Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 2:1—47

2  Əllinci gün* bayramında onların hamısı bir yerə toplaşmışdı.  Qəflətən göydən şiddətli küləyin səsinə oxşar bir səs gəldi və oturduqları evi doldurdu.  Onlar alovun dillərinə bənzər bir şey gördülər və bu dillər bölünüb hər birinin üzərinə qondu.  Onların hamısı müqəddəs ruhla doldu və müxtəlif dillərdə danışmağa başladı, çünki bu qabiliyyəti onlara ruh verirdi.  O vaxt Yerusəlimdə dünyanın hər ölkəsindən gəlmiş dindar yəhudilər var idi.  Bu səsə çoxlu adam toplaşdı. Onlar bu işə məəttəl qalmışdılar, çünki şagirdlər onların doğma dillərində danışırdı.  Onlar böyük təəccüb içində bir-birinə deyirdilər: «Bura baxın, məgər bu danışanlar qalileyalı deyillər?  Bəs necə olur ki, hər birimiz dünyaya göz açdığımız gündən bəri eşitdiyimiz dili, ana dilimizi eşidirik?  Parfiyalılar, midiyalılar və elamlılar, Mesopotamiya, Yəhudeya, Kappadokiya, Pont və Asiya* vilayətinin, 10  Frigiya, Pamfiliya, Misir və Liviyanın Kirenaya yaxın olan bölgələrinin sakinləri, həmçinin Romadan gəlmiş yəhudilər və prozelitlər*, 11  kritlilər və ərəblər — hamımız öz doğma dilimizdə Allahın əzəmətli işləri haqqında eşidirik». 12  Bəli, onların hamısı heyrət və çaşqınlıq içində bir-birindən soruşurdular: «Bu nədir belə?»  13  Digərləri isə istehza ilə deyirdilər: «Əşi, bunlar şirin çaxır içiblər». 14  Peter isə on bir həvari ilə birgə ayağa qalxıb ucadan dedi: «Ey yəhudilər və Yerusəlim sakinləri! Sözümü dinləyin. Bilin və agah olun, 15  bu adamlar, sizin düşündüyünüz kimi, heç də sərxoş deyillər, çünki indi səhər saat doqquzdur*. 16  Əksinə, Yoel peyğəmbərin dedikləri yerinə yetir: 17  “Allah deyir: «Son günlərdə hər cür insanın üzərinə ruhumdan tökəcəyəm və sizin oğullarınız da, qızlarınız da peyğəmbərlik edəcək, gəncləriniz xəyallar, qocalarınız röyalar görəcəklər; 18  hətta nökərlərimin və qulluqçularımın da üzərinə həmin günlərdə ruhumdan tökəcəyəm və onlar peyğəmbərlik edəcəklər. 19  Mən yuxarıda, göydə və aşağıda, yerdə əlamətlər göstərəcəyəm: qan, od və tüstü burumları olacaq. 20  Yehovanın böyük və şanlı günü gəlməzdən əvvəl günəş zülmətə qərq olacaq, ay qana bulaşacaq. 21  Yehovanın adını çağıran hər kəs xilas olacaq»”. 22  Ey İsrail oğulları! Məni dinləyin. Bildiyiniz kimi, Allah nazaretli İsanın əli ilə qarşınızda gördüyü qüdrətli işlər, əlamətlər və möcüzələr vasitəsilə ona açıq-aşkar işarə etdi. 23  Allah onun həbs ediləcəyini qabaqcadan bilib qərarlaşdırmışdı. Siz həmin adamı qanunu tapdalayanların əli ilə dirəyə mıxlayıb öldürdünüz. 24  Lakin Allah onu ölümün dəmir pəncəsindən xilas edib diriltdi, çünki mümkün deyildi ki, o, ölümün dustağı olaraq qalsın. 25  Davud onun haqqında belə deyir: “Yehova həmişə gözlərimin önündədir, O, sağımda olduğu üçün mən heç vaxt sarsılmaram. 26  Buna görə ürəyim sevindi və dilim şadlandı. Mən ümidlə yaşayacağam, 27  çünki Sən məni Məzarda* qoymayacaqsan və Öz vəfalı qulunun çürüməsinə yol verməyəcəksən. 28  Sən mənə həyat yollarını öyrətdin, üzümə baxanda ürəyim fərəhlə dolacaq”. 29  Qardaşlar! Qəbilə başçısı Davud haqqında qətiyyətlə deyə bilərik ki, o ölüb və dəfn edilib, qəbiri də bu günədək buradadır. 30  O, bir peyğəmbər idi və Allahın vədini bilirdi. O bilirdi ki, Allah onun nəslindən bir nəfəri onun taxtına oturdacağına and içib. 31  O, Məsihin diriləcəyini, Məzarda qalmayacağını və bədəninin çürüməyəcəyini qabaqcadan bilib xəbər vermişdi. 32  Bu İsanı Allah diriltdi və bizim hamımız bunun şahidiyik. 33  Beləliklə, o, Allahın sağına ucaldıldı, Atasının vəd etdiyi müqəddəs ruhu aldı, gördüyünüz və eşitdiyiniz kimi, bu ruhu üzərimizə tökdü. 34  Davud isə göyə qalxmayıb, o, belə deyir: “Yehova Ağama dedi: 35  «Düşmənlərini kətil kimi ayaqlarının altına qoyanadək sağımda otur»”. 36  Buna görə də, qoy bütün İsrail evi bunu yaxşı bilsin ki, dirəyə çəkdiyiniz İsanı Allah həm Ağa, həm də Məsih etmişdir». 37  Bu sözləri eşidənlərin ürəyini sanki xəncər yardı. Onlar Peterdən və digər həvarilərdən soruşdular: «Qardaşlar, biz nə edək?» 38  Peter onlara dedi: «Tövbə edin və günahlarınızın bağışlanması üçün qoy hər kəs İsa Məsihin adı naminə vəftiz olunsun, onda müqəddəs ruh ənamını alacaqsınız. 39  Çünki bu vəd həm sizə, həm övladlarınıza, həm də bütün uzaqda olanlara, yəni Allahımız Yehovanın seçəcəyi hər kəsə aiddir». 40  Peter bir çox başqa sözlərlə də ətraflı şəhadət verib onları təşviq etdi: «Özünüzü bu pozğun nəsildən xilas edin». 41  Bu sözləri ürəkdən qəbul edənlər vəftiz olundular və o gün üç minə yaxın adam onlara qoşuldu. 42  Onlar həvarilərdən həvəslə təlim alır, hər şeyi bir-biri ilə bölüşür, birlikdə yemək yeyir və dua edirdilər. 43  Həvarilərin əli ilə çoxlu möcüzələr və əlamətlər göstərilirdi və bu, hər kəsi qorxuya salmışdı. 44  İmana gələnlərin hamısı bir yerdə olurdu və hər şeyləri ümumi idi. 45  Onlar əmlaklarını satıb pulu aralarında, hər kəsin ehtiyacına görə bölüşdürürdülər 46  və hər gün birlikdə məbəddə yığışır, böyük sevinclə və təmiz ürəklə bir-birinin evində yemək yeyirdilər; 47  Allahı mədh edir və bütün xalqın rəğbətini qazanırdılar. Yehova da hər gün xilas olanları onlara qoşurdu.

Haşiyələr

Yunanca «Pentekost», yəni əllinci gün. Bu bayram Nisanın 16-dan sonrakı əllinci gündə qeyd edilirdi
Yunan Müqəddəs Yazılarında «Asiya vilayəti» ifadəsi altında Asiya qitəsi yox, Roma imperiyasının bir əyaləti nəzərdə tutulur. Həmin ərazi hal–hazırda Türkiyədə yerləşir
Yaxud «Yəhudi dinini qəbul etmiş adamlar»
Hərfən «günün üçüncü saatı»
Hərfən «hadesdə». Yəni bəşəriyyətin ümumi məzarında. 7–ci Əlavəyə bax