Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 10:1—48

10  Qeysəriyyədə Kornili adında bir adam yaşayırdı. O, italyan hərbi dəstəsinin yüzbaşısı idi.  Kornili mömin bir adam idi, ev əhli də özü kimi Allahdan qorxan adamlar idi. O, xalq üçün xeyirxah işlər görür, daima Allaha dua edirdi.  Bir gün təxminən günorta saat üç* olardı. Ona bir xəyal göründü. Kornili xəyalda aydınca gördü ki, Allahın bir mələyi içəri girib onu səslədi: «Kornili!»  O, mələyə baxanda qorxub dedi: «Bəli, Ağa!» Mələk ona dedi: «Sənin duaların, xeyirxah işlərin Allahın dərgahına yetişib və Allah onları yad etdi.  Dur, Yaffaya adam göndər və Peter ləqəbli Şimonu çağır.  Bu adam Şimon adlı bir dabbağın qonağıdır. Onun evi dəniz kənarındadır».  Mələk çıxıb gedən kimi, Kornili iki nökərini və tabeçiliyində olan əsgərlərin arasından mömin bir əsgəri çağırdı,  hər şeyi onlara danışıb Yaffaya göndərdi.  Ertəsi gün, günorta saat on iki* radələrində onlar şəhərə yaxınlaşırdılar. Peter də bu vaxt dua etmək üçün evin damına çıxmışdı. 10  Birdən o acdı və yemək istədi. Nahar hazırlanan zaman ona bir xəyal gəldi. 11  Peter gördü ki, göy açıldı və böyük kətan süfrəyə oxşar bir şey dörd ucundan asılıb yerə endirildi. 12  Onun içində cürbəcür heyvan: dördayaqlılar, sürünənlər və göy quşları var idi. 13  Bir səs ona dedi: «Peter, dur, kəs və ye!» 14  Peter isə dedi: «Xeyr, Ağa, mənim dilimə heç vaxt murdar və natəmiz şey dəyməyib». 15  Səs yenidən, ikinci dəfə onunla danışdı və dedi: «Bir də Allahın təmizlədiyi şeylərə murdar demə». 16  Üçüncü dəfə də eyni şey təkrar olundu və süfrə o andaca göyə aparıldı. 17  Peter çaş-baş qalıb bu xəyalın mənası üzərində baş sındırırdı. Elə bu vaxt Kornilinin göndərdiyi adamlar Şimonun evini axtara-axtara gəlib darvazanın qarşısında dayandılar. 18  Onlar ucadan səsləyib Peter ləqəbli Şimonun burada qonaq olub-olmadığını xəbər aldılar. 19  Peter xəyalla bağlı dərin düşüncələrə dalarkən ruh ona dedi: «Səni üç nəfər axtarır. 20  Dur, aşağı düş və onlarla get, tərəddüd etmə, çünki onları mən göndərmişəm». 21  Peter aşağı düşüb o adamlara dedi: «Axtardığınız adam mənəm. Bura nə üçün gəlmisiniz?» 22  Onlar cavab verdilər: «Bizi bütün Yəhudi xalqının rəğbətini qazanmış saleh adam, ürəyində Allah qorxusu olan yüzbaşı Kornili göndərib. Allah ona müqəddəs mələk vasitəsilə göstəriş verib ki, səni evinə dəvət etsin və dinləsin». 23  Peter bu adamları içəri dəvət edib onlara qonaqpərvərlik göstərdi. Ertəsi gün o durub onlarla yola düşdü, Yaffadan bir neçə qardaş da onunla getdi. 24  Növbəti gün o, Qeysəriyyəyə gəlib çatdı. Kornili bütün qohum-əqrəbasını və yaxın dostlarını evinə yığıb onların yolunu gözləyirdi. 25  O, Peteri qarşıladı, qabağında təzim edib ayaqlarına düşdü. 26  Peter isə onu qaldırıb dedi: «Ayağa qalx, mən də sənin kimi bir insanam». 27  Onlar danışa-danışa içəri keçdilər. Peter gördü ki, burada çoxlu adam yığışıb və 28  onlara dedi: «Siz yaxşı bilirsiniz ki, yəhudinin başqa millətdən olan adamla ünsiyyət qurmasına və ya onun yanına getməsinə Qanun yol vermir. Lakin Allah mənə göstərdi ki, mən heç kəsi murdar və ya natəmiz saymamalıyam. 29  Buna görə də məni çağıranda etiraz etməyib gəldim. İndi, deyin görüm məni nə üçün çağırmısınız?» 30  Kornili sözə başladı: «Bu vaxtdan geri hesablasaq, dörd gün əvvəl günorta saat üç olardı, mən evimdə dua edirdim. Birdən qabağımda parlaq libaslı bir adam peyda oldu 31  və dedi: “Kornili, sənin duan eşidildi və Allah xeyirxah işlərini yad etdi. 32  Buna görə də Yaffaya Peter ləqəbli Şimonun dalınca adam göndər. O, dəniz kənarında yaşayan dabbağ Şimonun evində qonaqdır”. 33  Mən də o saat sənin dalınca adam göndərdim. İndi, sən bizə xoş gəlmisən. Gördüyün kimi, hamımız Allahın qarşısında yığışmışıq. Buyur danış, Yehovanın sənə əmr etdiyi şeyləri dinləməyə hazırıq». 34  Peter sözə başladı: «Doğrudan da, görürəm ki, Allahımız ayrı-seçkilik etməyən Allahdır, 35  hər xalqın içində Ondan qorxan və saleh həyat sürən adamı xoşlayır. 36  O, İsrail oğullarına Öz sözünü göndərdi və hər kəsin Ağası olan İsa Məsih vasitəsilə gələn sülh haqqında xoş xəbəri onlara çatdırdı. 37  Yəhyanın təbliğ etdiyi vəftizdən sonra Qalileyadan tutmuş bütün Yəhudeyada hamı bir mövzudan danışırdı. 38  Yəqin ki, siz də Allahın nazaretli İsanı müqəddəs ruhla və qüvvə ilə məsh etdiyini, onun torpağımızı gəzib dolaşaraq insanlara yaxşılıq etdiyini, İblisin əziyyət verdiyi adamları sağaltdığını eşitmisiniz. Allah bu adamla idi. 39  Biz onun həm yəhudilərin ölkəsində, həm Yerusəlimdə gördüyü işlərin şahidiyik. Onlar isə İsanı dirəkdən asıb öldürdülər. 40  Allah onu üçüncü gündə diriltdi və insanlara görünməsinə icazə verdi, 41  amma hər kəsə yox, Özünün qabaqcadan təyin etdiyi şahidlərə, diriləndən sonra onunla çörək kəsən bizlərə görünməsinə izin verdi. 42  İsa əmr etdi ki, biz xalqa təbliğ edib Allahın onu dirilərin və ölülərin hakimi təyin etdiyinə ətraflı şəhadət verək. 43  Bütün peyğəmbərlər onun haqqında şəhadət verir, ona iman gətirən hər kəsin günahlarının onun adı ilə bağışlanacağını bildirirlər». 44  Peter hələ sözünü qurtarmamış Allahın sözünü dinləyənlərə müqəddəs ruh verildi. 45  Peterlə gəlmiş sadiq qardaşlar sünnət edilmişlərdən idilər. Onları heyrət bürüdü, çünki müqəddəs ruh ənamı digər millətlərin adamlarının da üzərinə tökülürdü. 46  Bu qardaşlar onların başqa dillərdə danışdığını və Allaha həmd etdiyini eşidirdilər. Onda Peter dedi: 47  «Məgər kimsə bu adamların suda vəftiz olunmasına mane ola bilər? Axı onlar da, bizim kimi, müqəddəs ruh alıblar». 48  Sonra onlara İsanın adı naminə vəftiz olunmağı tapşırdı. Onlar Peterdən xahiş etdilər ki, o, bir neçə gün yanlarında qalsın.

Haşiyələr

Hərfən «günün doqquzuncu saatı»
Hərfən «günün altıncı saatı»