Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 19:1—41

19  Apollos Korinfdə ikən Pavel daxili bölgələrdən keçərək Efesə gəldi. Orada bir neçə şagird tapıb  onlara dedi: «İman edəndə müqəddəs ruh almışdınız?» Onlar cavab verdilər: «Biz müqəddəs ruhu almaq haqqında heç eşitməmişik».  Pavel soruşdu: «Yaxşı, onda hansı vəftizlə vəftiz olunmusunuz?» Onlar dedilər: «Yəhyanın etdiyi vəftizlə».  Pavel dedi: «Yəhya insanları tövbə rəmzi olan vəftizlə vəftiz edirdi. Onlara deyirdi ki, özündən sonra gələnə, yəni İsaya iman etsinlər».  Şagirdlər bunu eşidəndə Ağamız İsanın adı naminə vəftiz olundular.  Pavel əllərini onların üzərinə qoyanda, üzərilərinə müqəddəs ruh endi. Onlar başqa dillərdə danışmağa və peyğəmbərlik etməyə başladılar.  Orada təxminən on iki nəfər kişi var idi.  Pavel üç ay ərzində sinaqoqda cəsarətlə danışırdı. O, Allahın padşahlığı haqqında inandırıcı dəlillər gətirir, məruzələr söyləyirdi.  Amma bəziləri inadkarlıq göstərib iman etməyəndə və hamının qabağında Yolu təhqir edəndə Pavel onları tərk etdi. O, şagirdləri də onlardan ayırdı və hər gün Tirannın məktəbində məruzələrlə çıxış etməyə başladı. 10  Bu, iki il davam etdi. Bunun sayəsində Asiya vilayətinin bütün sakinləri — həm yəhudilər, həm də yunanlar Rəbbin sözünü eşitdi. 11  Allah Pavelin əli ilə çoxlu möhtəşəm, qeyri-adi işlər görürdü. 12  Hətta onun yaylıqlarını və önlüklərini xəstələrə gətirirdilər, onlar şəfa tapır və cinlərdən qurtulurdular. 13  Cin qovan sərgərdan yəhudilərdən bəziləri Ağamız İsanın adı ilə cinləri qovmağa cəhd göstərirdilər. Onlar deyirdilər: «Pavelin təbliğ etdiyi İsanın adıyla sizə əmr edirəm». 14  Böyük kahin olan Skeva adlı bir yəhudinin yeddi oğulu da bu işlə məşğul olurdu. 15  Bir dəfə cin onlara belə dedi: «İsanı tanıyıram, Pavellə də tanışam, bəs siz kimsiniz?» 16  Onda cinə tutulmuş adam onların üstünə atıldı və hamısına üstün gəldi. Onlar baş götürüb o evdən çılpaq və yaralı halda qaçdılar. 17  Efesdə yaşayan bütün yəhudilər və yunanlar bu hadisədən xəbər tutdu. Onları qorxu bürüdü. Ağamız İsanın adı isə get-gedə ucalırdı. 18  İman edənlərdən bir çoxu gəlib günahlarını boynuna alır və tutduqları əməllər barəsində açıq-aşkar danışırdılar. 19  Hətta sehrbazlıqla məşğul olanlardan xeyli adam kitablarını yığıb hamının gözü qarşısında yandırdı. Bu kitabların dəyərini hesaba vurdular. Onların qiyməti əlli min gümüş pul idi. 20  Beləcə, Yehovanın sözü əzəmətlə yayılır və zəfər çalırdı. 21  Bu hadisələrdən sonra Pavel Makedoniya və Axayyadan keçib Yerusəlimə getmək qərarına gəldi. O deyirdi: «Oradan sonra mütləq Romaya da getməliyəm». 22  Beləliklə, o, köməkçilərindən ikisini: Timoteylə Erastı Makedoniyaya göndərdi. Özü isə bir müddət Asiya vilayətində qaldı. 23  Elə bu vaxt Yola görə böyük çaxnaşma düşdü. 24  Demetri adında bir gümüş ustası gümüşdən Artemida məbədinin heykəlciklərini düzəldirdi. Bu iş sənətkarlara yaxşı qazanc gətirirdi. 25  Demetri bu sənətkarları və bu işlə məşğul olan başqa adamları bir yerə yığıb dedi: «Siz yaxşı bilirsiniz ki, gəlirimiz bu işdən çıxır. 26  Gördüyünüz kimi, bu Pavel nəinki Efesdə, ümumiyyətlə bütün Asiya vilayətində xeyli adamın beynini doldurub ki, guya əllə düzəldilmiş allahlar əslində allah deyillər. 27  Təhlükə yalnız işimizin pis ad çıxaracağında deyil. Ən dəhşətlisi odur ki, camaat böyük ilahə Artemidanın məbədini saymayacaq, qarşısında bütün Asiya vilayətinin, hətta bütün dünyanın səcdə qıldığı ilahəmizin əzəmətinə son qoyulacaq». 28  Onlar bunu eşidəndə bərk qəzəbləndilər və çığırmağa başladılar: «Efeslilərin böyük Artemidasına eşq olsun!» 29  Şəhərdə böyük həngamə qopdu. Camaat teatra cumdu, Pavelin yol yoldaşları olan makedoniyalı Qay ilə Aristarxı da özləri ilə ora sürüdülər. 30  Pavel içəriyə, camaatın arasına keçmək istəyirdi, ancaq şagirdlər qoymadılar. 31  Oyun və bayram təşkilatçılarından bəziləri ona yaxşı münasibət bəslədiklərindən yanına adam göndərib yalvardılar ki, özünü teatrda təhlükəyə atmasın. 32  Teatrda hərə bir şey qışqırırdı, çünki camaat bir-birinə qarışmışdı, əksəriyyət heç bilmirdi nə üçün yığışıb. 33  Aleksandrı camaatın arasından çəkib çıxartdılar, yəhudilər onu qabağa itələdilər. O, əli ilə işarə etdi və öz müdafiəsinə başlamaq istədi. 34  Lakin camaat onun yəhudi olduğunu başa düşəndə bir ağızdan bağırmağa başladı və təxminən iki saat: «Efeslilərin böyük Artemidasına eşq olsun!», — deyə qışqırdı. 35  Nəhayət, şəhər katibi kütləni sakitləşdirib dedi: «Ey efeslilər! Məgər dünyada elə bir adam var ki, şəhərimizin böyük Artemidanın məbədinin və göydən düşmüş təsvirin himayədarı olduğunu bilməsin? 36  Madam ki, bunları sübut etməyə ehtiyac yoxdur, çığır-bağır salıb düşünmədən hərəkət etmək sizə yaraşmaz. 37  Gətirdiyiniz bu adamlar nə məbədimizi talayıblar, nə də ilahəmiz haqqında güldən ağır söz deyiblər. 38  Ona görə də əgər Demetrinin və onun sənətkar yoldaşlarının kimdənsə şikayəti varsa, buyursunlar, bunun üçün məhkəmə günləri, valilər var. Qoy orada bir-birilərini ittiham etsinlər. 39  Yox əgər başqa bir şikayətiniz də varsa, buna rəsmi iclasda baxılmalıdır. 40  Bunu bilin ki, əsil təhlükə ilə üz-üzə durmuşuq. Bugünkü hadisəyə görə bizi iğtişaş qaldırmaqda təqsirləndirə bilərlər. Bu nizamsız kütləyə görə cavab verməyə də bir bəhanəmiz yoxdur». 41  O, bunu deyib camaatı buraxdı.

Haşiyələr