gələn bu xəyala itaət etməyə bilməzdim. 20  Buna görə də əvvəlcə Dəməşq, Yerusəlim, bütün Yəhudeya əhalisinə, sonra digər millətlərə tövbə* və tövbəni göstərən işlər görməklə Allaha dönmək xəbərini çatdırmağa başladım. 21  Bunun üstündə yəhudilər məni məbəddə tutdular və öldürməyə cəhd göstərdilər. 22  Bununla belə, mən Allahdan aldığım kömək sayəsində bu günədək böyükdən tutmuş kiçiyədək hamıya şəhadət verirəm. Özü də Peyğəmbərlərin və Musanın kitablarında yazılmış şeylərdən savayı başqa bir şey danışmıram. 23  Orada Məsihin əziyyət çəkəcəyi, öləcəyi və dirilən ilk adam olaraq həm bu xalqa, həm digər millətlərə nur təbliğ edəcəyi yazılıb». 24  Pavel bu yerə çatanda Fest ucadan dedi: «Pavel, deyəsən ağlını itirmisən! Çox oxumaqdan başın xarab olub!» 25  Ancaq Pavel dedi: «Möhtərəm Fest! Mənim başım xarab olmayıb. Dediyim sözlərdə həqiqət və məntiq var. 26  Padşah bu şeyləri yaxşı bilir, buna görə də mən onun qarşısında sərbəst danışıram. Mən əminəm ki, bunlardan heç biri onun nəzərindən yayınmır, çünki bunlar xəlvəti olmayıb. 27  Padşah Aqrippa, Peyğəmbərlərin kitablarında yazılanlara inanırsan? Bilirəm ki, inanırsan». 28  Aqrippa Pavelə dedi: «Belə getsə, məni də məsihçi edəcəksən». 29  Pavel cavab verdi: «Allahdan arzum budur ki, əvvəl-axır təkcə sən yox, bu gün məni eşidənlərin hamısı mənim kimi olsun, amma qandalsız». 30  Bu sözlərdən sonra padşah, vali, Berniki və onlarla bir yerdə oturanlar ayağa qalxdılar. 31  Onlar gedə-gedə bir-birinə deyirdilər: «Bu adam ölümə və ya qandallara layiq bir iş görmür». 32  Aqrippa Festə belə dedi: «Bu adam sezarın məhkəməsini tələb etməsəydi, onu azad etmək olardı».

Haşiyələr

Hərfən «müqəddəslərdən»
Hərfən «düşüncənin dəyişilməsi»