Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 21:1—40

21  Onlardan güclə ayrıldıq və sonra dənizə çıxdıq. Gəmi Kos adasına istiqamət aldı. Biz gəlib oraya çatdıq, ertəsi gün Rodosa, oradan da Pataraya gəldik.  Orada Finikiyaya yollanan bir gəmi tapdıq. Bu gəmiyə minib dənizə çıxdıq.  Üfüqdə Kipr adası göründü, biz onu sol tərəfdən ötüb Suriyaya üzdük. Surda lövbər saldıq, çünki gəmi orada yükünü boşaltmalı idi.  Şagirdləri axtarıb tapdıq və burada bir həftə qaldıq. Onlar ruh vasitəsilə dönə-dönə Pavelə dedilər ki, Yerusəlimə ayaq basmasın.  Getmək vaxtı çatanda biz yola düşdük. Şagirdlərin hamısı — qadın, uşaq qarışıq bizi limana qədər ötürdülər. Dəniz sahilində diz çöküb dua etdik.  Biz vidalaşıb gəmiyə mindik, onlar isə evlərinə qayıtdılar.  Surdan çıxıb Ptolemaidaya gəldik. Qardaşlarla görüşüb onlarla bir gün qaldıq.  Ertəsi gün yola düşdük. Qeysəriyyəyə çatanda yeddilərdən biri olan müjdəçi Filipin evinə getdik və onunla qaldıq.  Onun peyğəmbərlik edən dörd subay qızı var idi. 10  Bir müddət orada qaldıq. Bu zaman Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi. 11  O, qaldığımız evə girdi, Pavelin qurşağını götürüb əl-ayağını sarıdı və dedi: «Müqəddəs ruh belə deyir: “Yəhudilər Yerusəlimdə bu qurşağın yiyəsini bax beləcə sarıyıb başqa millətlərdən olanların əlinə verəcəklər”». 12  Biz bunu eşidəndə yerli qardaşlarla birlikdə yalvar-yaxar edib Paveli Yerusəlimə getmək fikrindən daşındırmağa çalışdıq. 13  Onda Pavel dedi: «Siz nə edirsiniz? Nə üçün ağlayıb ürəyimi parça-parça edirsiniz? Arxayın olun, mən Ağamız İsanın adı naminə Yerusəlimdə nəinki buxovlanmağa, hətta ölməyə də hazıram». 14  Onu qərarından daşındıra bilmədiyimizi görəndə çar-naçar razılaşıb dedik: «Yehova bilən məsləhətdir». 15  Bundan sonra tədarük görüb Yerusəlimə yola düşdük. 16  Qeysəriyyədən bəzi şagirdlər də bizimlə getdilər, onlar bizi erkən şagirdlərdən biri olan kiprli Minasonun yanına gətirməli idilər. Biz onun evində qalacaqdıq. 17  Yerusəlimə çatanda qardaşlar bizi sevinclə qarşıladılar. 18  Ertəsi gün Pavellə birlikdə Yaqubun yanına getdik. Bütün ağsaqqallar orada idilər. 19  Pavel qardaşları salamladı və Allahın başqa millətlər arasında onun xidməti vasitəsilə gördüyu işləri onlara hərtərəfli danışdı. 20  Qardaşlar bunları eşidəndə Allaha həmd etməyə başladılar. Onlar Pavelə dedilər: «Qardaş, görürsən, yəhudilərdən neçə minlərlə adam imana gəlib? Onların hamısı Qanunun qızğın tərəfdarlarıdır. 21  Sənin haqqında gəzən şayiələr onların qulağına çatıb, guya sən başqa millətlər arasında yaşayan yəhudiləri öyrədirsən ki, Musanın qanunundan dönsünlər, uşaqlarını sünnət etməsinlər, adət-ənənələrimizdən üz döndərsinlər. 22  İndi necə edək? Onsuz da sənin gəlişindən xəbər tutacaqlar. 23  Sən gəl biz deyənə qulaq as. Aramızda əhdi olan dörd adam var. 24  Onları özünlə götür və gedin paklanın, qoy başlarını qırxdırsınlar. Onların xərclərini də üzərinə götür. Onda hamı biləcək ki, sənin haqqındakı şayiələr yalandır, sən düzgün yaşayır və Qanuna riayət edirsən. 25  Başqa millətlərdən olan qardaşlarımıza gəldikdə isə, biz qərarımızı onlara göndərmişik ki, bütlərə qurban gətirilmiş ətdən, həmçinin qandan, boğulmuş heyvan ətindən və cinsi əxlaqsızlıqdan çəkinsinlər». 26  Ertəsi gün Pavel həmin kişiləri yanına alıb onlarla birlikdə paklandı. Sonra məbədə girdi və paklanma günlərinin haçan başa çatacağını və hər birisi üçün nə vaxt qurban gətiriləcəyini bildirdi. 27  Yeddi gün başa çatmaq üzrə idi. Asiya vilayətindən gəlmiş yəhudilər Paveli məbəddə görəndə camaatı qızışdırdılar, onu tutub 28  qışqırmağa başladılar: «Ay israillilər, köməyə gəlin! Bu adam hər yerdə hamını xalqımızın, Qanunun və bu yerin əleyhinə öyrədir. Bu azmış kimi, yunanları da məbədə gətirib və bu müqəddəs yeri murdarlayıb». 29  Onlar efesli Trofimi şəhərdə onunla bir yerdə görmüşdülər və elə bilirdilər ki, Pavel onu məbədə gətirib. 30  Bütün şəhərə qarışıqlıq düşdü. Camaat tökülüşüb məbədə gəldi. Onlar Paveli tutdular, sürüyüb məbəddən çölə çıxartdılar. Məbədin qapıları dərhal bağlandı. 31  Camaat Paveli öldürmək istədiyi zaman minbaşıya xəbər çatdı ki, Yerusəlimə böyük çaxnaşma düşüb. 32  Minbaşı əsgərləri və yüzbaşıları yanına alıb aşağı düşdü. Camaat sərkərdəni və əsgərləri görəndə əl saxlayıb Paveli daha vurmadı. 33  Sərkərdə yaxınlaşıb Paveli götürdü və onu iki zəncirlə qandallamağı əmr etdi. O, Pavelin kim olduğunu və nə etdiyini soruşmağa başladı. 34  Hərə bir şey qışqırırdı. Sərkərdə hay-küyün əlindən heç nə öyrənə bilmədiyi üçün əmr etdi ki, onu kazarmaya aparsınlar. 35  Ancaq Pavel pilləkənə ayaq basanda camaat onun üstünə şığıdı və əsgərlər onu qaldırıb aparmalı oldular. 36  Camaat onların dalınca gedərək qışqırırdı: «Öldürün onu!» 37  Pavel kazarmanın girəcəyində sərkərdəyə dedi: «Olar, sənə bir söz deyim?» Sərkərdə cavab verdi: «Sən yunanca da danışırsan? 38  Məgər sən bir az əvvəl qiyam qaldırıb dörd min nəfər əli xəncərlini ardınca çöllüyə aparan misirli deyilsən?» 39  Pavel dedi: «Mən Kilikiyanın Tars şəhərindən olan bir yəhudiyəm. Məşhur şəhərin vətəndaşıyam. İcazə ver, camaata müraciət edim». 40  Sərkərdə ona izin verdi. Pavel pilləkəndə durub əli ilə xalqa işarə etdi, araya sükut çökəndə onlara ibranicə müraciət edib dedi:

Haşiyələr