Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 25:1—27

25  Fest əyalət* valisi olandan üç gün sonra Qeysəriyyədən Yerusəlimə getdi.  Böyük kahinlər və nüfuzlu yəhudilər ona Pavel haqqındakı şikayətlərini bildirib yalvar-yaxar etdilər ki,  vali onlara yaxşılıq etsin və Paveli Yerusəlimə göndərsin. Onlar Paveli öldürmək üçün yolda pusqu qurmuşdular.  Lakin Fest bildirdi ki, Pavel Qeysəriyyədə qalmalıdır və o özü də bir azdan oraya yollanacaq.  Fest onlara dedi: «Qoy rəhbərləriniz mənimlə getsinlər və əgər bu adamın bir günahı varsa, onu orada ittiham etsinlər».  Fest Yerusəlimdə təxminən səkkiz və ya on gün qaldı. O, sonra Qeysəriyyəyə getdi və ertəsi gün hakim kürsüsünə əyləşib Paveli çağırtdırdı.  Pavel gələndə Yerusəlimdən gəlmiş yəhudilər onu dövrəyə alıb ona qarşı çoxlu ciddi ittiham irəli sürdülər. Lakin bu ittihamları sübut edə bilmədilər.  Pavel özünü müdafiə etməyə başladı: «Mən nə yəhudilərin Qanununa, nə məbədə, nə də sezara qarşı günah iş tutmuşam».  Yəhudilərin rəğbətini qazanmaq istəyən Fest belə dedi: «İstəyirsən, Yerusəlimə gedək, bu ittihamlara görə sənə orada hökm çıxarım?» 10  Pavel cavab verdi: «Mən sezarın məhkəmə kürsüsü qarşısında dayanmışam və elə buradaca mühakimə edilməliyəm. Mənim yəhudilərə bir pisliyim dəyməyib. Siz özünüz də bunu yaxşı bilirsiniz. 11  Əgər mən, doğrudan da, cinayətkaramsa və ölümə layiq bir iş tutmuşamsa, əfv olunmağımı xahiş etmirəm. Yox əgər bu ittihamların heç biri doğru deyilsə, bu adamları razı salmaq üçün məni onların əlinə verməyə heç kəsin ixtiyarı yoxdur. Mən sezarın məhkəməsini tələb edirəm!» 12  Belə olduqda Fest məsləhətçilərlə danışıb, sonra Pavelə dedi: «Sezarın məhkəməsini tələb edirsən, sezarın yanına da gedəcəksən». 13  Bir neçə gün keçəndən sonra padşah Aqrippa* Berniki* ilə hörmət əlaməti olaraq Qeysəriyyəyə, Festlə rəsmi görüşə gəldi. 14  Onlar bir neçə gün orada qaldılar. Fest Pavellə bağlı məsələni padşaha danışdı: «Burada Feliksin dustaq etdiyi bir adam var. 15  Mən Yerusəlimdə olanda yəhudilərin böyük kahinləri və ağsaqqalları yanıma şikayətə gəlib onun məhkum edilməsini xahiş etdilər. 16  Amma mən cavab verdim ki, Roma qanununa görə heç kəsi ittihamçıları ilə üz-üzə görüşdürmədən və ona bu ittihamların qarşısında müdafiə hüququ vermədən, kimlərisə razı salmaq xatirinə ittihamçılarının əlinə vermək olmaz. 17  Buna görə də onlar yığışıb bura gələndə, mən vaxt itirmədən, elə səhərisi gün hakim kürsüsünə əyləşdim və o adamı gətirtdim. 18  İttihamçıların ifadələrində mənim düşündüyüm cinayətlərdən heç birinin adı çəkilmədi. 19  Aralarındakı mübahisə öz allahlarına ibadətlə və hansısa İsa ilə əlaqədar idi. Onlar deyirdilər ki, bu İsa ölüb, Pavel isə iddia edirdi ki, o sağdır. 20  Bu mübahisələrin əlindən lap başımı itirmişdim, ona görə də Pavelə Yerusəlimə gedib orada mühakimə olunmağı təklif etdim. 21  Amma o, əlahəzrətin* qərarınadək həbsdə qalmaq istədiyini bildirdi. Mən də əmr etdim ki, o, sezarın yanına göndərilənədək burada qalsın». 22  Aqrippa Festə dedi: «Elə mən özüm də bu adamı dinləmək istəyərdim». Fest cavab verdi: «Sabah ona qulaq asarsan». 23  Beləliklə, ertəsi gün Aqrippa və Berniki böyük təmtəraqla divanxanaya gəldilər. Onları sərkərdələr, şəhərin adlı-sanlı adamları müşayiət edirdi. Festin əmri ilə Paveli oraya gətirdilər. 24  Fest dedi: «Padşah Aqrippa və cənablar! Bütün yəhudi xalqı ayağa qalxıb gördüyünüz bu adamın ölümünü tələb edir. Onlar bu məsələ ilə bağlı mənə həm Yerusəlimdə, həm də burada müraciət ediblər. 25  Ancaq mən onun ölümə layiq bir iş tutduğunu görmürəm. Bu adam əlahəzrətin məhkəməsini tələb edəndə, mən onu oraya göndərmək qərarına gəldim. 26  İş orasındadır ki, bu adamla bağlı imperatora nə yazacağımı bilmirəm. Buna görə də onu sizin qarşınıza, padşah Aqrippa, ələlxüsus sənin qarşına gətirdim ki, bu işə məhkəmədə baxılandan sonra ağama bir şey yaza bilim. 27  Çünki məhbusu Romaya ittihamsız-filansız göndərmək, məncə, məntiqsizdir».

Haşiyələr

Yəni Yəhudeyanın. Valinin iqamətgahı Qeysəriyyədə yerləşirdi
Yəni II Hirod Aqrippa 
II Hirod Aqrippanın bacısı
Hərfən «Avqustun». Oktaviandan sonrakı dördüncü imperator sezar Neron nəzərdə tutulur. Bu titulu özünə ilk dəfə imperator Oktavian götürmüşdü