Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 14:1—28

14  Pavel və Barnaba Konyada yəhudi sinaqoquna girdilər. Onlar elə danışdılar ki, həm yəhudilərin, həm də yunanların içindən xeyli adam iman gətirdi.  Amma iman gətirməyən yəhudilər digər millətlərdən olanları qızışdırıb qardaşlara qarşı qaldırdılar.  Buna baxmayaraq, həvarilər xeyli vaxt orada qaldılar. Onlar Yehovadan səlahiyyət alaraq cəsarətlə danışırdılar. Allah onların əli ilə əlamət və möcüzələr göstərirdi, beləcə, həvarilərin Onun lütfü haqqında dediklərini təsdiq edirdi.  Şəhər əhli iki yerə bölünmüşdü, bir tərəf yəhudiləri, digər tərəf isə həvariləri dəstəkləyirdi.  Digər millətlərdən olanlar və yəhudilər öz rəhbərləri ilə birləşib həvariləri təhqir etməyə və daşlamağa hazırlaşırdılar.  Həvarilər bundan xəbər tutub oradan qaçdılar və Likaoniya, Listra, Derbiya şəhərlərinə və bu şəhərlərin ətraf kəndlərinə gəlib  bu yerlərdə xoş xəbəri təbliğ etdilər.  Listrada ayaqlarından şikəst bir adam var idi. O, ömründə heç vaxt yeriməmişdi.  Bu adam Paveli dinləyirdi. Pavel ona diqqətlə baxdı və gördü ki, onun imanı var və o sağala bilər. 10  Onda Pavel ucadan dedi: «Ayağa qalx!» O, yerindən sıçrayıb gəzməyə başladı. 11  Camaat Pavelin bu işini görəndə Likaoniya dilində ucadan dedi: «Allahlar insan cildində yanımıza eniblər!» 12  Onlar Barnabanı Zevs, Paveli isə Hermes adlandırdılar, çünki əsas etibarilə o danışırdı. 13  Şəhərin qabağında yerləşən Zevs məbədinin kahini camaatla birlikdə qurban kəsmək üçün şəhərin darvazalarına öküzlər və çələnglər gətirdi. 14  Həvarilər Barnaba və Pavel isə bunu eşidəndə əbalarını cırdılar, özlərini camaatın arasına atıb 15  qışqırdılar: «Qardaşlar, siz nə edirsiniz? Biz də sizin kimi adi insanıq və xoş xəbəri sizə çatdırmaqda məqsədimiz odur ki, bu boş şeylərdən əl çəkib göyü, yeri, dənizi və onların içindəki hər şeyi yaradan diri Allaha tərəf dönəsiniz. 16  O, keçmişdə hər bir millətə öz yolu ilə getməyə izin vermişdi. 17  Hərçənd Özü haqqında daima şəhadət verirdi: sizə yaxşılıq edərək göydən yağış yağdırır, bərəkətli mövsümlər və bol-bol qida verir, ürəyinizi şadlıqla doydururdu». 18  Həvarilər bu sözləri söyləyərək camaatı qurban kəsməkdən güclə saxlayırdılar. 19  Lakin Antakiya və Konyadan gəlmiş yəhudilər camaatı qızışdırıb Paveli daşa basdılar və sonra onu ölmüş sanıb şəhərdən kənara atdılar. 20  Şagirdlər onun başına yığışanda Pavel ayağa qalxıb şəhərə girdi. Ertəsi gün o, Barnaba ilə Derbiya şəhərinə yola düşdü. 21  Həmin şəhərdə xoş xəbəri təbliğ edib xeyli şagird hazırlayandan sonra onlar Listraya, Konyaya və Antakiyaya qayıtdılar. 22  Oradakı şagirdləri ürəkləndirib imanda qalmağa təşviq edərək deyirdilər: «Biz çoxlu əzab-əziyyətdən keçib Allahın padşahlığına girməliyik». 23  Həvarilər həmçinin hər yığıncaqda ağsaqqallar təyin etdilər, oruc tutub dua etdikdən sonra şagirdləri iman gətirdikləri Allaha, Yehovaya əmanət etdilər. 24  Pavel ilə Barnaba Pisidiyadan keçib Pamfiliyaya gəldilər, 25  Pergiyada Allahın sözünü təbliğ etdilər və sonra Attaliyaya getdilər. 26  Həvarilər oradan Antakiyaya üzdülər. Onlar aldıqları tapşırığı yerinə yetirmək üçün məhz bu şəhərdə Allahın lütfünə əmanət edilmişdilər və indi həmin işi başa çatdırmışdılar. 27  Həvarilər Antakiyaya gəldilər və yığıncaqla görüşüb, Allahın onların vasitəsilə gördüyü işləri, həmçinin digər millətlərə iman qapısını açdığını qardaşlara danışdılar. 28  Beləliklə, onlar bir müddət şagirdlərin yanında qaldılar.

Haşiyələr