Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovaya geri dön

Rəhbərlik Şurasının məktubu

Rəhbərlik Şurasının məktubu

Əziz həmimanlımız

Bildiyin kimi, Müqəddəs Kitabda çoxlu insanlardan bəhs olunur. Onların çoxu mömin adamlar idi. Onlar da bizim üzləşdiyimiz eyni çətinliklərlə üzləşirdilər. Həmin adamlar bizim kimi adi insanlar idilər (Yaqub 5:17). Bəziləri dərd-qəm içində boğulurdu, digərlərini ailə üzvləri, yaxud dindaşları bərk incidirdi, bir başqaları isə öz səhvlərinə görə vicdan əzabı çəkirdi.

Bu insanlar Yehova Allahdan üz döndərmirdilər. Onlardan çoxu bir məzmurçunun sözlərinə şərik idi. Həmin məzmurçu duasında Allaha demişdi: «İtmiş qoyun kimi azmışam; bu qulunu axtar, axı Sənin əmrlərini unutmamışam» (Zəbur 119:176). Bu hisslər sənə də tanışdır?

Yehova Öz sürüsünün ağılından itən xidmətçilərini heç vaxt unutmur. Əksinə, onları tapmağa çalışır və çox vaxt bunu iman bacı-qardaşlarımız vasitəsilə edir. Məsələn, gəlin baxaq, Yehova Allah mömin bəndəsi Əyyuba necə kömək etmişdi. Əyyubun başı çox müsibətlər çəkmişdi — var-dövləti əlindən çıxmışdı, balalarını itirmişdi, özü də ağır xəstəliyə mübtəla olmuşdu. Bu, azmış kimi guya ona təsəlli verməyə gələn adamlar da öz tikanlı sözləri ilə onun yarasına duz səpirdilər. Ancaq o, Yehovadan üz döndərməmişdi (Əyyub 1:22; 2:10). Düzdür, Əyyub arada yanlış düşüncələrə qapılmışdı. Amma Yehova ona özünə gəlməyə kömək etmişdi.

Məsələn, Yehova Əlihunun vasitəsilə Əyyuba kömək etmişdi. Əlihu da Yehova Allaha ibadət edirdi. Əyyub ürəyini boşaldanda Əlihu sözünü kəsmədən ona qulaq asdı, sonra danışdı. O, Əyyubu nə tənqid atəşinə tutdu, nə utandırdı, nə də günahkar çıxartdı. Özünü Əyyubdan üstün tutmadı. Əksinə, Allahın ruhunun təsiri ilə dedi: «Allahın önündə mən də, sən də eyniyik, mən də gildən düzəldilmişəm. Buna görə məndən qorxma, sözlərim ağır olub səni əzməsin» (Əyyub 33:6, 7). Əlihu onsuz da dərdi başından aşan Əyyubun üstünə getmədi, əksinə, ona mehribancasına məsləhət verdi və onu ruhlandırdı.

Biz də bu broşürü eyni ruhda tərtib etmişik. Əvvəlcə, yığıncaqdan uzaqlaşmış bacı-qardaşlardan bəzilərinə qulaq asmışıq, onların fikirləri və vəziyyəti ilə tanış olmuşuq (Məsəllər 18:13). Sonra dua edərək Müqəddəs Yazılara müraciət etmişik, Yehovanın keçmişdə oxşar vəziyyətlərlə üzləşmiş bəndələrinə necə kömək etdiyini araşdırmışıq. Axırda Müqəddəs Yazılarda qələmə alınan həmin əhvalatları və müasir günümüzdəki hadisələri bu broşürdə cəmləmişik. Biz səni bu broşürü oxumağa ürəkdən dəvət edirik. Əmin ol, biz səni çox sevirik.

Yehovanın Şahidlərinin Rəhbərlik Şurası