Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Peter 1:1—25

1  İsa Məsihin həvarisi Peterdən Pont, Qalatiya, Kappadokiya, Asiya və Bitiniyaya səpələnmiş qəriblərə,  Atamız Allahın bəsirətilə itaətli olmaq və üzərilərinə İsa Məsihin qanını çiləmək üçün ruhla müqəddəsləşdirilən seçilmişlərə məktub. Qoy sizə bağışlanmış lütf və sülh daha da artsın.  Ağamız İsa Məsihin Atası və Allahına şükürlər olsun! O, böyük mərhəmətinə görə İsa Məsihi diriltməklə bizə yeni həyat verib bizi canlı ümidə qovuşdurdu.  O, bizə əbədi, ləkəsiz və solmaz miras verdi. Bu miras sizin üçün göydə qorunub saxlanılır.  Siz özünüz də axır zamanlarda aşkar olacaq xilasa gətirdiyiniz iman sayəsində Allahın gücü ilə qorunursunuz.  İndi siz buna çox sevinirsiniz, hərçənd müxtəlif sınaqlar ucbatından bir müddət kədərlənməli olursunuz.  Beləcə, sizin sınaqdan keçmiş imanınız odla təmizlənən, amma yenə də məhv olan qızıldan qat-qat qiymətli olaraq İsa Məsihin zühurunda tərifə, şərəfə və hörmətə layiq görüləcək.  Siz onu heç vaxt görməmisiniz, buna baxmayaraq onu sevirsiniz. Onu indi də görmürsünüz, lakin ona inanırsınız və sözlə təsvir edilməz böyük bir fərəh, sevinc duyursunuz,  çünki imanınızın nəticəsinə, canınızın xilasına yetişirsiniz. 10  Sizi gözləyən lütf haqqında qabaqcadan xəbər vermiş peyğəmbərlər, bu xilas haqqında ciddi axtarış və ətraflı tədqiqat aparmışlar. 11  Onlar öz daxillərindəki ruhun Məsihlə bağlı hansı dövrə və zəmanəyə işarə etdiyini durmadan tədqiq edirdilər, çünki bu ruh onun əzab çəkib sonra şöhrətə yetişəcəyi haqqında qabaqcadan xəbər verirdi. 12  Onlara açılmışdı ki, özlərinə yox, sizə xidmət edirlər, çünki onların bəyan etdiyi sözlər göydən göndərilmiş müqəddəs ruhun köməyi ilə bu gün sizə xoş xəbəri təbliğ edənlər vasitəsilə çatdırılmışdır. Mələklər də bu şeyləri dərk etmək arzusundadırlar. 13  Buna görə də ağlınızı cəmləşdirib fəaliyyətə hazır olun*, hər vaxt ayıq olun, ümidinizi İsa Məsihin zühuru vaxtı sizə göstəriləcək lütfə bağlayın. 14  İtaətkar uşaqlar kimi olun, vaxtilə cahillik içində yaşayarkən daxilinizdə hökm sürmüş istəklərinizə uymayın. 15  Sizi çağırmış Müqəddəs Allahdan nümunə alaraq hər bir işinizdə müqəddəs olun, 16  çünki yazılıb: «Mən müqəddəs olduğum üçün siz də müqəddəs olun». 17  Bundan əlavə, siz hər kəsi əməllərinə görə, tərəfkeşlik etmədən mühakimə edən Allahı «Ata» deyə çağırdığınız üçün bu qürbətdə yaşayarkən Allah qorxusu ilə hərəkət edin. 18  Axı bilirsiniz ki, siz dədə-babalarınızdan qalma puç həyat tərzindən qızıl və gümüş kimi fani şeylər vasitəsilə yox, 19  Məsihin qüsursuz və ləkəsiz quzunun qanına bənzər qiymətli qanı ilə qurtulmusunuz. 20  Bəli, o, bəşər nəsli dünyaya gəlməzdən* əvvəl seçilmişdi, ancaq son dövrlərdə sizdən ötrü zühur etdi ki, 21  siz onu diriltmiş və şöhrətə mindirmiş Allaha onun vasitəsilə iman gətirəsiniz. Buna görə də Allaha iman edin, ümidinizi Ona bağlayın. 22  Siz həqiqətə itaət edib təmizləndikdən sonra riyasız qardaşlıq məhəbbətinə sahib olmusunuz. Buna görə də bir-birinizi səmimi qəlbdən, hərarətlə sevin. 23  Axı siz yenidən, var olan əbədi Allahın sözü vasitəsilə çürüməyən toxumdan doğulmusunuz. 24  Çünki «bütün bəşər ota bənzəyir, calalı çöl çiçəyi kimidir. Ot quruyur, çiçək solub tökülür, 25  Yehovanın sözü isə əbədi qalır». Bu «söz» sizə xoş xəbər kimi bəyan edilmişdir.

Haşiyələr

Hərfən «ağlınızın belini qurşayın»
Hərfən «toxum axıdılandan bəri». Adəmlə Həvvanın dünyaya uşaq gətirməsi nəzərdə tutulur