Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

1 Korinflilərə 11:1—34

11  Mən Məsihdən nümunə götürdüyüm kimi, siz də məndən nümunə götürün.  Məni hər zaman yadda saxladığınız və öyrətdiyim təlimlərə sadiq qaldığınız üçün sizi tərifləyirəm.  Amma bunu da bilməyinizi istəyirəm ki, hər kişinin başı Məsih, qadının başı kişi, Məsihin başı isə Allahdır.  Başıörtülü dua və ya peyğəmbərlik edən kişi başını rüsvay edir.  Qadın da dua və ya peyğəmbərlik edərkən başını örtməyəndə başını rüsvay edir, çünki bu daz olmaq* kimi bir şeydir.  Əgər qadın başını örtmürsə, qoy saçını qısa qırxsın, lakin onun üçün saçını qısa qırxmaq, yaxud daz olmaq rüsvayçılıqdırsa, onda başını örtsün.  Kişi başını örtməməlidir, çünki kişi Allahın inikası və şərəfidir, qadın isə kişinin şərəfidir.  Kişi qadından yox, qadın kişidən yaradılıb.  Üstəlik, kişi qadın üçün yox, qadın kişi üçün yaradılıb. 10  Buna görə də mələklərdən ötrü qadının başında tabelik rəmzi olmalıdır. 11  Digər tərəfdən Ağamızın yolunda qadın kişisiz, kişi də qadınsız mövcud ola bilməz. 12  Çünki qadın kişidən olduğu kimi, kişi də qadın vasitəsilə dünyaya gəlir. Lakin hər şey Allahdandır. 13  Bir düşünün: heç Allaha başıaçıq dua etmək qadına yaraşar? 14  Məgər təbiət özü öyrətmir ki, kişi üçün uzun saç saxlamaq şərəfsizlikdir? 15  Qadın üçünsə uzun saç şərəfdir, çünki saç ona baş örtüyü kimi verilib. 16  Kim başqa bir adətə riayət etmək fikrindədirsə, qoy bilsin ki, nə bizdə, nə də Allahın yığıncaqlarında ayrı adət yoxdur. 17  Bu nəsihətləri verərkən sizi tərifləmirəm, çünki sizin yığıncaq görüşlərində xeyirdən çox zərər olur. 18  Əvvəla, eşitdiyimə görə, siz yığıncaq görüşünə gələndə aranızda ixtilaflar yaranır. Elə düşünürəm ki, bu xəbərdə müəyyən qədər həqiqət var. 19  Əslinə qalsa, aranızda qruplaşmalar* olmalıdır ki, Allahın bəyəndiyi adamlar bəlli olsun. 20  Siz bir yerə toplaşanda Ağamızın şam yeməyini layiqincə yemək mümkün olmur. 21  Çünki bu mərasim başlanmazdan əvvəl hər kəs öz şam yeməyini yeyir, nəticədə kimisi ac qalır, kimisi sərxoş olur. 22  Məgər yeyib-içmək üçün eviniz yoxdur? Yoxsa siz Allahın yığıncağına nifrət edirsiniz? Kasıbları utandırmaq məqsədi güdürsünüz? Sizə nə deyim? Tərifləyim? Yox, bu işə görə tərifləməyəcəyəm. 23  Ağamızdan aldığımı sizə çatdırmışam. Ağamız İsa ələ veriləcəyi gecə bir çörək götürdü, 24  şükür edib onu böldü və dedi: «Bu çörək sizin uğrunuzda verilən bədənimi təmsil edir. Xatirəmi yad etmək üçün bunu həmişə edin». 25  Şam yeməyini yeyəndən sonra o, camı götürdü və dedi: «Bu cam qanım əsasında bağlanan yeni əhdi təmsil edir. Xatirəmi yad etmək üçün hər dəfə bundan için». 26  Çünki Ağamız gələnədək hər dəfə bu çörəkdən yeyəndə və camdan içəndə onun ölümünü bəyan etmiş olursunuz. 27  Kim çörəkdən və Ağamızın camından nalayiq tərzdə yeyib-içirsə, Ağamızın bədəninə və qanına görə günah həmin adamın boynuna düşür. 28  Qoy əvvəlcə hər kəs özünü tədqiq etsin və layiq olub-olmadığına əmin olsun, sonra çörəkdən yeyib, camdan içə bilər. 29  Kim yeyib-içdiyi şeylərin Ağamızın bədənini təmsil etdiyini dərk etmirsə, özünü məhkum edir. 30  Elə buna görədir ki, aranızda bir çoxları zəif və xəstədirlər, xeylisi də ölüm yuxusuna gedib. 31  Əgər ruhani vəziyyətimizin nə yerdə olduğunu ayırd etsək, mühakimə olunmayacağıq. 32  Mühakimə olunanda isə Yehova bizi cəzalandırır ki, bu dünya ilə bir yerdə məhkum edilməyək. 33  Qardaşlar, buna görə də siz bu şam yeməyini yemək üçün yığışanda bir-birinizi gözləyin. 34  Kim acdırsa, qoy evində yesin ki, hamınız məhkum edilməyəsiniz. Qalan məsələləri isə özüm gələndə yoluna qoyacağam.

Haşiyələr

Keçmişdə əxlaqsız qadına verilən cəza
Hərfən «təriqətlər»