Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 11:1—30

11  Yəhudeyada olan həvarilər və qardaşlar başqa xalqlardan olanların da Allahın sözünü qəbul etdiklərini eşitdilər.  Peter Yerusəlimə gələndə sünnət tərəfdarları onunla mübahisəyə girişib  onun sünnət edilməmişlərin evinə girdiyini və onlarla çörək kəsdiyini dedilər.  Onda Peter hər şeyi təfərrüatı ilə onlara izah etməyə başladı:  «Mən Yaffa şəhərində idim və dua edirdim. Bu zaman mənə bir xəyal gəldi. Xəyalda böyük kətan süfrəyə bənzər bir şey dörd ucundan asılıb göydən yerə endirilirdi. O, düz mənim qabağıma gəldi.  Bu süfrənin içinə baxanda orada yerin dördayaqlı canlılarını, vəhşi heyvanları, sürünənləri və göy quşlarını gördüm.  Həmçinin bir səs eşitdim. Bu səs mənə dedi: “Peter, dur, kəs və ye!”  Ancaq mən dedim: “Xeyr, Ağa, mənim dilimə heç vaxt murdar və ya natəmiz şey dəyməyib”.  Göydən gələn səs ikinci dəfə dedi: “Bir də Allahın təmizlədiyi şeylərə murdar demə”. 10  Bu səs üçüncü dəfə təkrarlandı və hər şey göyə qalxdı. 11  Bu dəm Qeysəriyyədən mənim dalımca göndərilmiş üç adam qaldığımız evə yaxınlaşdı. 12  Ruh mənə dedi ki, tərəddüd etmədən onlarla gedim. Bu altı qardaş da mənimlə getdi və biz o adamın evinə girdik. 13  Həmin adam evinə mələk gəldiyini bizə danışdı. Mələk ona demişdi: “Yaffaya adam göndər və Peter ləqəbli Şimonu çağırtdır. 14  Onun danışacağı sözlərin sayəsində sən və evindəkilər xilas olacaqsınız”. 15  Mən sözə başladım. Birdən onlara, lap başlanğıcda bizə verildiyi kimi, müqəddəs ruh verildi. 16  Onda Ağanın sözləri yadıma düşdü: “Yəhya su ilə vəftiz edirdi, siz isə müqəddəs ruhla vəftiz ediləcəksiniz”. 17  Əgər Allah Ağamız İsa Məsihə iman gətirən bizlərə bağışladığı ənamı onlara da bağışlayıbsa, mən kiməm ki, Allaha mane olum?» 18  Onlar bu sözləri eşidəndə sakitləşdilər və Allaha həmd edib dedilər: «Deməli, Allah başqa millətlərdən olanlara da tövbə edib yaşamaq imkanı verdi». 19  Stefanın qətlindən sonra başlayan təqibə görə dağılışanlar Finikiya, Kipr və Antakiyaya gedib çıxdılar. Amma onlar Allahın sözünü yalnız yəhudilərə danışırdılar. 20  Aralarında kiprli və kirenalı şagirdlər vardı. Bu şagirdlər Antakiyaya gəldilər. Onlar yunandilli əhali ilə söhbət edir və Ağamız İsa haqqında xoş xəbəri onlara bildirirdilər. 21  Yehova onlarla idi və xeyli adam Ağamıza iman gətirib onun yoluna qoşuldu. 22  Onların sorağı Yerusəlimdəki yığıncağa çatdı və yığıncaq Barnabanı Antakiyaya göndərdi. 23  Barnaba ora gələndə Allahın lütfünü görüb sevindi və hamını Ağaya ürəkdən, mətanətlə sadiq qalmağa çağırdı. 24  O, müqəddəs ruhla dolu, imanlı və yaxşı bir adam idi. Beləliklə, Ağamızın yolu ilə gedənlərə xeyli adam qoşuldu. 25  Sonra Barnaba Şaulu axtarmaq üçün Tarsa yollandı. 26  Onu tapıb Antakiyaya gətirdi. Onlar bir il ərzində oradakı yığıncaqla əməkdaşlıq edir, Allahın sözünü camaata öyrədirdilər. Şagirdlər Allahın rəhbərliyi ilə ilk dəfə Antakiyada məsihçi adlanmağa başladılar. 27  O günlərdə Yerusəlimdən Antakiyaya peyğəmbərlər gəldilər. 28  Aqab adlı peyğəmbər durub bütün yer üzündə bərk qıtlıq olacağını ruh vasitəsilə xəbər verdi. Doğrudan da, Klavdinin dövründə qıtlıq oldu. 29  Onda şagirdlər qərarlaşdırdılar ki, hər kəs Yəhudeyada yaşayan qardaşlara gücü çatan qədər yardım göstərsin; 30  onlar belə də etdilər. Yardımı toplayıb Barnaba və Şaul ilə ağsaqqallara göndərdilər.

Haşiyələr