Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 24:1—27

24  Beş gündən sonra baş kahin Hananya bir neçə ağsaqqalı və Tertull adında bir natiqi* yanına alıb oraya gəldi. Onlar Pavellə bağlı şikayətlərini valiyə bildirdilər.  Tertulla söz veriləndə o, Paveli ittiham etməyə başladı: «Zati-aliləri cənab Feliks! Sizin sayənizdə ölkəmizdə böyük əmin-amanlıq hökm sürür, uzaqgörənliyiniz sayəsində xalqımız arasında islahatlar aparılır.  Biz həmişə və hər yerdə bütün bunları böyük minnətdarlıqla qəbul edirik.  Amma sizi yormamaq üçün qısa danışacağam. Rica edirəm, lütfən bizi dinləyin.  Bu adam cəmiyyət üçün bir bəladır. O, yer üzündə yaşayan bütün yəhudiləri qiyama qaldırır, özü də Nazaretdə yaranmış təriqətin başçısıdır.  Biz onu məbədi murdarlamaq istəyəndə tutduq.  * ——  Onu sorğu-suala çəkin, özünüz də görəcəksiniz ki, bizim ittihamlarımız doğrudur».  Yəhudilər də bu ittihamların doğru olduğunu iddia edərək ona qoşuldular. 10  Vali başıyla işarə edib Pavelə söz verdi. Pavel dedi: «Uzun illərdir ki, siz bu xalqa hakimlik edirsiniz. Bunu bildiyim üçün, qarşınızda özümü müdafiə etməyə hazıram. 11  Siz özünüz də öyrənə bilərsiniz ki, ibadət üçün Yerusəlimə getməyimdən heç on iki gün keçməmişdi. 12  Heç kəs mənim nə məbəddə kiminləsə mübahisə etdiyimi, nə də sinaqoqda və ya şəhərdə camaatı başıma yığdığımı görməyib. 13  Onlar indicə mənə qarşı sürdükləri ittihamları da sizin qarşınızda sübut edə bilməzlər. 14  Amma bunu boynuma alıram ki, mən onların “təriqət” adlandırdıqları yola əsasən dədə-babalarımın Allahına ibadət edir, Qanunda ifadə edilmiş və Peyğəmbərlərin kitablarında yazılmış hər şeyə inanıram, 15  Allahın həm salehləri, həm də qeyri-salehləri dirildəcəyinə ümid edirəm. Onların özləri də buna ümid edirlər. 16  Bu səbəbdən mən daima çalışıram ki, vicdanımı təmiz saxlayım, nə Allaha, nə də bir insana qarşı günah iş tutum. 17  Mən uzun illərdən sonra Yerusəlimə gəldim ki, toplanmış ianələri xalqıma çatdırım və Allaha qurban təqdim edim. 18  Mən məbəddə idim və artıq paklanmışdım, sadaladığım işlərlə məşğul olduğum zaman onlar gəldilər. Mən nə başıma adam toplamışdım, nə də hay-küy qaldırmışdım. Orada Asiya vilayətindən olan bəzi yəhudilər var idi, 19  əgər onların mənə qarşı şikayəti varsa, özləri gəlib məni sizin qarşınızda ittiham etməlidirlər. 20  Ya da Sinedrion qarşısında durduğum zaman məndə hansı günahı tapdıqlarını qoy bu adamlar burada desinlər. 21  Onların qarşısında durarkən: “Məni bu gün ölülərin dirilməsinə inandığım üçün qarşınızda ittiham edirlər”, — sözlərindən savayı başqa heç nə deməmişəm». 22  Feliks Yol haqqında hər şeyi yaxşı bilsə də, məsələni təxirə salıb dedi: «Sərkərdə Lisi gələndə məsələnizi həll edərəm». 23  O, yüzbaşıya əmr etdi ki, Pavelin keşiyini çəksin, ona bir az sərbəstlik versin və dostlarının yanına gəlib ona qulluq etməsinə mane olmasın. 24  Bir neçə gündən sonra Feliks arvadı Drusilla ilə gəldi. Bu qadın yəhudi idi. Feliks Paveli yanına çağırtdırdı və Məsih İsaya olan iman haqqında dediklərinə qulaq asdı. 25  Pavel salehlik, təmkinlik və qarşıdakı hökm haqqında danışdığından Feliks bərk qorxdu və dedi: «Sən hələlik get, başqa vaxt səni yanıma çağırtdıraram». 26  O, bir yandan da Paveldən pul umurdu. Buna görə də onu yanına tez-tez çağırtdırıb onunla söhbət edirdi. 27  İki ildən sonra Feliksin yerinə Porsi Fest gəldi. Feliks yəhudilərin gözündən düşməmək üçün Paveli dustaq saxlamışdı.

Haşiyələr

Yaxud «vəkili»
Matta 17:21-in haşiyəsinə bax