Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Həvarilərin işləri 1:1—26

1  Ey Teofil! Birinci hekayətdə İsanın, başlanğıcdan ta göyə alındığı günədək, gördüyü bütün işləri və təlimləri,  həmçinin seçdiyi həvarilərinə müqəddəs ruh vasitəsilə verdiyi əmrlər haqqında yazmışam.  O, çəkdiyi əzablardan sonra sağ olduğunu bir çox danılmaz sübutlarla onlara göstərdi. Həvarilər onu qırx gün ərzində görürdülər və İsa onlara Allahın padşahlığı haqqında danışırdı.  İsa görüşlərin birində onlara bu əmri verdi: «Yerusəlimdən uzaqlaşmayın, Atamın verdiyi və məndən eşitdiyiniz vədin həyata keçməsini gözləyin.  Çünki Yəhya su ilə vəftiz edib, siz isə bir neçə gündən sonra müqəddəs ruhla vəftiz ediləcəksiniz».  Onlar bir yerdə toplaşdıqları zaman İsadan soruşdular: «Ağa, İsraildə padşahlığı indi bərpa edəcəksən?»  İsa onlara cavab verdi: «Zaman və ya müddətləri bilmək sizin işiniz deyil, bu ixtiyar Atama məxsusdur.  Amma müqəddəs ruh üzərinizə gələndə siz qüvvət alacaqsınız və Yerusəlimdə, bütün Yəhudeya və Samariyada, hətta yerin ucqarlarınadək mənim şahidim olacaqsınız».  Bunları deyəndən sonra İsa onların gözü önündə yuxarı qaldırıldı və bulud onu örtüb görünməz etdi. 10  İsa göyə qalxarkən onlar durub baxırdılar. Bu zaman ağ libaslı iki kişi peyda olub onlara 11  dedi: «Ey qalileyalılar! Niyə durub göyə baxırsınız? Sizdən göyə götürülən bu İsa, göyə getdiyini gördüyünüz kimi, eyni tərzdə geri gələcək». 12  Bundan sonra onlar Zeytun dağından Yerusəlimə qayıtdılar. Bu dağ Yerusəlimdən şənbə yolu məsafəsində* yerləşir. 13  Şəhərə gəlib üst mərtəbəyə, qaldıqları otağa çıxdılar. Bunlar Peter, Yəhya, Yaqub, Andreas, Filip, Tomas, Bartolomey, Matta, Alfeyin oğlu Yaqub, «Qeyrətli» ləqəbi verilmiş Şimon və Yaqubun oğlu Yəhuda idi. 14  Bəzi qadınlar, habelə İsanın anası Məryəm və qardaşları da onlarla birlikdə idi. Onların hamısı yekdilliklə və aramsız dua edirdilər. 15  O günlərdə təxminən yüz iyirmi adam bir yerə toplaşmışdı. Peter qardaşların arasında durub dedi: 16  «Qardaşlar! Yazılarda müqəddəs ruh Davudun dili ilə İsanı tutanları gətirən Yəhuda haqqında əvvəlcədən söyləmişdi. Bu, mütləq yerinə yetməli idi, 17  çünki o, bizlərdən biri idi və bu xidmətdə payı vardı. 18  (Bu adam pis əməllə qazandığı pula tarla aldı. Başı aşağı yıxılanda qarnı yırtıldı və bağırsaqları çölə töküldü. 19  Yerusəlimin bütün sakinləri bu hadisədən xəbər tutdu. Buna görə də bu tarlaya onların dilində Hakeldama, yəni Qan Tarlası deyilir.) 20  Çünki Məzmurlar kitabında yazılıb: “Yurdu boş qalsın, evində yaşayan olmasın” və “Nəzarətçi vəzifəsini başqası tutsun”. 21  Buna görə də Ağamız İsa aramızda fəaliyyət göstərdiyi müddət ərzində həmişə bizimlə yığışanlardan biri 22  bizimlə birgə onun dirilməsinə şahidlik etməlidir. Bu adam İsanın Yəhya tərəfindən vəftiz olunduğu gündən ta bizdən alındığı günə kimi, aramızda olan adamlardan biri olmalıdır». 23  Onda iki nəfər təklif edildi. Bunlardan biri Barsaba və Yust adları ilə tanınan Yusif, o birisi Mattiya idi. 24  Həvarilər dua edib dedilər: «Ey Yehova! Sən hər kəsin ürəyini bilirsən. Bu iki nəfərdən kimi seçdiyini bizə göstər ki, 25  həmin adam, Yəhudanın öz yolu ilə gedib imtina etdiyi bu xidməti və həvarilik vəzifəsini yerinə yetirsin». 26  Onlar püşk atdılar və püşk Mattiyaya düşdü. Onu on bir həvarinin sırasına daxil etdilər.

Haşiyələr

Təxminən 2000 qulac (890 metr.) Yeşua 3:4-lə müqayisə et