Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 18:1—28

18  Bundan sonra Pavel Afinadan çıxıb Korinfə gəldi.  O, burada Akila adında bir yəhudini tapdı. Əslən Pont şəhərindən olan Akila arvadı Priskilla ilə birgə təzəlikcə İtaliyadan gəlmişdi, çünki Klavdi bütün yəhudilərə Romadan çıxmağı əmr etmişdi. Pavel onların yanına getdi.  Peşələri eyni olduğundan onların evində qaldı və bir yerdə işlədilər. Peşələri çadır tikmək idi.  Bununla yanaşı, Pavel hər şənbə sinaqoqda çıxış edir, inandırıcı dəlillər gətirərək yəhudilər və yunanlarla söhbət edirdi.  Sila və Timotey Makedoniyadan gələndən sonra Pavel bütün vaxtını Allahın sözünü yaymağa həsr etdi. O, yəhudilərə İsa haqqında şəhadət verir, onun Məsih olduğunu sübut edirdi.  Lakin onlar heç cürə razılaşmır və onu təhqir edirdilər. Onda Pavel paltarını silkələyib dedi: «Qoy qanınız öz boynunuzda qalsın. Mən təmizəm. Bundan belə, başqa millətlərdən olanların yanına gedəcəyəm».  Sonra oradan çıxıb Tit Yust adlı mömin bir adamın evinə getdi. Onun evi sinaqoqa bitişik idi.  Amma sinaqoq rəisi Krisp və onun ev əhli Ağamıza iman gətirdi. Allahın sözünü eşidən bir çox korinflilər də inanıb vəftiz olundular.  Gecə vaxtı Ağamız xəyalda Pavelə dedi: «Qorxma, danış, susma, 10  çünki mən səninləyəm. Heç kəs sənə hücum edib xələl yetirməyəcək. Bu şəhərdə hələ çox adam mənə inanacaq». 11  Pavel orada il yarım qalıb insanlara Allahın sözünü öyrədirdi. 12  O vaxt Qallio Axayyada vali idi. Yəhudilər yekdilliklə Pavelin əleyhinə qalxdılar və onu hakim kürsüsü qarşısına gətirib 13  dedilər: «Bu adam qanuna zidd davranır, insanları başqa ibadət yoluna yönəldir». 14  Pavel ağzını açmağa macal tapmamış Qallio dedi: «Ey yəhudilər! Əgər şikayətiniz hər hansı bir qanun pozuntusu və ya ağır cinayət barəsində olsaydı, sizi dinləyərdim. 15  Lakin mübahisəniz söz, ad və ya öz qanununuz üstündədirsə, özünüz həll edin. Mən belə işlərə hakimlik etmək istəmirəm». 16  Sonra onları hakim kürsüsü qarşısından qovdu. 17  Belə olduqda onlar sinaqoq rəisi Sosteni tutub hakim kürsüsü qarşısında döydülər. Qallio isə buna heç məhəl qoymadı. 18  Pavel orada bir müddət də qaldıqdan sonra qardaşlarla vidalaşdı. Kenxreyada saçını vurdurdu, çünki əhd etmişdi, sonra Priskilla və Akila ilə birlikdə gəmiyə minib Suriyaya yola düşdü. 19  Onlar Efesə gəldilər. Pavel yoldaşlarını orada qoyub sinaqoqa girdi və yəhudilərlə söhbət etdi. 20  Hərçənd orada bir az da qalmağını xahiş etdilər, o razı olmadı. 21  Onlarla sağollaşıb dedi: «Yehova məsləhət bilsə, yanınıza qayıdaram». Efesdən dənizə çıxıb 22  Qeysəriyyəyə gəldi. Sonra yığıncağı görməyə getdi* və oradan da Antakiyaya endi. 23  Pavel orada bir müddət qalandan sonra yola çıxdı. O, Qalatiya və Frigiya torpaqlarını şəhərbəşəhər gəzib bütün şagirdləri möhkəmləndirirdi. 24  Bu zaman Apollos adlı iskəndəriyyəli bir yəhudi Efesə gəldi. O, çox gözəl natiq idi və Müqəddəs Yazıları yaxşı bilirdi. 25  Bu adam Yehovanın yolu barədə şifahi təlim almışdı. O, İsa haqqında şövqlə* və dəqiqliklə danışıb öyrədirdi, halbuki yalnız Yəhyanın vəftizi ilə tanış idi. 26  O, sinaqoqda cəsarətlə danışmağa başladı. Priskilla ilə Akila Apollosu eşidəndə onu yanlarına aldılar və Allahın yolunu daha dəqiqliklə ona izah etdilər. 27  O, Axayyaya getmək istədiyi üçün qardaşlar şagirdlərə məktub yazıb xahiş etdilər ki, onu mehribanlıqla qarşılasınlar. Apollos oraya gəlib, Allahın lütfü ilə iman gətirmiş adamlara çox kömək etdi. 28  O, yəhudilərin yanıldıqlarını hamının gözü qarşısında əzmlə və dəlillərə əsaslanaraq sübut edir, Müqəddəs Yazılara istinad edərək İsanın Məsih olduğunu göstərirdi.

Haşiyələr

Görünür, Yerusəlimə
Hərfən «ruhdan coşaraq»