Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

2 Korinflilərə 11:1—33

11  Ümidvaram ki, bir az ağılsızlıq etsəm, buna dözərsiniz. Onsuz da mənə dözürsünüz.  Nikah bağlayacağınız kişiyə sizi mən nişanlamışam. Buna görə də sizi tərtəmiz bakirə qız kimi, Məsihə təqdim etmək üçün sizdən ötrü Allahın qeyrətinə bənzər qeyrət çəkirəm.  Ancaq qorxuram ki, ilan hiyləgərliyi ilə Həvvanı necə tovladısa, sizin də zehniniz korlanıb Məsihə layiq səmimiyyətdən və saflıqdan uzaqlaşsın.  Çünki kimsə gəlib sizə bizim təbliğ etdiyimizdən fərqlənən İsanı təbliğ edəndə, yaxud ovqatınızdan* fərqlənən bir ovqat sizə təsir göstərəndə və ya sizə qəbul etdiyiniz xoş xəbərdən fərqlənən bir xoş xəbər gətirəndə, belə adamlara dözürsünüz.  Elə düşünürəm ki, sizin o görkəmli həvarilərinizdən heç nəyim əskik deyil.  Əgər natiq kimi məharətli deyiləmsə, bilikdə ki əskikliyim yoxdur; biz bunu hər sahədə sizə müxtəlif yollarla göstərmişik.  Yoxsa sizi ucaltmaq üçün özümü alçaltmaqla günah iş tutmuşam? Axı mən Allahın xoş xəbərini böyük məmnuniyyətlə, təmənnasız sizə təbliğ etmişəm.  Sizə xidmət etmək üçün başqa yığıncaqların boğazından kəsib maddi yardım almışam.  Ancaq sizin yanınızda olarkən ehtiyac duyanda heç birinizə yük olmadım, çünki Makedoniyadan gəlmiş qardaşlar ehtiyacımı bolluca təmin etdilər. Bəli, mən heç vaxt sizə yük olmamışam və olmayacağam da. 10  Nə qədər ki, məndə Məsihin həqiqəti var, mən Axayya bölgəsində bununla daima öyünəcəyəm. 11  Soruşursunuz niyə? Yoxsa elə bilirsiniz sizi sevmirəm? Bir Allah bilir, sizi necə sevirəm. 12  Bunu, öyünərək bizimlə eyni mövqeyə layiq görülməyə çalışanların əlinə fürsət verməmək üçün edirəm və edəcəyəm. 13  Bunlar Məsihin həvarisi cildinə girmiş qondarma həvarilər, fırıldaqçılardır. 14  Burada təəccüblü heç nə yoxdur, çünki Şeytan da nur mələyi cildinə girir. 15  Onun xidmətçiləri də salehlik xidmətçisi cildinə girirlərsə, burada qeyri-adi bir şey yoxdur. Lakin onların aqibəti əməllərinə görə olacaq. 16  Bir də deyirəm, qoy heç kəs elə düşünməsin ki, mən ağılsızlıq edirəm. Ancaq əgər elə düşünürsünüzsə, onda məni, heç olmasa, ağılsız kimi qəbul edin ki, mən də bir az öyünə bilim. 17  Bu sözləri Ağamızın qoyduğu nümunəyə əsaslanıb demirəm, öyünənlərə xas lovğalıqla, ağılsızlıqla deyirəm. 18  Madam ki, bir çoxları cismani şeylərlə öyünürlər, mən də öyünəcəyəm. 19  Siz ağıllı ola-ola, ağılsızlara xoşluqla dözürsünüz. 20  Əslində, kim sizi kölə edir, var-yoxunuzu çapıb-talayır, sizi saymır, sizi sillələyir ona dözürsünüz. 21  Bunu deməyə üzüm gəlmir, amma deyəsən, bəzilərinin fikrincə biz o qədər aciz idik ki, öz səlahiyyətimizdən də istifadə edə bilmirdik. Ancaq başqası hər hansı bir məsələdə özünə güvənirsə (ağılsız kimi danışıram), qoy bir mən də güvənim. 22  Onlar ibranidirlər? Mən də ibraniyəm. İsraillidirlər? Mən də israilliyəm. İbrahimin nəslindəndirlər? Mən də. 23  Məsihin xidmətçisidirlər? Bir ağılsız kimi cavab verirəm: mən onlardan daha üstün bir xidmətçiyəm. Mən daha çox zəhmət çəkmişəm, dəfələrlə həbsxanaya düşmüşəm, o qədər döyülmüşəm ki! Neçə dəfə ölümlə üz-üzə durmuşam. 24  Yəhudilərdən düz beş dəfə otuz doqquz kötək yemişəm, 25  üç dəfə çubuqla döyülmüşəm, bir dəfə daşa basılmışam, üç dəfə gəmidə qəzaya uğramışam, bir gün bir gecə dənizin ağuşunda qalmışam. 26  Tez-tez səfərlərə çıxmışam, nə qədər təhlükə ilə üzləşmişəm: çaylarda təhlükə, quldurların əlindən təhlükə, soydaşlarım tərəfindən təhlükə, başqa millətlərin əlindən təhlükə, şəhərdə təhlükə, çöllükdə təhlükə, dənizdə təhlükə, saxta qardaşların arasında təhlükə. 27  Nə qədər zəhmət çəkmişəm, əzab-əziyyətə qatlaşmışam, yuxusuz gecələr keçirmişəm, ac-susuz qalmışam, dəfələrlə yeməyə çörək tapmamışam, soyuqda çılpaq qalmışam. 28  Bu zahiri çətinliklər bir yana qalsın, günbəgün bütün yığıncaqların fikrini çəkirəm. 29  Kim zəifdirsə, mən də onunla birlikdə zəifəm. Kimisə iman yolunda büdrədirlərsə, mən hirsimdən alışıb yanıram. 30  Öyünmək lazımdırsa, zəifliklərimlə öyünəcəyəm. 31  Ağamız İsanın Atası Allah bilir ki, yalan danışmıram. Ona əbədilik eşq olsun! 32  Dəməşqdə Areta padşahın valisi məni tutmaq üçün dəməşqlilərin şəhərində pusqu qurmuşdu. 33  Ancaq məni bir səbətdə divardakı pəncərədən aşağı salladılar və mən canımı onun əlindən qurtardım.

Haşiyələr

Hərfən «ruhunuzdan». 6–cı Əlavəyə bax