Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Yehovaya geri dön

 BÖLMƏ 2

Qayğılar. «Bizi hər tərəfdən sıxışdırırlar»

Qayğılar. «Bizi hər tərəfdən sıxışdırırlar»

«25 illik ailə həyatından sonra boşandıq. Uşaqlarım həqiqətdən uzaqlaşdı. Səhhətimdə ciddi problemlər yarandı. Depressiyaya düşdüm. Həyatım alt-üst oldu. Gücüm tükənmişdi. Nəticədə, yığıncaqdan uzaqlaşdım və qeyri-fəal oldum» (Cun).

DƏRDSİZ adam yoxdur. Hətta Allahın xidmətçiləri də istisna deyil. Allahın qədimdə yaşamış bir sadiq bəndəsi də fikirlərin onu çulğadığını yazmışdı (Zəbur 94:19). İsa Məsih də demişdi ki, axırzamanda «həyatın qayğıları» Yehova Allaha xidmət etməyi daha da çətinləşdirəcək (Luka 21:34). Bəs sənin haqqında nə demək olar? Ola bilsin, maddi çətinlik, ailə problemləri, yaxud da ki, xəstəliklər səni əldən salır. Ancaq Yehova sənə dözməyə kömək edə bilər.

«İnsan gücündən üstün olan [güc]»

Biz həyatın qayğıları ilə öz gücümüzə bacara bilmərik. Həvari Bulusun dediyi kimi, «bizi hər tərəfdən sıxışdırırlar,.. çaşqınlıq içindəyik,.. bizi vurub yerə səriblər». Amma o həm də demişdi ki, bizi «divara dirəməyiblər,.. vəziyyətimiz çıxılmaz deyil,.. məhv edilməmişik». Maraqlıdır, biz nəyin sayəsində bunlara dözə bilirik? Qadir Allahımız Yehovanın verdiyi «insan gücündən üstün olan gücün» sayəsində (2 Korinflilərə 4:7—9).

Əvvəllər insan gücündən üstün olan gücü necə aldığın barədə düşün. Heç olubmu ki, hansısa məruzəyə qulaq asanda Yehovanın necə böyük məhəbbət göstərdiyini daha dərindən başa düşmüsən? Məgər başqalarına cənnət barədə danışanda sənin Yehovanın vədlərinə imanın möhkəmlənmirdi? Biz yığıncağa gedəndə, imanımızı başqaları ilə bölüşəndə həyatın qayğılarına dözmək üçün güc əldə edirik və qəlb rahatlığı tapıb Yehova Allaha sevinclə xidmət edirik.

«Dadın, görün necə gözəldir Yehova»

Sənə elə gələ bilər ki, yüz yerə bölünmüsən. Məsələn, Yehova deyir ki, biz Padşahlığı hər şeydən üstün tutmalı, ruhani işlərdən qalmamalıyıq (Mətta 6:33; Luka 13:24). Bəs əgər təqiblər, səhhətindəki və ya ailəndəki problemlər səni əldən salırsa, yaxud iş bütün gücünü, vaxtını alırsa və yığıncağa gələ bilmirsənsə, onda necə? Ola bilsin, bu qədər şeyin qabağında başını itirmisən. Bunların hamısının öhdəsindən gəlməyə nə vaxtın, nə də gücün çatır. Sən elə gələ bilər ki, Yehova səndən çox şey tələb edir.

Yehova bizi başa düşür. O, heç vaxt bizdən gücümüzdən artıq şey tələb etmir. O bilir ki, fiziki və emosional stresdən özümüzə gəlmək üçün bizə vaxt lazımdır (Zəbur 103:13, 14).

Məsələn, görək Yehova İlyas peyğəmbərə necə şəfqət göstərmişdi. Bir dəfə peyğəmbər elə ruhdan düşmüşdü ki, qorxusundan çöllüyə qaçmışdı. Amma Yehova bu vaxt onu danlayıb geri qayıtmağı əmr etməmişdi. Yehovanın göndərdiyi mələk iki dəfə İlyası ehmalca yuxudan oyadıb ona yemək vermişdi. Bununla belə, üstündən 40 gün keçəndən sonra da İlyas qorxu və təlaş içində idi. Yehova yenə də ona kömək etdi. Yehova əvvəlcə peyğəmbərə göstərdi ki,  onu qorumağa qadirdir. Sonra «sakit, həzin səslə» onu sakitləşdirdi. Ən nəhayət, Yehova ona bildirdi ki, o, tək deyil, İsraildə minlərlə başqa insan da Ona ibadət edir. Üstündən çox keçməmiş İlyas peyğəmbər öz işinin başına qayıtdı (1 Padşahlar 19:1—19). Bundan nə öyrənirik? İlyas təlaş içində olanda Yehova onunla səbir və şəfqətlə davrandı. Yehova dəyişməyib. O, bizimlə də məhz bu cür davranır.

Yehovanın yolunda nə edə biləcəyin barədə düşünəndə realist ol. Özünü əvvəlki vaxtlarınla müqayisə etmə. Məsələn, aylarla, yaxud illərlə məşq etməyən qaçışçı dərhal əvvəlki qədər məşq edə bilməz. O, gücünü və dözümünü bərpa etmək üçün əvvəlcə qarşısına kiçik məqsədlər qoyacaq. Məsihilər də qaçışçılar kimidir. Onlar qarşılarına əlçatan məqsəd qoyub məşq edirlər (1 Korinflilərə 9:24—27). Sən də qarşına elə məqsəd qoy ki, indi ona nail olmaq sənin üçün mümkün olsun. Misal üçün, yığıncağa getməyi qarşına məqsəd qoy və məqsədinə çatmaq üçün Yehovadan kömək istə. Ruhani cəhətdən gücləndikcə, Yehovanı dadıb Onun necə gözəl olduğunu görəcəksən (Zəbur 34:8). Unutma, nə qədər kiçik görünsə belə, Yehovaya sevgidən irəli gələrək etdiyin hər bir şey Onun gözündə qiymətlidir (Luka 21:1—4).

Yehova heç vaxt bizdən gücümüzdən artıq şey tələb etmir

«Çoxdan gözlədiyim təkan»

Yehova Cuna geri dönməyə kömək etdi. O deyir: «Mən elə hey Yehovaya dua edirdim, Ondan kömək istəyirdim. Sonra gəlinim mənə şəhərimizdə böyük toplantı keçiriləcəyini dedi. Qərara gəldim ki, toplantının bir günündə iştirak edim. Yenidən Yehovanın xalqı ilə olmaq çox xoş idi. Həmin toplantı mənim üçün çoxdan gözlədiyim təkan oldu. Mən indi yenə Yehovaya sevinclə xidmət edirəm. Həyatıma yenidən rəng qatılıb. İndi mən başa düşürəm ki, özümü başqalarından təcrid edib, heç kimdən kömək istəmədən yaşaya bilmərəm. Şükürlər olsun ki, son gəlməmiş geri dönə bildim».

Əlavə məlumat

Yehova ilə yaxın münasibətlərini qoru

Texnoloji yeniliklərə, səhhətimizlə bağlı məsələlərə, pula və qürura düzgün münasibəti qorumaqla yanaşı Allaha necə yaxınlaşa bilərik?

Dərd-sərli dünyada rahatlıq mənbəyi

Stressdən taqətiniz tükənəndə Allahın Kəlamı sizə kömək edə bilər.