Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

Filipililərə 2:1—30

2  Beləliklə, Məsihin davamçısı olaraq bir-birinizi ruhlandırır, məhəbbətlə təsəlli verir və mehribancasına, şəfqətlə bir-birinizin qayğısına qalırsınızsa,  sevincim bütöv olsun deyə, bundan sonra da həmfikir olun, aranızda qarşılıqlı məhəbbət olsun, can bir qəlbdə, yekdil olun.  Höcətlə və ya şöhrətpərəstliklə heç nə etməyin. Əksinə, təvazökar* olub başqalarını özünüzdən üstün sayın.  Yalnız öz xeyrinizi güdməyin, başqalarının da xeyrini düşünün.  Məsih İsa kimi düşünün.  O, Allahın simasında olsa da, Onun mövqeyinə göz dikməyi, yəni Allaha bərabər olmağı fikrinə belə gətirmədi.  Əksinə, o özünü hər şeydən məhrum etdi və qul surətini qəbul edib insan oldu.  O, insan kimi mövcud olanda özünü alçaltdı və ölümədək — işgəncə dirəyi üzərində ölənədək itaətkar qaldı.  Buna görə də Allah onu daha yüksək mövqeyə ucaltdı və ona bütün adlardan üstün bir ad bəxş etdi ki, 10  göydə, yerdə və yerin altında olanların hamısı İsanın adı qarşısında diz çöksün, 11  hər ağız İsa Məsihi Ağa kimi tanısın və Atamız Allaha tərif ucaltsın. 12  Mənim əzizlərim, sizin yanınızda olanda həmişə itaətkarlığınızın şahidi olmuşam. İndi isə mən yanınızda olmadığım bir halda daha da canla-başla itaət göstərib qorxu və ehtiramla, var gücünüzlə xilasa yetişməyə çalışın. 13  Axı Allah Özü sizin arzu və hərəkətlərinizi istədiyi səmtə yönəldərək sizdə fəaliyyət göstərir. 14  Hər şeyi şikayətsiz və mübahisəsiz edin ki, 15  nur kimi par-par parladığınız bu dünyada, bu pozğun və əxlaqsız nəslin içində ləkəsiz və məsum qalıb, Allahın qüsursuz övladları olasınız. 16  Həyat sözündən ikiəlli yapışın. O zaman bu yolda əbəs yerə qaçmadığım və hədər yerə əlləşmədiyim bəlli olacaq, Məsihin günündə sevincim aşıb-daşacaq. 17  İmanla təqdim etdiyiniz qurbanın və xidmətin üzərinə şərab təqdimi kimi tökülməyimə baxmayaraq, mən çox şadam və sizinlə birlikdə sevinirəm. 18  Siz də mənimlə bahəm sevinib şadlanın. 19  Əgər Ağamız İsa məqbul sayarsa, ümid edirəm ki, tezliklə Timoteyi yanınıza göndərəcəyəm. Beləcə, sizdən xəbər tutub ürəkdən sevinəcəyəm. 20  Axı sizin rifahınız üçün belə can yandıran başqa heç kimim yoxdur. 21  Başqaları Məsih İsaya məqbul olan şeyləri yox, yalnız öz xeyirlərini düşünürlər. 22  Amma siz Timoteyin necə ad qazandığını yaxşı bilirsiniz: o, atasına kömək edən uşaq kimi, xoş xəbərin təbliğində mənimlə birlikdə canla-başla xidmət edib. 23  Buna görə də aqibətim məlum olan kimi, məhz onu göndərməyə ümid edirəm. 24  Həmçinin inanıram ki, Ağamızın köməyi ilə özüm də tezliklə yanınıza gələcəyəm. 25  Bundan əlavə, mənə xidmət etmək üçün göndərdiyiniz qardaşım, əməkdaşım və məsləkdaşım Epafroditi sizə geri göndərməyi lazım bilirəm. 26  Çünki onun xəstə olduğunu eşitdiyiniz üçün o, bərk məyus olub və sizi yaman görmək istəyir. 27  O, doğrudan da, xəstələnmişdi, lap ölüm ayağında idi. Lakin Allahın ona rəhmi gəldi, özü də tək ona yox, mənə də, yoxsa dərdim ikiqat artacaqdı. 28  Buna görə də onu dərhal yanınıza göndərmək istəyirəm ki, onu yenidən görüb sevinəsiniz, mənim də dərdim azalsın. 29  Beləliklə, onu Ağamızın xidmətçilərini qarşıladığınız kimi, gülərüzlə qarşılayın və belə adamların qədrini bilin. 30  Çünki o, Ağamızın işi uğrunda özünü təhlükəyə ataraq ölümlə üz-üzə durdu və yanımda olmadığınızdan əvəzinizdə mənə xidmət etdi.

Haşiyələr

Yaxud «ağlınız təvazökar olsun»