Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 13:1—25

13  Aranızda daim qardaşlıq məhəbbəti olsun.  Qonaqpərvərliyi yaddan çıxarmayın, çünki bəziləri bunun sayəsində heç özləri də bilmədən mələkləri qonaq etmişdilər.  Həbsxanada olanları yaddan çıxarmayın, elə bilin ki, siz də onlarla birgə qandaldasınız, həmçinin pis rəftara məruz qalanları da unutmayın, çünki siz özünüz də hələ yerdə yaşayırsınız.  Qoy hər kəs nikaha hörmət etsin və nikah yatağı ləkələnməsin, çünki Allah əxlaqsızları və zinakarları mühakimə edəcək.  Həyatınızda pulpərəstliyə yer qoymayın, əlinizdə olan şeylərlə qane olun, çünki Allah deyib: «Səni heç bir vəchlə atmaram və heç vaxt tərk etmərəm».  Buna görə də biz cəsarətlə deyirik: «Yehova mənə dayaqdır, əsla qorxmaram. İnsan mənə nə edə bilər?!»  Sizə rəhbərlik edənləri unutmayın. Onlar sizə Allahın sözünü danışıblar. Bu qardaşların həyat yolunun hansı bəhrələr gətirdiyini diqqətlə müşahidə edərək onların imanını təqlid edin.  İsa Məsih dünən də, bu gün də və əbədiyyən eynidir.  Müxtəlif yad təlimlərə uyub yolunuzdan azmayın, çünki ürək qida ilə yox, Allahın lütfü ilə qüvvətlənsə yaxşıdır. Yeməyə aludə olan adam ondan bir xeyir tapmayıb. 10  Bizim elə bir qurbangahımız var ki, çadırda müqəddəs xidməti icra edənlərin ondan qidalanmağa haqqı yoxdur. 11  Günahdan ötrü qanı baş kahin tərəfindən Ən Müqəddəs yerə gətirilən heyvanların leşi düşərgədən kənarda yandırılır. 12  Bunun kimi, İsa da xalqı öz qanı ilə müqəddəs etmək üçün şəhər qapısından bayırda əzab çəkdi. 13  Gəlin onun rüsvayçılığını üzərimizə götürək və düşərgədən çıxıb ona tərəf gedək. 14  Çünki yer üzündə bizim daimi şəhərimiz yoxdur, biz səbirsizliklə gələcək şəhəri gözləyirik. 15  Belə isə gəlin İsanın vasitəsilə hər zaman Allaha Onun adını ucaldan mədh qurbanı, yəni dilimizin bəhrəsini təqdim edək. 16  Həmçinin yaxşılıq etməyi və başqaları ilə bölüşməyi yaddan çıxartmayın, çünki bu cür qurbanlar Allaha xoşdur. 17  Sizə rəhbərlik edənlərə itaət edin və tabe olun, axı onlar hesabat verəcək adamlar kimi gecə-gündüz sizin rifahınızı düşünürlər. Qoyun onlar bunu ah-zarla yox, sevinclə etsinlər ki, sizə zərər dəyməsin. 18  Bizdən ötrü həmişə dua edin, çünki vicdanımızın təmiz olduğuna əminik, axı hər sahədə dürüst olmaq istəyirik. 19  Tezliklə yanınıza qayıda bilməyim üçün mənə görə dua etməyinizi xüsusilə xahiş edirəm. 20  Arzumuz budur ki, qoyunların böyük çobanı olan Ağamız İsanı əbədi əhdin qanı vasitəsilə diriltmiş sülh Allahı, 21  Onun iradəsini icra etmək üçün sizi hər cür yaxşı şeylə təchiz etsin və Ona məqbul nə varsa, İsa Məsih vasitəsilə bizdə yetişdirsin. Ona əbədiyyən eşq olsun! Amin. 22  Qardaşlar, sizdən rica edirəm, bu ruhlandırıcı sözlərimi səmimi qəlbdən qəbul edin, çünki yazdıqlarım bir o qədər də çox deyil. 23  Onu da deyim ki, qardaşımız Timotey həbsdən buraxılıb. Əgər o, bu yaxınlarda gəlsə, mən də onunla birlikdə sizi görməyə gələcəyəm. 24  Sizə rəhbərlik edən qardaşların hamısına və bütün müqəddəslərə salamlarımı çatdırın. İtaliyadakı bacı-qardaşların da sizə salamı var. 25  Allahın lütfü hamınıza yar olsun!

Haşiyələr