Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 22:1—30

22  «Atalar və qardaşlar! Mənə qulaq asın. Öz müdafiəm üçün bir neçə kəlmə söz demək istəyirəm».  Camaat Pavelin onlara ibranicə müraciət etdiyini eşidəndə, daha da sakitləşdi. Pavel davam etdi:  «Mən Kilikiyanın Tars şəhərində dünyaya gəlmiş bir yəhudiyəm. Bu şəhərdə Qamalielin yanında təhsil almış, dədə-babalarımızın Qanununa dəqiqliklə əməl etməyi öyrənmişəm. Necə ki, siz bu gün Allahın qeyrətini çəkirsiniz, mən də əvvəllər belə idim.  Mən bu Yolun yolçularını təqib edir, onların ölümünə bais olur, kişiyə, qadına fərq qoymadan, onları buxovlayıb həbsxanaya atırdım.  Baş kahin də, bütün ağsaqqallar məclisi də buna şahiddirlər. Mən onlardan Dəməşqdə yaşayan yəhudi soydaşlarımıza ünvanlanmış məktublar almışdım və o şəhərə gedirdim ki, oradakı şagirdləri həbs edib cəzalandırmaq üçün Yerusəlimə gətirim.  Ancaq Dəməşqə çataçatda, günortaya yaxın, qəflətən göydən üzərimə parlaq işıq saçdı.  Mən yerə yıxıldım və bir səs eşitdim. Səs deyirdi: “Şaul, Şaul, niyə məni təqib edirsən?”  Mən cavab verdim: “Ağa, sən kimsən?” O, mənə dedi: “Mən sənin təqib etdiyin nazaretli İsayam”.  Yanımdakı adamlar işığı görür, amma mənimlə danışanın səsini eşitmirdilər. 10  Onda mən dedim: “Ağa, mən nə edim?” Ağamız mənə cavab verdi: “Qalx, Dəməşqə get, sənin üçün təyin edilmiş tapşırıq orada sənə deyiləcək”. 11  Mən o gözqamaşdırıcı işığın ucbatından heç nə görmürdüm, ona görə də yanımdakı adamlar əlimdən tutub məni Dəməşqə gətirdilər. 12  Oradakı bütün yəhudilərin rəğbətini qazanmış, Qanuna sadiq Hananya adlı bir adam 13  gəlib yanımda durdu və mənə dedi: “Şaul, qardaş, qoy gözlərin açılsın!” Mən həmin dəqiqə onu gördüm. 14  O dedi: “Əcdadlarımızın Allahı səni seçib ki, sən Onun niyyətindən agah olasan, Salehi görüb səsini eşidəsən. 15  Çünki gördüyün və eşitdiyin şeyləri bütün insanlara bildirərək onun şahidi olacaqsan. 16  Nə gözləyirsən? Dur, vəftiz ol və günahlarının yuyulması üçün onun adını çağır”. 17  Yerusəlimə qayıdandan sonra məbəddə dua edən zaman mənə bir xəyal gəldi. 18  Xəyalda Ağamız mənə deyirdi: “Tez ol, Yerusəlimdən çıx, çünki burada mənim haqqımda verdiyin şəhadəti qəbul etməyəcəklər”. 19  Onda mən dedim: “Ağa, onlar yaxşı bilirlər ki, mən sinaqoqları bir-bir gəzərək sənə inananları həbs edib döyürdüm və 20  sənin şahidin Stefanın qanı axıdılanda mən orada durmuşdum, bu hadisəni məmnuniyyətlə müşahidə edir və onu öldürənlərin paltarını qoruyurdum”. 21  O isə mənə dedi: “Get, mən səni uzaqlara, başqa millətlərin yanına göndərirəm”». 22  Camaat buraya qədər Pavelə qulaq asdı, sonra bir ağızdan qışqırmağa başladı: «Bu adamı yer üzündən yox edin, beləsi yaşamalı deyil!» 23  Onlar bağıra-bağıra əbalarını göyə tullayır, havaya toz-torpaq atırdılar. 24  Sərkərdə bunu görəndə əmr etdi ki, Paveli kazarmaya aparıb qamçılasınlar və sorğu-suala tutub camaatın nə üçün onun əleyhinə çığır-bağır saldığını dəqiqliklə öyrənsinlər. 25  Onu qamçılamaq üçün qollarını dirəyə bağlayanda Pavel orada durmuş yüzbaşıya dedi: «Roma vətəndaşını, özü də məhkum edilməmiş bir vətəndaşını qamçılamaq nə dərəcədə qanunidir?» 26  Yüzbaşı bunu eşidəndə sərkərdənin yanına gedib ona dedi: «Sən nə edirsən? Xəbərin var ki, bu adam Roma vətəndaşıdır?» 27  Onda sərkərdə Pavelə yaxınlaşıb soruşdu: «De görüm, sən Roma vətəndaşısan?» O cavab verdi: «Bəli». 28  Sərkərdə dedi: «Mən bu vətəndaşlığı bir ətək pula almışam». Pavel dedi: «Mən isə elə doğulandan bəri Roma vətəndaşıyam». 29  Onu işgəncə ilə sorğu-suala tutmaq istəyən adamlar dərhal ondan əl çəkdilər. Sərkərdə Pavelin Roma vətəndaşı olduğunu öyrənəndə onu buxovladığı üçün bərk qorxuya düşdü. 30  Sərkərdə yəhudilərin onu nəyə görə ittiham etdiyini öyrənmək istədiyi üçün, ertəsi gün onu azad etdi və əmr etdi ki, böyük kahinlər və Sinedrionun bütün üzvləri yığışsınlar. O, Paveli gətirtdirib onların qabağına çıxartdı.

Haşiyələr