Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab | MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 14:1—40

14  Bir-birinizi can-dildən sevin, eyni zamanda ruhani ənamlara da can atın. Hərçənd peyğəmbərlik etsəniz, daha yaxşı olar.  Əcnəbi dildə danışmaq ənamı olan adam insanlarla yox, Allahla danışır, çünki o, müqəddəs ruh vasitəsilə müqəddəs sirləri bəyan edir, amma dediyini heç kəs başa düşmür.  Peyğəmbərlik edən isə öz sözləri ilə başqalarını ruhən möhkəmləndirir, ürəkləndirir və onlara təsəlli gətirir.  Əcnəbi dildə danışan təkcə özünü, peyğəmbərlik edən isə yığıncağı möhkəmləndirir.  Çox istərdim ki, siz hamınız əcnəbi dillərdə danışasınız, ancaq peyğəmbərlik etsəniz, daha yaxşı olar. Bəli, əcnəbi dildə danışan yığıncağın ruhən möhkəmlənməsi üçün dediklərini tərcümə etmirsə, peyğəmbərlik edən ondan üstündür.  Qardaşlar, mən gəlib sizinlə əcnəbi dildə danışsam, amma vəhy, bilik, peyğəmbərliklə danışmasam, yaxud sizə bir şey öyrətməsəm, bunun sizə bir faydası dəyər?  Axı cansız əşyalar da, misal üçün, ney, yaxud lira səs çıxarırlar. Ancaq onlar müxtəlif musiqi tonlarını aydın çalmasa, onda neyin, yaxud liranın nə çaldığını kim başa düşəcək?  Doğrudan da, şeypur aydın səs çıxarmasa, kim döyüşə hazırlaşacaq?  Eynilə də, sizin sözləriniz anlaşıqlı deyilsə, dediklərinizi kim başa düşəcək? Onda boş-boşuna danışacaqsınız. 10  Dünyada müxtəlif dillərə xas çoxlu danışıq səsləri var və hərəsinin də öz mənası var. 11  Əgər mən deyilən sözün mənasını başa düşmürəmsə, onda mən də, danışan da bir-birimiz üçün əcnəbi oluruq. 12  Eləcə də siz. Madam ki, siz ruhun ənamlarını almağa can atırsınız, onda çalışın bu ənamlar sizdə bol olsun ki, yığıncağı ruhən möhkəmləndirə biləsiniz. 13  Buna görə də əcnəbi dildə danışan adam qoy dua etsin ki, öz dediklərini tərcümə edə bilsin. 14  Əgər mən əcnəbi dildə dua edirəmsə, əslində bunu müqəddəs ruhun verdiyi ənam vasitəsilə edirəm, ağlım isə bikar qalır. 15  Bəs onda nə edim? Həm müqəddəs ruhun ənamı ilə, həm də öz ağlımla dua edəcəyəm. Həm ruhun ənamı ilə, həm də öz ağlımla mədhiyyə oxuyacağam. 16  Ancaq sən Allahı ruhun ənamı ilə tərif edirsənsə, nabələd adam sənin etdiyin şükrə necə «amin» desin, axı o, sənin dediyini başa düşmür? 17  Düzdür, Allaha yaxşı şükür etdin, di gəl bunun o adama ruhani xeyri dəymədi. 18  Allaha şükür olsun, mən sizin hamınızdan daha çox əcnəbi dillərdə danışıram. 19  Ancaq yığıncaq arasında əcnəbi dildə min söz deməkdənsə, öz ağlımla iki kəlmə deyərəm ki, insanlar bir şey öyrənsin. 20  Qardaşlar, əqlən uşaq olmayın, yetkin olun. Pisliyə qarşı isə körpə olun. 21  Qanunda yazılıb: «Yehova belə deyir: “Mən bu xalqla yadellilərin dili ilə və yadların ağzı ilə danışacağam, ancaq onda da bu xalq Mənə qulaq asmayacaq”». 22  Buna görə də əcnəbi dillərdə danışmaq ənamı imanlılar üçün yox, imansızlar üçün bir rəmz məqsədilə verilib, peyğəmbərliklər isə imansızlar üçün yox, imanlılar üçün verilib. 23  Beləliklə, bütün yığıncaq bir yerə yığışan vaxt hamı əcnəbi dillərdə danışsa və bu zaman nabələd, yaxud imansız adamlar gəlsə, onlar nə fikirləşər? Deməzlər ki, başınıza hava gəlib? 24  Ancaq hamınız peyğəmbərlik etsəniz və bu zaman imansız, yaxud nabələd adam gəlsə, sizin dedikləriniz sayəsində o öz səhvini görəcək və ürəyini yoxlamağa təşviq olunacaq; 25  ürəyindəki bütün sirlər özünə bəlli olacaq və o, üzüstə düşüb Allaha səcdə qılaraq: «Həqiqətən də, Allah sizinlədir», — deyəcək. 26  Qardaşlar, bəs onda nə edək? Siz bir yerə yığışanda biriniz məzmur deyir, digəriniz öyrədir, o biriniz aldığı vəhyi söyləyir, daha biriniz əcnəbi dildə danışır, biriniz də tərcümə edirsiniz. Elə edin ki, hər şey yığıncağın ruhən möhkəmlənməsinə xidmət etsin. 27  Əcnəbi dildə danışanların sayı ikidən, üçdən artıq olmasın. Qoy onlar növbə ilə danışsınlar və kimsə deyilənləri tərcümə etsin. 28  Əgər tərcüməçi yoxdursa, qoy əcnəbi dildə danışan adam yığıncaqda sussun, ürəyində Allahla danışsın. 29  Həmçinin qoy peyğəmbərlərdən ikisi və ya üçü danışsın, qalanları isə deyilənləri başa düşməyə çalışsın. 30  Oturanlardan birinə vəhy gəlsə, qoy həmin vaxt danışan sussun. 31  Siz hamınız peyğəmbərlik edə bilərsiniz, amma bir-bir danışın ki, hamı ruhlansın və nə isə öyrənə bilsin. 32  Peyğəmbərlər ruhun ənamlarından necə istifadə etdiklərinə nəzarət etsinlər. 33  Çünki Allah sülh Allahıdır. O, nizamsızlığı sevmir. Müqəddəslərin bütün yığıncaqlarında olduğu kimi, 34  qoy qadınlar yığıncaqda deyilənləri sakitcə dinləsinlər, çünki onlara danışmağa icazə verilmir. Qanunda deyildiyi kimi, qoy qadınlar kişilərin itaəti altında olsunlar. 35  Bir şey öyrənmək istəsələr, qoy evdə ərlərindən soruşsunlar, çünki qadına yığıncaqda danışmaq ayıbdır. 36  Məgər Allahın sözü sizdən çıxıb aləmə yayılıb, yoxsa yalnız sizə çatıb? 37  Əgər kimsə özünü peyğəmbər, yaxud müqəddəs ruhun ənamına sahib olmuş adam sanırsa, onda qoy sizə yazdıqlarımın haqq olduğu ilə razılaşsın, çünki bunlar Ağamızın əmrləridir. 38  Bunları başa düşmək istəməyən, başa düşməsin. 39  Beləliklə, qardaşlar, peyğəmbərlik etməyə can atın, eyni zamanda əcnəbi dillərdə danışmağı qadağan etməyin. 40  Ancaq qoy hər şey ədəb-ərkanla və nizamla olsun.

Haşiyələr