Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 15:1—58

15  Qardaşlar, sizə təbliğ etdiyim xoş xəbəri yenidən yadınıza salıram. Siz bu xəbəri qəbul etdiniz və o, ürəyinizdə kök saldı.  Bu xoş xəbərdən möhkəm tutsanız, sizə bəyan etdiyim sözlər vasitəsilə xilas olacaqsınız. Əks təqdirdə, əbəs yerə iman edirsiniz.  Mənə verilmiş və sizə çatdırdığım ən vacib şeylərdən biri budur: Müqəddəs Yazılarda deyildiyi kimi, Məsih bizim günahlarımızdan ötrü öldü,  dəfn edildi və Müqəddəs Yazılarda deyildiyi kimi, üçüncü gündə dirildi,  Kifaya, sonra isə on iki həvariyə göründü.  Bundan sonra Məsih eyni vaxtda beş yüzdən çox qardaşa göründü. Onlardan çoxu indi də sağdır, bəziləri isə ölüm yuxusuna gediblər.  Daha sonra o, Yaquba, sonra isə həvarilərin hamısına göründü.  Lap axırda isə vaxtından tez doğulmuş uşağa bənzəyən mənə göründü.  Mən həvarilərin ən kiçiyiyəm və həvari adlanmağa layiq deyiləm, çünki Allahın yığıncağına zülm etmişəm. 10  Lakin indi bu mövqeni Allahın lütfü sayəsində tuturam. Onun mənə göstərdiyi lütf əbəs deyildir, çünki onların hamısından daha çox zəhmət çəkmişəm, daha doğrusu, mən yox, Allahın mənimlə olan lütfü. 11  Beləliklə, istər onlar olsun, istər mən — biz xoş xəbəri belə təbliğ edirik, siz də belə iman etmisiniz. 12  Əgər Məsihin dirildiyi təbliğ edilirsə, necə olur ki, sizlərdən bəziləri dirilməni inkar edir? 13  Dirilmə yoxdursa, belə çıxır ki, Məsih də dirilməyib. 14  Məsih dirilməyibsə, onda təbliğimiz də, imanımız da puçdur. 15  Üstəlik, Allahın Məsihi diriltdiyini bəyan etməklə, biz Allah haqqında yalandan şahidlik etmiş oluruq, çünki dirilmə, doğrudan da, yoxdursa, demək Allah Məsihi diriltməyib. 16  Çünki əgər ölülər dirilmirsə, deməli, Məsih də dirilməyib. 17  Əgər Məsih dirilməyibsə, deməli, imanınız mənasızdır və siz hələ də günah içindəsiniz. 18  Onda belə çıxır ki, Məsihin yolunda ölənlər də ölüb getdilər. 19  Əgər biz Məsihə yalnız bu həyatda ümid edirdiksə, onda biz bədbəxtlərin bədbəxtiyik. 20  Lakin Məsih ölüm yuxusundan dirilənlərdən ilk nübardır. 21  Çünki ölüm insan vasitəsilə gəldiyi kimi, ölülərin dirilməsi də insan vasitəsilədir. 22  Necə ki, Adəmə görə hamı ölür, Məsihin sayəsində də hamı həyata qovuşacaq. 23  Ancaq hər kəs öz növbəsində diriləcək: ilk nübar Məsih, sonra Məsihin iştirakı zamanı ona məxsus olanlar. 24  Nəhayət, son olacaq. O zaman Məsih bütün hökumətləri, hakimiyyətləri və iqtidarı yox edəcək və padşahlığı öz Atası Allaha təhvil verəcək. 25  Allah bütün düşmənləri onun ayaqları altına atanadək o, padşahlıq etməlidir. 26  Sonuncu düşmən isə ölümdür və o, məhv ediləcək. 27  Allah «hər şeyi onun ayaqları altına atıb ona tabe etdi». Lakin «hər şey ona tabe edilib» dedikdə, aydın olur ki, bu, hər şeyi ona tabe edənə aid deyil. 28  Hər şey ona tabe ediləndən sonra Oğul özü də ona hər şeyi tabe edənə tabe olacaq ki, Allah hər kəs üçün hər şey olsun. 29  Belə olduqda, ölmək üçün vəftiz olunanlar nə etsin? Ölülər dirilməyəcəksə, onda onlar nəyə görə bu məqsədlə vəftiz olunurlar? 30  Nəyə görə biz də anbaan təhlükələrlə üzləşirik? 31  İnanın qardaşlar, necə ki, Ağamız Məsih İsa yolunda olan sizlərlə fəxr edirəm, eləcə də hər gün ölümlə üz-üzə dururam. 32  Əgər Efesdə vəhşi heyvanlarla qarpışarkən başqaları kimi qarpışdımsa, bunun mənə nə xeyri var? Əgər ölülər dirilmirsə, «gəlin yeyib-içək, çünki sabah öləcəyik». 33  Aldanmayın! Pis dostlar yaxşı vərdişləri korlayır. 34  Ayılın, haqq iş görün və günah işləməyin, çünki bəziləri Allahı tanımır. Bunları sizi utandırmaq məqsədilə deyirəm. 35  Lakin kimsə soruşa bilər: «Ölülər necə diriləcək? Onlara nə cür bədən veriləcək?» 36  Ey ağılsız adam! Əkdiyin toxum çürüməsə bitməz*. 37  Tutalım buğda, ya da başqa bir bitki toxumu əkirsən. Bu toxum sonradan cücərəcək bitkinin* özü deyil, lüt-üryan bir toxumdur. 38  Lakin Allah bu toxuma münasib bildiyi bədən — hər bir toxuma ona məxsus bədən verir. 39  Bütün canlıların bədəni eyni deyil. İnsanların bədəni bir cürdür, mal-qaranınkı başqa cür, quşlarınkı başqa, balıqlarınkı isə başqadır. 40  Səmavi varlıqlar və yerdəki varlıqlar vardır, amma səmavi varlıqların calalı bir cür, yerdəki varlıqların calalı isə başqa cürdür. 41  Günəşin calalı bir cürdür, ayın calalı başqa cürdür, ulduzlarınkı da ayrı cürdür. Ulduz da ulduzdan calalı ilə fərqlənir. 42  Eləcə də dirilmə. Bədən bir toxum kimi əkilib çürüyür, ancaq dirildiləndən sonra çürüməyə məruz qalmır. 43  O, şərəfsiz halda əkilir, calal içində dirildilir. Zəif halda əkilir, qüdrətlə dirildilir. 44  Cismani varlıq kimi əkilir, ruhani varlıq kimi dirildilir. Cismani varlıqlar olduğu kimi, ruhani varlıqlar da var. 45  Hətta görün nə yazılıb: «İlk insan Adəm canlı varlıq* oldu». Sonuncu Adəm isə həyat verən ruhani varlıq oldu. 46  Əvvəlcə ruhani yox, cismani varlıq yaradılıb, sonra isə ruhani varlıq gəlib. 47  İlk insan yerdəndir və torpaqdan yaradılıb, ikinci insan isə göydəndir. 48  Torpaqdan yaradılan həmin insan necədirsə, torpaqdan yaradılan digərləri də elədir; göydən olan şəxs necədirsə, göydən olan başqaları da elədirlər. 49  Biz torpaqdan yaradılmışın simasında olduğumuz kimi, göydə yaradılmışın da simasında olacağıq. 50  Qardaşlar, bunu da deyim ki, cismani bədən* Allahın padşahlığına girə bilməz, çürüyən çürüməzliyi miras ala bilməz. 51  Sizə bir müqəddəs sirr açım: biz hamımız ölüm yuxusuna getməyəcəyik, ancaq hamımız dəyişəcəyik; 52  bir an içində, bir göz qırpımında, axırıncı şeypur çalınanda dəyişəcəyik. Şeypur çalınacaq, ölülər çürüməz halda dirildiləcəklər və biz dəyişəcəyik. 53  Çürüməyə məruz bədən çürüməzliyə, ölümə məruz bədən ölməzliyə bürünməlidir. 54  Çürüməyə məruz bədən çürüməzliyə, ölümə məruz bədən isə ölməzliyə bürünəndə «ölüm əbədilik məhv edildi» sözləri yerinə yetəcək. 55  «Ey ölüm, hanı qələbən? Ey ölüm, hanı neştərin?» 56  Ölüm doğuran neştər günahdır, günah isə gücünü Qanundan alır. 57  Allaha şükürlər olsun! O, Ağamız İsa Məsih vasitəsilə bizə qələbə qazandırır. 58  Beləliklə, əziz qardaşlarım, mətin qalın, sarsılmaz olun, Rəbbin işində daima çox çalışın və bilin ki, Onun yolunda çəkdiyiniz zəhmət hədər getmir.

Haşiyələr

Hərfən «ölməsə dirilməz» 
Hərfən «bədənin»
Yaxud «yaşayan can» 
Hərfən «ət və qan»