Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Onlayn Müqəddəs Kitab

MÜQƏDDƏS YAZILARIN YENİ DÜNYA TƏRCÜMƏSİ (1984 BURAXILIŞI) 2013 buraxılışını aç

İbranilərə 11:1—40

11  İman ümid edilən şeylərin mütləq yerinə yetəcəyinə olan əminlik, gözlə görünməyən şeylərin əslində mövcud olduğunun sübutudur.  Onun sayəsində qədimdə yaşamış adamlar özləri haqqında müsbət şəhadət almışlar.  İmanımız sayəsində dərk edirik ki, dövrlər Allahın sözü ilə qurulub. Beləcə, gözlə görünən şeylər görünməyən şeylərdən əmələ gəlib.  Habil, imanı sayəsində, Allaha Qabilin qurbanından daha qiymətli qurban gətirdi. O, imanı sayəsində saleh olduğu barədə şəhadət aldı, çünki Allah onun bəxşişlərinin məqbul olduğu ilə bağlı şahidlik etdi. Habil ölsə də, imanı sayəsində indiyədək danışır.  Xanok, imanı sayəsində, köçürüldü ki, əzablı ölümlə ölməsin. Allah Xanoku köçürtdüyü üçün onu heç yerdə tapmaq mümkün olmadı. O, köçürülməzdən əvvəl Allahın rəğbətini qazandığı barədə şəhadət aldı.  İman etmədən Allahın rəğbətini qazanmaq mümkün deyil, çünki Allaha yaxınlaşan adam Onun varlığına və Onu cidd-cəhdlə axtaranlara mükafat verdiyinə inanmalıdır.  Nuh, imanı sayəsində, hələ görünməyən şeylərlə bağlı Allah tərəfindən xəbərdar ediləndən sonra ürəyində Allah qorxusu ilə ailəsinin xilası üçün gəmi tikdi. O, imanı ilə dünyanı məhkum etdi və imandan doğan salehliyin varisi oldu.  İbrahim, imanı sayəsində, Allah tərəfindən çağırılanda itaət edib miras alacağı torpağa yollandı. O, hara getdiyini bilməsə də, yola düşdü.  O, imanı sayəsində vəd diyarında sanki qürbətdə imiş kimi, qərib tək ömür sürdü. Özü ilə eyni vədə varis olan İshaq və Yaqubla birlikdə çadırlarda yaşadı. 10  Çünki o, memarı və inşaatçısı Allah olan, möhkəm bünövrə üzərində tikilmiş şəhəri gözləyirdi. 11  Sara da, imanı sayəsində, yaşının ötməsinə baxmayaraq, uşağa qalmaq üçün güc aldı, çünki vəd edənin etibarlı olduğuna inanırdı. 12  Beləcə, nəsil artırmağa artıq yararlı olmayan bir kişidən göydəki ulduzlar və dəniz sahilindəki qum dənəcikləri qədər saysız-hesabsız övlad dünyaya gəldi. 13  Bu adamların hamısı həyatı imanla başa vurdular. Onlar vəd edilən şeyləri almasalar da, onları uzaqdan gördülər və alqışladılar, həmçinin o torpaqda qərib və müvəqqəti sakin olduqlarını bəyan etdilər. 14  Belə deyənlər özləri üçün bir yurd axtardıqlarını nümayiş etdirirlər. 15  Əgər onlar çıxdıqları yeri daima xatırlasaydılar, fürsət düşən kimi, ora qayıdardılar. 16  Ancaq onlar daha yaxşı bir yerə, göyə aid bir yerə can atırlar. Buna görə də onlar Allahı çağıranda Allah onlara görə utanmır. Allah onlar üçün şəhər hazırlayıb. 17  İbrahim, imanı sayəsində, sınanarkən İshaqı demək olar ki, qurban gətirdi. Bəli, vədləri sevinclə almış adam öz yeganə oğlunu qurban gətirməyə hazır idi, 18  halbuki ona deyilmişdi: «Sənə vəd edilmiş övlad İshaqdan doğulacaq». 19  O, belə qənaətə gəldi ki, oğlu ölsə də, Allah onu diriltməyə qadirdir və doğrudan da, onu ölümün pəncəsindən geri aldı. Bu, bir rəmzi məna daşıyırdı. 20  İshaq da, imanı sayəsində, Yaquba və Esava gələcəklə bağlı xeyir-dua verdi. 21  Yaqub, imanı sayəsində, ölüm ayağında olarkən, Yusifin hər iki oğluna xeyir-dua verdi və əsasına söykənib Allaha səcdə qıldı. 22  Yusif, imanı sayəsində, ölüm yatağında olarkən, İsrail oğullarının Misirdən çıxacağını söyləyib öz sümükləri ilə bağlı onlara göstəriş verdi. 23  Musanın valideynləri, iman sayəsində, padşahın fərmanından qorxmayıb körpəni düz üç ay gizlində saxladılar, çünki o, çox qəşəng uşaq idi. 24  Musa da böyüyəndən sonra, imanı sayəsində, firon qızının oğlu adlanmaqdan imtina etdi. 25  O, günahdan müvəqqəti həzz almaqdansa, Allahın xalqı ilə birlikdə əziyyətə qatlaşmağı üstün tutdu, 26  çünki o, bir məsh olunmuş kimi, dözdüyü təhqirləri Misirin bütün xəzinələrindən daha qiymətli bir sərvət hesab etdi, çünki gözünü alacağı mükafatdan çəkmirdi. 27  Musa imanı sayəsində Misirdən çıxdı. O, padşahın qəzəbindən qorxmurdu, çünki Gözəgörünməz Allahı görürmüş kimi mətin idi. 28  O, imanı sayəsində Pasxanı qeyd etdi və qapı dirəklərinə qan çilədi ki, Allahın mələyi onların ilkin övladlarını məhv etməsin. 29  Onlar, iman sayəsində, Qırmızı dənizi sanki qurudan keçən kimi keçdilər. Misirlilər də keçmək istəyəndə suya qərq oldular. 30  Onlar, iman sayəsində, Yerixonun ətrafını yeddi gün dolaşandan sonra şəhərin divarları dağıldı. 31  İmanı sayəsində fahişə Rahab itaətsizlik edənlərlə birlikdə məhv olmadı, çünki casusları mehribanlıqla qəbul etmişdi. 32  Daha kimi deyim? Gideon, Barak, Şimşon, Yeftah, Davud, həmçinin Şamuel və digər peyğəmbərlər barəsində danışmağa vaxt çatmaz. 33  Onlar imanla padşahlıqları süquta yetirir, salehliyi bərqərar edir, vədlər alır, şirlərin ağzını bağlayır, 34  şiddətli alovdan xəsarətsiz çıxır, qılınc ağzından qurtulur, zəifdən güclüyə çevrilir, müharibədə şücaət göstərir, yağıların ordusunu darmadağın edirdilər. 35  Qadınlar ölmüş əzizlərinə dirilmə vasitəsilə qovuşur, digərləri daha yaxşı dirilməyə çatmaq üçün hər hansı bir fidyə vasitəsilə azad edilməkdən imtina edərək işgəncə çəkirdilər. 36  Kimisi lağa qoyulur, kimisi qamçılanır, hətta qandallanıb həbsxanaya atılırdı. 37  Onlar daşlanır, sınanır, mişarla doğranılır, qılıncdan keçirilir, qoyun və keçi dərisində sərgərdan gəzir, korluq və zülm çəkir, pis rəftar görür, 38  səhralarda, dağlarda, dərələrdə və mağaralarda dolaşırdılar. Bütün dünya onlara layiq deyildi. 39  Bu insanlar, iman sayəsində, Allahın rəğbətini qazandıqlarına şəhadət alsalar da, vədlərin icrasını görmədilər, 40  çünki onlar bizsiz kamilliyə yetişməsinlər deyə, Allah bizim üçün daha yaxşı bir tədbir görüb.

Haşiyələr