Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 9:1—28

9  Əvvəlki əhdin müqəddəs xidmətlə əlaqədar hökmləri və yer üzündə olan müqəddəs çadırı var idi.  Bu çadır iki otaqdan ibarət idi. «Müqəddəs yer» adlanan birinci otaqda çıraq, masa və təqdim çörəkləri var idi.  İkinci pərdənin arxasında çadırın «Ən Müqəddəs yer» adlanan otağı yerləşirdi.  Orada qızıl buxurdan və hər tərəfdən qızılla örtülmüş əhd sandığı qoyulmuşdu. Sandıqda içi manna ilə dolu qızıl qab, Harunun çiçəklənmiş əsası və əhd kitabələri var idi.  Sandığın üstündə şanlı keruvlar vardı və onların kölgəsi kəffarə qapağını örtürdü. Ancaq indi bunlar haqqında ətraflı danışmaq vaxtı deyil.  Hər şey bu cür qurulandan sonra kahinlər müqəddəs xidməti icra etmək üçün hər dəfə çadırın birinci otağına girərdilər.  İkinci otağa isə ildə bir dəfə yalnız baş kahin, özü də mütləq qanla girər və onu öz günahlarından və xalqın bilmədən törətdiyi günahlardan ötrü Allaha təqdim edərdi.  Beləcə, müqəddəs ruh göstərir ki, birinci çadır var ikən Ən Müqəddəs yerə giriş hələ açıq deyildi.  Bu çadır təyin edilmiş vaxta qədər bir nümunə kimi durmalı idi və bu vaxt artıq yetişib. Bu nümunəyə əsasən, bu günə kimi Allaha bəxşişlər və qurbanlar təqdim edilir. Ancaq onlar müqəddəs xidməti icra edənin vicdanını qüsursuz edə bilməz, 10  çünki yalnız qida, içki və müxtəlif cür suya batırma ayinləri ilə bağlıdırlar. Bunlar maddi şeylərə aid olan hüquqi tələblər idi və hər şeyi yoluna qoymaq üçün təyin olunan vaxt yetişənəcən qüvvədə qalmalı idilər. 11  Ancaq indiki xeyir-duaları gətirmiş Məsih baş kahin kimi gəldi və insan əli ilə qurulmamış və bu aləmdən olmayan daha böyük və mükəmməl çadırdan keçərək 12  keçilərin və cöngələrin qanı ilə yox, öz qanı ilə Ən Müqəddəs yerə birdəfəlik girib bizim üçün əbədi xilas əldə etdi. 13  Əgər keçi və öküzlərin qanı, həmçinin düyənin külü murdar vəziyyətdə olan adamların üzərinə çilənib bədəni təmizləyir və pak edirsə, 14  gör əbədi ruh vasitəsilə özünü Allaha qüsursuz bir qurbanlıq kimi təqdim etmiş Məsihin qanı vicdanımızı ölü əməllərdən necə təmizləyəcək?! Bunun sayəsində biz var olan Allaha ibadət edə bilərik. 15  Buna görə o, yeni əhdin vasitəçisi oldu. Məsih öldü ki, dəvət almış adamlar əvvəlki əhdin hökmü altında yaşayarkən törətdikləri günahlardan fidyə vasitəsilə azad edilib əbədi miras vədini alsınlar. 16  Çünki əhd bağlanılanda əhdi bağlayan insanın ölməsi gərək olur. 17  Əhdi bağlayan insan sağ ikən əhdin həqiqi qüvvəsi yoxdur, çünki əhd ölümdən sonra qüvvəyə minir. 18  Buna görə əvvəlki əhd də qan vasitəsilə qüvvəyə minmişdi. 19  Musa Qanundakı bütün əmrləri xalqa çatdırandan sonra cöngələrin və keçilərin qanını, həmçinin su, al qırmızı yun və hissop* budağını götürüb kitabın və bütün xalqın üzərinə çilədi və 20  dedi: «Bu, Allahın sizinlə bağladığı əhdin qanıdır. Siz ona tabe olmalısınız». 21  O, həmin qanı çadırın və xidmət üçün işlədilən bütün qabların üzərinə də çilədi. 22  Qanuna görə, demək olar ki, hər şey qanla təmizlənir; qan tökülməsə, əfv mümkün deyil. 23  Buna görə də səmavi şeylərin simvolik timsalı bu cür təmizlənməli idi, səmavi şeylər üçünsə daha yaxşı qurbanlar lazım idi. 24  Axı Məsih gerçəkliyin surəti olan əllə düzəldilmiş Ən Müqəddəs yerə yox, düz göyə daxil oldu ki, bizdən ötrü Allahın önündə dursun. 25  O, hər il Ən Müqəddəs yerə başqasının qanı ilə girən baş kahin kimi, dəfələrlə özünü qurban gətirmək üçün göyə daxil olmadı. 26  Belə olsaydı, o, bəşər nəsli dünyaya gələndən bəri dönə-dönə əzab çəkməli olardı. Ancaq indi o, günahları yumaq üçün özünü qurban verərək dövrlərin yekununda birdəfəlik zühur etdi. 27  Necə ki, insanlar bir dəfə ölüb sonra hökmə düçar olacaqlar, 28  eləcə də Məsih bir çox adamın günahını boynuna götürmək üçün cəmi bir dəfə Allaha təqdim olundu. İkinci dəfə zühur etməsinin günahla heç bir əlaqəsi olmayacaq. Onu xilas olmaq üçün səbirsizliklə gözləyənlər görəcəklər.

Haşiyələr

Bu bitkinin dəqiq adı məlum deyil. Ehtimal ki, mərzə