Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Yəhya 2:1—29

2  Əziz balalarım! Bunları sizə yazıram ki, heç bir günah iş tutmayasınız. Əgər kimsə bir günah iş tutsa, unutmayın ki, Atanın yanında saleh İsa Məsih kimi yardımçımız* var.  O, təkcə bizim günahlarımızı deyil, bütün dünyanın günahlarını örtən barışıq qurbanıdır.  Əgər onun əmrlərinə riayət ediriksə, deməli, onu tanıyırıq.  «Mən onu tanıyıram» deyib, onun əmrlərinə riayət etməyən adam yalançıdır və belə adamın ürəyində həqiqət yoxdur.  Amma onun sözünə əməl edən adamda Allaha qarşı məhəbbət, doğrudan da, kamilliyə çatmışdır. Bunun sayəsində onunla vəhdətdə olduğumuzu bilirik.  «Onunla vəhdətdəyəm» deyən onunla eyni yolda yeriməyə borcludur.  Əziz qardaşlarım, mən sizə yeni yox, lap əvvəldən bildiyiniz köhnə əmri yazıram. Bu köhnə əmr eşitdiyiniz sözdür.  Bununla belə sizə yeni əmr — həm onun riayət etdiyi, həm də sizin riayət etdiyiniz əmri yazıram, çünki qaranlıq keçib gedir, həqiqi nur isə artıq şəfəq saçır.  Nurda olduğunu söyləyib qardaşına nifrət edən adam hələ də qaranlıqdadır. 10  Qardaşını sevən nurda qalır və iman yolunda onu heç nə büdrətmir. 11  Amma qardaşına nifrət edən qaranlıqdadır və qaranlıqda yeriyir. Qaranlıq gözlərini kor etdiyi üçün o hara getdiyini bilmir. 12  Sizə yazıram, əziz balalar, çünki onun adı naminə günahlarınız bağışlanıb. 13  Sizə yazıram, atalar, çünki əzəldən var olanı tanımısınız. Sizə yazıram, cavanlar, çünki siz Şərirə qalib gəlmisiniz. Sizə yazıram, uşaqlar, çünki siz Atanı tanımısınız. 14  Sizə yazıram, atalar, çünki siz əzəldən var olanı tanımısınız. Sizə yazıram, cavanlar, çünki siz güclüsünüz, Allahın sözü qəlbinizdədir və siz Şərirə qalib gəlmisiniz. 15  Dünyanı və dünyadakı şeyləri sevməyin. Dünyanı sevən adamın qəlbində Atamıza məhəbbət yoxdur, 16  çünki dünyadakı hər şey — bədənin istəyi, gözlərin istəyi və insanın öz varı ilə lovğalanması Atadan deyil, dünyadandır. 17  Dünya öz istəkləri ilə bərabər keçib gedir, Allahın iradəsini yerinə yetirən isə əbədi yaşayır. 18  Balalar, bu son saatdır, eşitdiyiniz kimi Məsihin əleyhdarı gəlir və artıq Məsihin bir çox əleyhdarı peyda olub. Bundan bilirik ki, son saatdır. 19  Onlar aramızdan çıxıblar, lakin bizim kimi deyildilər; əgər bizim kimi olsaydılar, bizimlə qalardılar. Onlar aramızdan ona görə çıxdılar ki, hamının bizim kimi olmadığı məlum olsun. 20  Siz müqəddəs Allah tərəfindən məsh olunmusunuz; hamınız həqiqəti bilirsiniz. 21  Sizə həqiqəti bilmədiyiniz üçün yox, əksinə, bildiyiniz üçün yazıram. Həm də ona görə ki, həqiqətdə yalan yoxdur. 22  İsanın Məsih olduğunu inkar edən yalançı deyilsə, bəs nədir? Atanı və Oğulu inkar edən Məsihin əleyhdarıdır. 23  Oğulu inkar edən Ata ilə vəhdətdə deyil. Oğula inandığını açıq-aşkar göstərən isə Ata ilə vəhdətdədir. 24  Sizə gəlincə, qoy lap əvvəldən eşitdikləriniz qəlbinizdə yaşasın. Lap əvvəldən eşitdikləriniz qəlbinizdə yaşayarsa, siz həm Oğul, həm də Ata ilə vəhdətdə qalacaqsınız. 25  Üstəlik, O, bizə əbədi həyatı vəd etmişdir. 26  Bütün bu yazdıqlarım sizi azdırmağa cəhd göstərənlər barəsindədir. 27  Sizə gəldikdə isə, Allah sizi ruhu ilə məsh etdi və bu ruh içinizdədir. Bu ruh sizə hər şeyi, yalanı yox, doğrunu öyrətdiyi üçün başqasının sizi öyrətməsinə ehtiyac yoxdur. Buna görə də ruhdan öyrəndiyiniz kimi, sizi məsh edənlə vəhdətdə qalın. 28  Beləliklə, əziz balalar, onunla vəhdətdə qalın ki, o, zühur edəndə alnıaçıqlıqla danışa bilək və onun iştirakı zamanı ondan rüsvayçılıqla kənar edilməyək. 29  Onun saleh olduğunu bilirsinizsə, saleh işlər görənin də Allahın övladı olduğunu dərk edəcəksiniz.

Haşiyələr

Yaxud «müdafiəçimiz», «vəkilimiz»