Kontentə keç

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Yehovanın Şahidləri

Azərbaycan

Yehovaya geri dön

 BÖLMƏ 1

«İtəni axtarıb tapacağam»

«İtəni axtarıb tapacağam»

Hürkmüş quzu ora-bura vurnuxur. O, otlaya-otlaya sürüdən ayrı düşüb. Bir də başını qaldırıb görüb ki, nə sürü var, nə də çoban. Artıq qaş qaralır. Quzu yırtıcı heyvanların oylağına gəlib çıxıb. O, hər an hansısa heyvanın şikarına çevrilə bilər. Birdən o, tanış bir səs, çobanın səsini eşidir. Çoban yüyürüb quzunu qucağına alır, paltarına büküb evə aparır.

YEHOVA Allah Müqəddəs Kitabda Özünü dönə-dönə belə çobana bənzədir. O deyir: «Mən Özüm qoyunlarımı axtarıb tapacağam, onlara baxacağam» (Hizqiyal 34:11, 12).

«Bəslədiyim sürü»

Yehovanın sürüsünə kimlər daxildir? Sadə dillə desək, Onu sevən və Ona ibadət edən insanlar. Müqəddəs Kitabda deyilir: «Ona ibadət edək, qarşısında baş əyək, Xaliqimiz Yehovanın önündə diz çökək. Axı O, Allahımızdır, O, bizi sürütək bəsləyib-əzizləyir, biz Onun otlağının xalqıyıq» (Zəbur 95:6, 7). Sürü çobanın ardınca getdiyi kimi, Yehova Allaha ibadət edən insanlar da öz Çobanlarının, Yehovanın ardınca gedirlər. Amma bu, o demək deyil ki, onlar qüsursuzdurlar. Allahın xidmətçiləri bəzən pərən-pərən düşür, itir, yaxud da yolunu azır (Hizqiyal 34:12; Mətta 15:24; 1 Butrus 2:25). Buna baxmayaraq, insan Yehovadan uzaqlaşanda Yehova ondan ümidini üzmür, onu atmır.

 Yehovaya hələ də öz Çobanın kimi baxırsan? Yehova bu gün də sürüsünün qeydinə qaldığını necə göstərir? Gəlin üç sahəyə baxaq:

O, bizi ruhani cəhətdən bəsləyir. Yehova deyir: «Onları gömgöy otlaqlarda... otaracağam. Çayır-çəməndə yerə yatacaqlar,.. yamyaşıl örüşlərdə otlayacaqlar» (Hizqiyal 34:14). Yehova bizi vaxtlı-vaxtında, cürbəcür təravətləndirici ruhani qida ilə təmin edir. Heç elə olubmu ki, hansısa məqalə, məruzə, yaxud video sənin duana cavab olsun? Məgər bu, səni əmin etmir ki, Yehova şəxsən sənin qayğına qalır?

O, bizi qoruyur və bizə dayaq olur. Yehova söz verir: «Azanı geri qaytaracağam, yaralının yarasını sarıyacağam, zəif düşəni qüvvətləndirəcəyəm» (Hizqiyal 34:16). Yehova dərdi-səri başından aşan, qəm-qüssədən üzülən insanlara güc verir. O, Öz xidmətçilərinin yarasını sarıyır, onlara şəfa verir. Bu, həmçinin öz dindaşlarından zərbə alan bacı-qardaşlara da aiddir. Yehova azmış və mənfi hisslərlə çarpışan xidmətçilərini geri qaytarır.

O, bizə baxmağı özünə borc bilir. Yehova deyir: «Səpələndikləri yerlərdən onları geri gətirəcəyəm... İtəni axtarıb tapacağam» (Hizqiyal 34:12, 16). Yehova «itən» xidmətçisindən əlini üzmür. Xidmətçisi itəndə O, bunu dərhal görür, onu axtarır, tapanda isə sevinir (Mətta 18:12—14). Yehova Ona sidq-ürəkdən ibadət edənləri «mənim sürüm, bəslədiyim sürü» adlandırır (Hizqiyal 34:31). Sən də həmin sürüdənsən.

Yehova «itən» xidmətçisindən ümidini üzmür. Onu tapanda sevinir

«Əvvəlki günlərimizi qaytar»

Nəyə görə Yehova səni axtarır və Ona dönməyə səsləyir? Çünki O, sənin xoşbəxt olmağını istəyir. Yehova vəd edir ki, xidmətçilərinin başından yağıştək bol bərəkət tökəcək (Hizqiyal 34:26). Bu, quru vəd deyil. Sən özün də vaxtiykən bunun şahidi olmusan.

Yehova Allahı tanımağa başladığın vaxtları yadına sal. Məsələn, Onun adıyla, insanlar üçün niyyətlərilə bağlı həqiqətləri öyrənəndə hansı hissləri keçirmişdin? Böyük toplantılarda həmimanlılarınla bir yerdə olarkən nə qədər ruhlandığını xatırlayırsan? Həqiqətə maraq göstərən insana müjdəni çatdıranda evə necə xoşbəxt, məmnun qayıtmağın yadındadır?

Həmin sevinci yenə də yaşaya bilərsən. Allahın qədimdə yaşamış xidmətçiləri dua edirdilər: «Ey Yehova, yenə bizi Özünə çək, canla-başla gələrik. Əvvəlki günlərimizi qaytar» (Mərsiyələr 5:21). Yehova həmin duaya cavab vermişdi və xalqı qayıdıb yenidən Ona sevinclə xidmət etmişdi (Nəhəmya 8:17). Yehova eyni şeyi sənin üçün də edə bilər.

Bununla belə, Yehova Allaha tərəf dön demək daha asandır, nəinki bunu etmək. Gəlin bəzi çətinlikləri və onları necə dəf etməyi nəzərdən keçirək.