Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 13:1—52

13  Antakiyadakı yığıncaqda bu adamlar peyğəmbərlik və müəllimlik edirdilər: Barnaba, Qara* ləqəbli Simeon, kirenalı Luki, vilayət hakimi Hirodla bir yerdə təhsil almış Manaen və Şaul.  Onlar oruc tutub Yehovaya xidmət edən zaman müqəddəs ruh dedi: «Barnaba və Şaulu mənim üçün ayırın. Mən onları seçmişəm, onlara iş tapşıracağam».  Onlar oruc tutdular, dua etdilər və sonra əllərini Barnaba ilə Şaulun üzərinə qoyub yola saldılar.  Müqəddəs ruh tərəfindən göndərilən bu adamlar Selevkiyaya getdilər, oradan da Kiprə üzdülər.  Salamisə çatanda yəhudi sinaqoqlarında Allahın sözünü təbliğ etməyə başladılar. Yəhya onların qulluğunda dururdu.  Onlar bütün adanı dolaşa-dolaşa gəlib Pafosa çıxdılar. Orada Baryeşu adında bir yəhudi vardı; o, saxta peyğəmbər idi və cadugərlik edirdi.  O, vali Sergi Pavelin qulluğunda idi. Sergi Pavel çox ağıllı adam idi və Allahın sözünü dinləməyi ürəkdən arzulayırdı, buna görə də Barnaba ilə Şaulu yanına çağırdı.  Ancaq cadugər Elima (bu adın mənası «cadugər» deməkdir) onlara müqavimət göstərməyə başladı. O, valini imandan döndərmək niyyətində idi.  Onda həmçinin Pavel adlanan Şaul müqəddəs ruhla doldu və gözlərini ona zilləyib 10  dedi: «Ey İblisin balası, salehliyin düşməni! Sənin için hər cür yalan və pisliklə doludur! Nə vaxta qədər Yehovanın düz yollarını əyəcəksən? 11  Bax, Yehovanın əli sənə qarşı qalxıb. Sən kor olacaqsan, bir müddət günəş işığına həsrət qalacaqsan». O andaca Elimanın gözünə qatı duman və qaranlıq çökdü. O, ora-bura vurnuxaraq özünə bələdçi axtarmağa başladı. 12  Vali bunu görəndə iman gətirdi, çünki Yehova haqqında öyrəndikləri onu valeh etmişdi. 13  Pavel yoldaşları ilə birlikdə Pafosdan dənizə çıxdı və Pamfiliyada yerləşən Pergiyaya gəldi. Yəhya isə onlardan ayrılıb Yerusəlimə qayıtdı. 14  Pavel və Barnaba Pergiyadan çıxıb Pisidiya bölgəsindəki Antakiyaya gəldilər və şənbə günü sinaqoqa girib əyləşdilər. 15  Qanun və Peyğəmbərlərin kitabları oxunduqdan sonra sinaqoqun rəisləri onların yanına adam göndərib soruşdular: «Qardaşlar, xalqı ruhlandırmağa sözünüz varsa, buyurun, söyləyin». 16  Pavel ayağa qalxdı, əli ilə işarə edib sözə başladı: «Ey israillilər və ürəyində Allah qorxusu olanlar, məni dinləyin. 17  İsrail xalqının Allahı ulu atalarımızı seçdi. O, Misir torpağında qərib kimi yaşayan bu xalqı ucaltdı, güclü qolu ilə onu oradan çıxartdı. 18  Allah təxminən qırx il ərzində səhrada onların hər bir hərəkətinə dözdü. 19  Kənan torpağında yeddi xalqı məhv edəndən sonra torpağı püşklə aralarında bölüşdürdü. 20  Bütün bunlar təxminən dörd yüz əlli il ərzində baş vermişdir. Sonra Allah onlara hakimləri verdi. Hakimlər Şamuel peyğəmbərin dövrünə kimi onlara başçılıq edirdi. 21  Amma sonra onlar padşah tələb etdilər və Allah onların üzərində Binyamin qəbiləsindən Kiş oğlu Şaulu padşah qoydu. Şaul qırx il hakimiyyət sürdü. 22  Allah onu taxtdan salıb Davudu onlar üçün padşah qoydu. O, Davud haqqında şəhadət verərək demişdi: “Mən Yeşay oğlu Davudu tapdım, o, Mənim ürəyimcədir. O, istədiyim hər şeyi edəcək”. 23  Allah vədinə sadiq qalıb bu adamın nəslindən İsrailə xilaskar verdi. Bu xilaskar İsadır. 24  Onun gəlişindən əvvəl Yəhya bütün İsrail xalqına tövbə rəmzi olan vəftizi təbliğ etmişdi. 25  Yəhya öz xidmətini başa çatdırmaq üzrə olanda belə demişdi: “Məni kim hesab edirsiniz? Mən düşündüyünüz şəxs deyiləm. Amma məndən sonra gələn var, mən hətta onun ayağındakı səndəlin bağını açmağa layiq deyiləm”. 26  Ey qardaşlar, İbrahimin oğulları və ürəyində Allah qorxusu olanlar, xilas barədə bu xəbər bizə göndərilib. 27  Yerusəlim əhli və onların rəhbərləri onu qəbul etmədilər, çıxardıqları hökmlə Peyğəmbərlərin dediklərini, hər şənbə günü ucadan oxunan sözləri yerinə yetirdilər. 28  O adamda ölümə layiq bir şey tapmadılar, amma Pilatdan onu edam etdirməyi tələb etdilər. 29  Onun haqqında yazılmış hər şeyi yerinə yetirdikdən sonra onu dirəkdən endirib sərdabəyə qoydular. 30  Lakin Allah onu diriltdi 31  və o, Qalileyadan onunla birlikdə Yerusəlimə gəlmiş adamlara xeyli vaxt ərzində göründü. Bu adamlar indi xalqa onun haqqında şahidlik edirlər. 32  Beləliklə, biz sizə ulu atalarımıza verilmiş vəd haqqında xoş xəbəri çatdırırıq. 33  Allah İsanı diriltməklə bu vədi onların övladları, yəni bizim üçün yerinə yetirdi, necə ki, ikinci məzmurda deyilir: “Sən Mənim oğlumsan, bu gün Mən sənə Ata oldum”. 34  Allah onu diriltdi, onun bədəni heç vaxt çürüməyəcək. Allah bu fikri belə ifadə edib: “Mən sizə Davuda vəd etdiyim sadiq məhəbbəti göstərəcəyəm”. 35  Başqa məzmurda da belə deyilir: “Sən qoymazsan ki, vəfalı qulun çürüsün”. 36  Davud öz günlərində Allahın niyyətinə xidmət etmiş və sonra ölüm yuxusuna getmişdir. O, dədə-babalarının yanında dəfn edildi və çürüdü. 37  Allahın diriltdiyi o insan isə çürümədi. 38  Qardaşlar, bunu bilin ki, biz sizə bu adam vasitəsilə günahların bağışlandığını bildiririk. 39  Bəli, Musanın qanunu ilə bağışlanması mümkün olmayan bütün günahlarınız onun vasitəsilə bağışlanır, iman gətirən hər kəs onun vasitəsilə bağışlanır. 40  Buna görə də özünüzü gözləyin ki, Peyğəmbərlərin kitablarında deyilənlər sizin başınıza gəlməsin: 41  “Ey həqarətli adamlar, baxın və mat qalın, gözümün qabağından itilin, çünki Mən sizin günlərdə elə bir iş görəcəyəm ki, onun haqqında sizə ətraflı danışsalar da, əsla inanmayacaqsınız”». 42  Pavel və Barnaba çölə çıxanda camaat yalvar-yaxar edib onlardan xahiş etdi ki, gələn şənbə də bu haqda danışsınlar. 43  Sinaqoqdakılar dağılışandan sonra yəhudilərin və prozelitlərin arasından xeyli dindar adam Pavellə Barnabanın dalınca getdi. Onlar bu adamları Allahın lütfünə layiq yaşamağa təşviq edirdilər. 44  Gələn şənbə günü demək olar ki, bütün şəhər Yehovanın sözünü dinləməyə yığışdı. 45  Yəhudilər bir belə camaatı görəndə paxıllıqdan alışıb yandılar və küfr danışa-danışa Pavelin dediklərinə qarşı çıxmağa başladılar. 46  Pavel və Barnaba cəsarətlə dedilər: «Allahın sözü ilk növbədə sizə çatdırılmalı idi. Madam ki, siz bu sözü rədd etdiniz və özünüzü əbədi həyata layiq hesab etmirsiniz, biz digər millətlərə müraciət edirik. 47  Yehova bizə belə əmr edib: “Mən səni millətlər üçün nur təyin etdim ki, yerin ucqarlarına qədər xilas gətirəsən”». 48  Başqa millətlərdən olanlar bu sözləri eşidəndə çox sevindilər və Yehovanın sözünü tərənnüm etməyə başladılar. Ürəyində əbədi həyata düzgün meyli olanların hamısı iman gətirdi. 49  Yehovanın sözü bütün o əraziyə yayılırdı. 50  Lakin yəhudilər şəhərin dindar və mötəbər qadınlarını, həmçinin nüfuzlu adamlarını qızışdırıb Pavel ilə Barnabaya qarşı qaldırdılar və onlar həvariləri öz torpaqlarından qovdular. 51  Pavel və Barnaba onların qarşısında ayaqlarının tozunu çırpıb* Konyaya getdilər. 52  Şagirdlərin sevinci aşıb-daşır, onlar müqəddəs ruhla dolurdular.

Haşiyələr

Hərfən «Niger»
Matta 10:14 haşiyəsinə bax