Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Peter 1:1—21

1  İsa Məsihin qulu və həvarisi Şimon Peterdən Allahımızın və Xilaskarımız İsa Məsihin salehliyi sayəsində bizimlə eyni şərəfə layiq görülərək həqiqətə iman gətirmiş qardaşlara məktub.  Qoy sizə bağışlanmış lütf və sülh Allahımız haqqında və Ağamız İsa barəsindəki dəqiq bilik sayəsində daha da artsın,  çünki bizi Öz əzəməti və xeyirxahlığı ilə çağıran Allah haqqındakı dəqiq bilik vasitəsilə Onun qarşısında sədaqətlə yaşamağımız üçün Onun ilahi qüdrəti sayəsində bizə hər şey bəxş edilib.  O, əzəməti və xeyirxahlığı vasitəsilə bizə qiymətli və möhtəşəm vədlər verib ki, siz onların sayəsində şəhvətin baş alıb getdiyi pozğun dünyadan qurtulub ilahi təbiətə qovuşa biləsiniz.  Bəli, buna görə siz də öz növbənizdə var gücünüzlə çalışaraq, imanınızı xeyirxahlıqla, xeyirxahlığı biliklə,  biliyi təmkinlə, təmkini dözümlə, dözümü Allaha sədaqətlə,  Allaha sədaqəti qardaşlıq sevgisi ilə, qardaşlıq sevgisini məhəbbətlə tamamlayın.  Əgər bütün bunlar sizdə varsa və daha da artırsa, siz Ağamız İsa Məsih haqqındakı dəqiq bilikdə fəaliyyətsiz və bəhrəsiz qalmayacaqsınız.  Əgər kimdəsə bunlar yoxdursa, o kordur, gözünü nura bağlayıb və keçmiş günahlarından təmizləndiyini unudub. 10  Qardaşlar, buna görə də aldığınız dəvətə və Allah tərəfindən seçildiyinizə layiq yaşamaq üçün var qüvvənizlə çalışın. Bunu etsəniz, heç vaxt yıxılmayacaqsınız. 11  Onda Ağamız və Xilaskarımız İsa Məsihin əbədi padşahlığının qapısı üzünüzə geniş açılacaq. 12  Bu səbəbdən mən bunları sizə daima xatırlatmaq niyyətindəyəm. Hərçənd siz bunları yaxşı bilirsiniz və sizdə olan həqiqətdə möhkəm durmusunuz. 13  Yenə də, nə qədər ki bu bədəndəyəm*, belə hesab edirəm ki, bunları sizə dönə-dönə xatırlatmaq doğru olardı. 14  Axı Ağamız İsa Məsihin mənə bildirdiyi kimi, artıq bu bədəndə yaşamağıma çox az qalıb. 15  Buna görə də indi əlimdən gələni edirəm ki, mən gedəndən sonra siz bunları həmişə özünüzə xatırladasınız. 16  Biz sizə Ağamız İsa Məsihin qüdrəti və iştirakı haqqında danışarkən məharətlə uydurulmuş rəvayətlərə əsaslanmırdıq. Biz onun əzəmətinin şəxsən şahidi olmuşuq. 17  Möhtəşəm calal ona: «Bu, Mənim sevimli Oğlumdur. Mən ondan çox razıyam», — sözlərini çatdırandan sonra o, Atası Allahdan şərəf və şöhrət aldı. 18  Bəli, biz də onunla birlikdə müqəddəs dağda olarkən göydən nazil olan bu sözləri eşitmişdik. 19  Beləliklə, biz peyğəmbərlik sözünün doğruluğuna daha da əmin olmuşuq və siz düz edirsiniz ki, səhər açılıb dan ulduzu çıxanadək qaranlıqda, yəni ürəyinizdə çıraq kimi işıq saçan bu sözə diqqətlə baxırsınız. 20  Axı siz yaxşı bilirsiniz ki, Müqəddəs Yazılardakı heç bir peyğəmbərlik kiminsə şəxsi fikirlərindən doğmayıb. 21  Çünki peyğəmbərliklər heç vaxt insan istəyi ilə meydana gəlməyib, insanlar müqəddəs ruhdan ilham alaraq Allahdan gələn sözləri danışıblar.

Haşiyələr

Hərfən «bu çadırdayam»