Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 16:1—40

16  Pavel Derbiya şəhərinə, oradan da Listraya gəldi. Bu şəhərdə Timotey adında bir şagird var idi. Onun anası dindar yəhudi, atası isə yunan idi.  Listra və Konya şəhərlərindəki qardaşlar Timotey haqqında ağızdolusu danışırdılar.  Pavel bu gənci özü ilə götürmək istədi, amma əvvəlcə o yerlərdə yaşayan yəhudilərə görə onu sünnət etdi, çünki hamı onun atasının yunan olduğunu bilirdi.  Onlar şəhərbəşəhər gəzərək şagirdlərə Yerusəlimdəki həvarilərin və ağsaqqalların qərarlarını çatdırır, bu qərarlara əməl etməyi tapşırırdılar.  Beləliklə, şagirdlərin imanı möhkəmlənir və yığıncaqlar günü-gündən böyüyürdü.  Müqəddəs ruh onlara Asiya vilayətində Allahın sözünü təbliğ etməyi qadağan etdiyindən onlar Frigiya və Qalatiya torpağından keçib,  Misiyaya gəldilər. Oradan Bitiniyaya getməyə cəhd göstərdilər, amma İsa ruh vasitəsilə onlara izin vermədi.  Buna görə də onlar Misiyadan keçib Troasa gəldilər.  Gecə Pavelə bir xəyal gəldi. Pavel gördü ki, bir makedoniyalı durub ona yalvarır: «Nə olar, Makedoniyaya gəl, bizə kömək et». 10  Pavel bu xəyalı görən kimi, biz Makedoniyaya yola düşdük; belə qənaətə gəlmişdik ki, Allah onlara xoş xəbəri çatdırmaq üçün bizi ora çağırır. 11  Beləliklə, biz Troasdan dənizə çıxdıq və düz Samotrakiyaya üzdük. Ertəsi gün gəlib Neapola çatdıq, 12  oradan isə Makedoniya vilayətinin baş şəhəri və Romanın müstəmləkəsi olan Filipiyə gəldik. Biz bu şəhərdə bir neçə gün qaldıq. 13  Şənbə günü şəhər qapısından çıxıb çay qırağına endik, çünki dua yerinin burada olduğunu fikirləşirdik. Biz əyləşib oraya yığışmış qadınlarla söhbət etməyə başladıq. 14  Tiatira şəhərindən olan və bənövşəyi qumaş parça satan Lidiya adında mömin bir qadın bizi dinləyirdi. Yehova onun ürəyini açdı ki, o, Pavelin dediklərini qəbul etsin. 15  Lidiya və onun evindəkilər vəftiz olunandan sonra o, bizə yalvarmağa başladı: «Əgər məni Yehovaya sədaqətli bir insan hesab edirsinizsə, xahiş edirəm, evimə gəlin, qonağım olun». O, bizi dilə tutub evinə apardı. 16  Bir gün biz dua yerinə gedəndə qabağımıza daxilində murdar ruh, falçı cin olan bir qulluqçu qız çıxdı. O, gələcəkdən xəbər verməklə ağalarına böyük gəlir gətirirdi. 17  Bu qız Pavelin və bizim dalımızca düşüb qışqırırdı: «Bunlar Allah-Taalanın qullarıdır və sizə xilas yolunu bildirirlər». 18  Beləcə bir müddət davam etdi. Axırda Pavel boğaza yığılıb murdar ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, qızdan çıx!» Murdar ruh elə o andaca qızdan çıxdı. 19  Qızın ağaları gəlir mənbəyinin əldən çıxdığını görəndə Pavel ilə Silanı tutdular, onları sürüyüb bazar meydanına, rəhbərlərin yanına apardılar, 20  oradan da mülki məmurların yanına gətirib dedilər: «Bu yəhudilər şəhərimizin asayişini pozur, 21  öz adətlərini təbliğ edirlər. Biz romalılar üçün bu adətləri qəbul etmək, yaxud onlara əməl etmək yolverilməzdir». 22  Onda bütün camaat bu qardaşlara qarşı qalxdı. Mülki məmurlar Pavellə Silanın əbalarını əyinlərindən dartıb çıxartdılar və onları çubuqla döyməyi əmr etdilər. 23  Qardaşları xeyli döydükdən sonra həbsxanaya atdılar və həbsxana rəisinə əmr etdilər ki, onları bərk-bərk qorusun. 24  Həbsxana rəisi belə əmr aldığından onları həbsxananın daxili bölməsinə atıb ayaqlarına kündə* vurdu. 25  Gecə yarısı olardı. Pavel və Sila dua edib mahnı oxuyur, Allaha həmd edirdilər. Dustaqlar da onları eşidirdilər. 26  Birdən güclü zəlzələ oldu və həbsxananın bünövrəsi titrədi. O andaca bütün qapılar taybatay açıldı və bütün dustaqların qandalları açılıb düşdü. 27  Həbsxana rəisi yuxudan ayılıb həbsxana qapılarını açıq olduğunu görəndə qılıncını çıxarıb özünü öldürmək istədi, çünki elə bildi ki, dustaqlar qaçıblar. 28  Bu zaman Pavel qışqırdı: «Canına qəsd etmə, hamımız buradayıq!» 29  Həbsxana rəisi bir çıraq götürüb içəri girdi. O, əsə-əsə Pavellə Silanın qarşısında yerə düşdü. 30  Həbsxana rəisi onları bayıra çıxarıb dedi: «Ağalar, mən nə edim ki, xilas olum?» 31  Onlar cavab verdilər: «Ağamız İsaya iman et, onda sən də, evindəkilər də xilas olacaqsınız». 32  Pavellə Sila Yehovanın sözünü ona və onun ev əhlinə danışdılar. 33  Həbsxana rəisi gecə ikən onları aparıb yaralarını yudu; özü və onun evindəkilərin hamısı dərhal vəftiz olundular. 34  Həbsxana rəisi qardaşları evinə gətirdi və onlar üçün süfrə açdı. Allaha inandığı üçün o və evindəkilər çox sevinirdilər. 35  Səhər açılanda mülki məmurlar keşikçiləri göndərib dedilər: «Bu adamları buraxın». 36  Həbsxana rəisi onların sözlərini Pavelə çatdırdı: «Mülki məmurlar sizin ikinizi azad etmək üçün adam göndəriblər. Ona görə də buyurun, çıxın, sağ-salamat gedin». 37  Pavel isə onlara dedi: «Sən bir bunlara bax! Bizi, Roma vətəndaşlarını məhkəməsiz-filansız camaatın qabağında döyüb zindana atıblar, indi də xəlvəti qovmaq istəyirlər? Yox! Qoy özləri gəlib bizi buradan çıxartsınlar!» 38  Keşikçilər bu sözləri mülki məmurlara çatdırdılar. Onlar Pavellə Silanın Roma vətəndaşı olduqlarını eşidəndə bərk qorxdular, 39  gəlib qardaşları yalvar-yaxarla həbsxanadan çıxartdılar və xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər. 40  Onlar həbsxanadan çıxıb Lidiyanın evinə gəldilər və qardaşları görüb onlara ürək-dirək verəndən sonra yola düşdülər.

Haşiyələr

Dustaqların ayaqlarına, boyunlarına və ya əllərinə vurulan taxtadan düzəlmə alət