Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 20:1—38

20  Hay-küy yatandan sonra Pavel şagirdləri yanına çağırıb ruhlandırdı. Sonra onlarla vidalaşıb Makedoniyaya yollandı.  Oraları gəzib qardaşlarla danışaraq onları da ruhlandırdı, sonra Yunanıstana gəldi.  Orada üç ay qaldı, lakin gəmi ilə Suriyaya getməyə hazırlaşarkən yəhudilərin ona sui-qəsd qurduğundan xəbər tutdu. Buna görə də Makedoniyadan keçib geri qayıtmaq qərarına gəldi.  Veriyalı Pirrin oğlu Sopater, salonikililər Aristarx və Sekund, derbiyalı Qay, Asiya vilayətindən olan Tixik və Trofim, həmçinin Timotey də onunla idilər.  Onlar qabağa gedərək bizi Troasda gözlədilər.  Biz isə Mayasız Çörək bayramından sonra Filipidən dənizə çıxdıq və beş günə Troasa, onların yanına çatdıq. Orada bir həftə qaldıq.  Həftənin ilk günü* çörək yemək üçün bir yerdə yığışmışdıq. Pavel ertəsi gün yola çıxacaqdı. Buna görə də toplaşanların qarşısında məruzə ilə çıxış etdi və gecə yarısına kimi danışdı.  Biz üst mərtəbədəki otaqda yığışmışdıq, orada çoxlu çıraq yanırdı.  Eftik adlı bir gənc pəncərədə oturmuşdu. Pavel danışdıqca onu yuxu basırdı. O, dərin yuxuya getdi və birdən üçüncü mərtəbədən aşağı yıxıldı. Onu yerdən qaldıranda, o, artıq ölmüşdü. 10  Pavel aşağı düşdü, oğlanın üstünə yıxıldı, onu qucaqlayıb dedi: «Səs-küy qaldırmayın, o həyata qayıtdı». 11  Sonra yuxarı qalxdı, süfrəyə əyləşib yemək yedi. O, dan yeri sökülənədək xeyli söhbət etdi və sonra yola çıxdı. 12  Oğlanı isə apardılar və sağ olduğu üçün böyük təsəlli tapdılar. 13  Biz irəli getdik və gəmiylə Assa üzdük. Pavelin göstərişinə görə biz onu orada gəmiyə götürməli idik. Özü isə oraya piyada gələcəkdi. 14  O, Assda bizə çatdı, biz onu gəmiyə götürdük və Mitilenə üzdük. 15  Səhərisi gün oradan yola çıxıb Xios adasına yetişdik, ertəsi gün Samosa yan aldıq, növbəti gün isə Miletə gəldik. 16  Pavel Asiya vilayətində vaxt itirməmək üçün Efesə girmədi. O, Yerusəlimə tələsirdi, çox istəyirdi ki, Əllinci gün bayramında orada olsun. 17  Buna baxmayaraq, o, Miletdən Efesə adam göndərib yığıncağın ağsaqqallarını yanına çağırtdırdı. 18  Ağsaqqallar gələndə Pavel onlara dedi: «Asiya vilayətinə ayaq basdığım gündən bəri yanınızda necə yaşadığımı yaxşı bilirsiniz. 19  Rəbbə* böyük təvazökarlıqla, göz yaşları ilə xidmət etdim. Yəhudilərin qurduğu fəndlərə görə neçə-neçə sınaqla üzləşdim. 20  Yenə də, bütün faydalı şeylər haqqında sizə danışmaqdan, sizi insanlar qarşısında, evdən-evə öyrətməkdən boyun qaçırmadım. 21  Həm yəhudilərə, həm yunanlara tövbə edib Allaha dönmək və Ağamız İsaya iman etmək haqqında ətraflı şəhadət verdim. 22  İndi, ruhun göstərişi ilə Yerusəlimə gedirəm, halbuki orada başıma nələr gələcək, bilmirəm. 23  Amma hər şəhərdə müqəddəs ruh dönə-dönə təkrar edir ki, məni qandallar və təqiblər gözləyir. 24  Lakin mən qətiyyən özümü düşünmürəm, təki Ağamız İsanın mənə həvalə etdiyi xidməti yerinə yetirim, yəni Allahın lütfü barəsindəki xoş xəbər haqqında ətraflı şəhadət verib yolumu başa çatdırım. 25  Bir şeyi bilirəm, aranızda padşahlıq haqqında təbliğ etdiyim sizlər, bir daha üzümü görməyəcəksiniz. 26  Ona görə də istəyirəm ki, hər kəsin qanından təmiz olduğuma siz bu gün şəhadət verəsiniz. 27  Çünki Allahın niyyətini sizə bütövlüklə çatdırmaqdan boyun qaçırmamışam. 28  Özünüzə və bütün sürüyə fikir verin. Allah sizi müqəddəs ruh vasitəsilə bu sürüyə nəzarət etmək üçün təyin edib ki, Allahın Öz Oğlunun qanı bahasına aldığı yığıncağını otarasınız. 29  Bilirəm ki, mən gedəndən sonra aranıza amansız canavarlar girəcək, onlar sürüyə rəhm etməyəcəklər. 30  Həmçinin sizin aranızdan adamlar peyda olacaq və şagirdləri ardınca aparmaq üçün həqiqəti təhrif edəcəklər. 31  Buna görə də oyaq qalın və yadınızdan çıxartmayın ki, mən düz üç il göz yaşları içində gecə-gündüz hər birinizə öyüd-nəsihət vermişəm. 32  İndi sizi Allaha və Onun lütfü barəsindəki sözə tapşırıram. Bu söz sizi gücləndirməyə və sizə bütün müqəddəs adamların sırasında miras verməyə qadirdir. 33  Mən heç kimin nə gümüşünə, nə qızılına, nə də paltarına göz dikmişəm. 34  Siz özünüz də bilirsiniz ki, bu əllər həm mənim, həm də mənimlə olanların ehtiyaclarını təmin edib. 35  Mən sizə hər şeydə göstərmişəm ki, siz də beləcə zəhmət çəkərək zəiflərə kömək etməlisiniz və Ağamız İsanın dediyi: “Vermək almaqdan daha çox xoşbəxtlik gətirir”, — sözlərini unutmamalısınız». 36  Pavel bunları deyib qurtarandan sonra qardaşlarla birlikdə diz çöküb dua etdi. 37  Hamı hönkür-hönkür ağlayırdı və Pavelin boynuna sarılıb onu nəvazişlə öpürdü. 38  Çünki Pavelin: «Bir daha üzümü görməyəcəksiniz», — sözləri onları çox kədərləndirmişdi. Sonra onu gəmiyə ötürdülər.

Haşiyələr

Matta 28:1 haşiyəsinə bax
Yaxud «Ağaya»