Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 17:1—34

17  Onlar Amfipol və Apolloniyadan keçib Salonikiyə gəldilər. Orada bir yəhudi sinaqoqu var idi.  Pavel adəti üzrə sinaqoqa girdi və üç şənbə dalbadal ora gələnlərlə Müqəddəs Yazılara əsaslanaraq söhbət apardı.  O, Müqəddəs Yazılardan sübutlar gətirərək Məsihin əziyyət çəkməsinin, ölüb dirilməsinin lazım olduğunu onlara izah edirdi və deyirdi: «Məsih, haqqında təbliğ etdiyim İsadır».  Nəticədə onlardan bir neçəsi və mömin yunanlardan xeyli adam imana gəlib Pavellə Silaya qoşuldu. Aralarında nüfuzlu qadınlar da az deyildi.  Lakin yəhudilər paxıllıqdan bazar meydanındakı avaraların arasından bir neçə yaramaz adamları yığıb şəhərdə hay-küy qaldırdılar; Pavellə Silanı tutmaq və camaatın qabağına çıxartmaq üçün Yasonun evinə soxuldular.  Onları tapmayanda Yasonu və bir neçə qardaşı şəhər rəhbərlərinin yanına sürüyüb gətirdilər və çığır-bağır saldılar: «Bütün aləmi bir-birinə vurmuş bu adamlar indi də bura gəliblər.  Yason da onları evində qonaq edib. Bu adamların hamısı İsa adında başqa bir padşah olduğunu deyib sezarın fərmanlarına qarşı çıxırlar».  Bu sözlərlə yəhudilər camaatı və şəhər rəhbərlərini qızışdırdılar.  Şəhər rəisləri Yasondan və o biri qardaşlardan girov alıb onları buraxdılar. 10  Qardaşlar həmin gecə ləngimədən Paveli və Silanı Veriya şəhərinə yola saldılar. Onlar şəhərə çatan kimi yəhudi sinaqoquna getdilər. 11  Buradakılar Saloniki yəhudilərinə nisbətən daha alicənab idilər və Allahın sözünü böyük həvəslə qəbul etdilər. Onlar eşitdiklərinin doğru olub-olmadığını yoxlamaq üçün Müqəddəs Yazıları hər gün diqqətlə araşdırırdılar. 12  Buna görə də onlardan bir çoxu iman gətirdi. Aralarında yunanlardan bir çox mötəbər qadın və kişi də var idi. 13  Saloniki yəhudiləri Pavelin Allahın sözünü Veriyada təbliğ etdiyini eşidəndə camaatı qızışdırıb qarmaqarışıqlıq yaratmaq üçün oraya gəldilər. 14  Onda qardaşlar Paveli dərhal dəniz sahilinə apardılar, Sila ilə Timotey isə şəhərdə qaldılar. 15  Paveli ötürənlər onu Afinaya gətirdilər, sonra Sila və Timoteyin tezliklə onun yanına gəlməsi üçün göstəriş alıb geri qayıtdılar. 16  Pavel Afinada onların yolunu gözlədiyi müddətdə gördü ki, şəhər bütlərlə doludur və bərk əsəbiləşdi. 17  O, sinaqoqda yəhudilərlə və Allaha ibadət edən digər adamlarla, o cümlədən hər gün bazar meydanında qarşısına çıxanlarla söhbət edirdi. 18  Amma epikürçü və stoik filosoflarından bəziləri onunla mübahisəyə girişdilər. Onlar deyinirdilər: «Bu boşboğaz nə danışır?» Digərləri belə deyirdilər: «Deyəsən, yad allahları təbliğ edir». Çünki o, İsa haqqında xoş xəbəri və dirilməni təbliğ edirdi. 19  Onlar Paveli tutub Areopaqa* gətirdilər və soruşdular: «Yaydığın bu yeni təlim nə olan şeydir? Bizə də danış. 20  Çünki sözlərin bizə qəribə gəlir. Bunların nə demək olduğunu bilmək istəyirik». 21  Bütün afinalılar və bu şəhərdə yaşayan əcnəbilər boş vaxtlarını yeni bir şey danışmağa və ya dinləməyə həsr edirdilər. 22  Pavel Areopaqın ortasında durub dedi: «Ey afinalılar! Görürəm ki, siz hər cəhətdən başqalarına nisbətən allahlara daha sadiqsiniz. 23  Misal üçün, şəhərdə gəzərkən və ziyarətgahlarınızı seyr edərkən bir qurbangaha rast gəldim. Onun üzərində “Naməlum Allaha” sözləri yazılmışdır. Bəli, mən də sizin bilmədən sədaqətlə ehtiram bəslədiyiniz bu Allah haqqında sizə təbliğ edirəm. 24  Dünyanı və onun içindəki hər şeyi yaradan Allah göyün və yerin Ağasıdır. O, insan əli ilə tikilmiş məbədlərdə yaşamır. 25  Madam ki, Özü hamıya həyat, nəfəs və hər şeyi verir, O, insan əllərinin xidmətinə ehtiyac duymur. 26  O, bütün yer üzündə məskunlaşması üçün bir insandan hər milləti yaratdı və onlar üçün müəyyən dövrlər və yaşayış sərhədləri qoydu ki, 27  Allahı axtarsınlar, Onu duysunlar, tapa bilsinlər. Hərçənd O, heç birimizdən uzaq deyil. 28  Biz Onun sayəsində yaşayırıq, hərəkət edirik və mövcuduq, necə ki, bəzi şairləriniz deyib: “Biz Onun övladlarıyıq”. 29  Beləliklə, biz Allahın övladı olduğumuza görə, İlahi Varlığın insan zəkası və ustalığı ilə qızıldan, gümüşdən düzəldilmiş və ya daşdan yonulmuş bir şeyə bənzədiyini düşünməməliyik. 30  Düzdür, Allah əvvəllər belə cahilliyə göz yumurdu, amma indi buyurur ki, insanların hamısı, harada yaşamalarından asılı olmayaraq, tövbə etsinlər. 31  Çünki O, bir gün təyin edib və həmin gündə seçdiyi adam vasitəsilə bütün yer üzünü ədalətlə mühakimə edəcək. Allah bu adamı diriltməklə hamıya zəmanət verib». 32  Dirilmə haqqında eşidəndə bəzilərini gülmək tutdu, digərləri isə dedilər: «Bu haqda sənə başqa vaxt qulaq asarıq». 33  Sonra Pavel onlardan ayrıldı. 34  Amma bəziləri ona qoşulub iman gətirdilər. Onların arasında Areopaq məhkəməsinin hakimi Dionisi, Tamar adında bir qadın və başqaları var idi.

Haşiyələr

Qədim Afinada ali məhkəmənin toplaşdığı təpə