Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 12:1—21

12  Öyünməyə məcburam. Hərçənd bunun heç bir faydası yoxdur, amma yenə də, fövqəltəbii xəyallara və Ağamızdan gələn vəhylərə keçim.  Məsihin yolunda olan bir adam tanıyıram. On dörd il bundan əvvəl o, göylərə* aparılmışdı (düzü bilmirəm, cismən, yoxsa ruhən*, bunu bir Allah bilir).  Bəli, belə adamı tanıyıram (cismən, yoxsa ruhən aparılmışdı, deyə bilmərəm, bunu bir Allah bilir).  O, cənnətə aparılmışdı və ifadə edilməz, danışılması yasaq olunan sözlər eşitmişdi.  Bax belə adamla öyünəcəyəm, özümlə isə yox, öyünsəm də ancaq zəifliklərimlə öyünəcəyəm.  Nə vaxtsa öyünmək istəsəm, ağılsızlıq etməyəcəyəm, çünki həqiqəti söyləyəcəyəm. Ancaq öyünmürəm ki, heç kəs mənim işlərimi görüb, ya da sözlərimi eşidib mənim haqqımda həddindən artıq yüksək fikirdə olmasın,  nə var-nə var mənə çoxlu vəhy verilib. Bu səbəbdən lovğalanmayım deyə, məni qamçılamaq üçün bədənimi tikan kimi deşən Şeytanın mələyi verilib ki, qürrələnməyim.  Bu məsələyə görə Rəbbə düz üç dəfə yalvardım ki, canımı bu bəladan qurtarsın,  ancaq O, mənə dedi: «Lütfüm sənə yetər. Çünki sən zəif olanda Mənim gücümdən bütöv pay alırsan». Buna görə də mən böyük məmnuniyyətlə öz zəifliklərimlə öyünərəm ki, Məsihin gücü çadır kimi üzərimdə qalsın. 10  Buna görə də Məsih uğrunda zəif olmaqdan, təhqirlərə, yoxluğa, təqiblərə və çətinliklərə qatlaşmaqdan həzz alıram. Çünki mən məhz zəif olanda güclüyəm. 11  Mən ağılsız hərəkət etdim və məni buna siz məcbur etdiniz. Məni gərək siz tərifləyəydiniz. Axı sizin gözünüzdə heç nə olsam da, o görkəmli həvarilərinizdən heç nəyim əskik deyil. 12  Doğrudan da, həvariliyimi təsdiq edən dəlillər sizə əlamət, möcüzə, qüdrətli işlər və tam dözümlə nümayiş etdirilib. 13  Digər yığıncaqlardan nəyiniz əskikdir? Sizə yük olmamağım? Bu qəbahətimi də əfv edin. 14  Artıq üçüncü dəfədir yanınıza gəlmək istəyirəm. Bu dəfə də sizə yük olmayacağam. Axı malınızda gözüm yoxdur, mənə siz lazımsınız. Çünki uşaqlar valideynləri üçün yox, valideynlər uşaqları üçün yığmalıdırlar. 15  Mən nəyim varsa hər şeyimi, hətta öz canımı belə, sizin yolunuzda fəda etməyə hazıram. Bir belə sevgimin müqabilində məgər az sevilməliyəm? 16  Hər halda mən sizə yük olmamışam. Siz isə məni «hiyləgər» adlandırır və deyirsiniz ki, mən sizi «aldadıb» tələyə salmışam. 17  Məgər yanınıza göndərdiyim adamlar vasitəsilə sizdən öz xeyrim üçün istifadə etmişəm? 18  Mən Titusu dilə tutdum və bir qardaşla birlikdə yanınıza göndərdim. Olmaya, Titus sizdən öz xeyri üçün istifadə edib? Məgər biz eyni niyyətlə hərəkət etməmişik? Eyni yolda yeriməmişik? 19  Doğrudanmı, indiyədək özümüzü müdafiə etdiyimizi düşünürsünüz? Biz Allahın qarşısında Məsihin davamçıları kimi danışırıq. Əzizlərim, yadınızdan çıxarmayın ki, bütün bunları imanınızın möhkəmlənməsindən ötrü yazıram. 20  Qorxuram ki, mən gələndə sizi istədiyim vəziyyətdə görməyim, siz də məni istədiyiniz halda görməyəsiniz. Qorxuram, aranızda çəkişmə, paxıllıq, hiddət, didişmə, şər-böhtan, dedi-qodu, lovğalıq, qatma-qarışıqlıq olsun. 21  Narahatam ki, bu dəfə yanınıza gələndə günah işləmiş və natəmiz işlərindən, cinsi əxlaqsızlıqdan və pozğun davranışlarından əl çəkib tövbə etməyənlərə görə yas tutmalı oldum. Bəlkə, Allahım bu biabırçılığı mənə göstərdi.

Haşiyələr

Hərfən «üçüncü göyə»
Hərfən «bədəndən ayrı»