Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Xoşbəxt ailəm

 BÖLMƏ 6

Uşaqların dünyaya gəlişi ilə ailə həyatının dəyişməsi

Uşaqların dünyaya gəlişi ilə ailə həyatının dəyişməsi

«Oğullar Yehovanın verdiyi mirasdır» (Zəbur 127:3).

Uşağın dünyaya gəlişi bir çox ər-arvadlarda həm sevinc, həm də narahatçılıq doğurur. Vaxtlarının və güclərinin çoxunu uşağa baxmağa sərf edəcəklərini bilmək onlar üçün gözlənilməz olur. Bəzən yuxusuzluq və yeni emosiyalar münasibətləri tarıma çəkir. Həyat yoldaşınızla siz uşağa baxa bilmək, eyni zamanda da yaxın münasibətlərinizi qoruyub saxlamaq üçün yeni həyat tərzinə uyğunlaşmalısınız. Müqəddəs Kitab məsləhətləri yaranan problemlərin öhdəsindən gəlməkdə necə kömək edə bilər?

 1 UŞAĞIN ÖZÜ İLƏ GƏTİRDİYİ DƏYİŞİKLİKLƏR

MÜQƏDDƏS KİTAB DEYİR: «Məhəbbət səbirli və xeyirxahdır». Üstəlik, məhəbbət «öz xeyrini güdmür, tez özündən çıxmır» (1 Korinflilərə 13:4, 5). Təəccüblü deyil ki, gənc ananın fikir-zikri körpəsində olur. Bu zaman ər özünü unudulmuş hiss edə bilər. Buna görə də qadın unutmamalıdır ki, ərinin də onun diqqətinə ehtiyacı var. Qadının səbri və xeyirxahlığı sayəsində ər ona dəyər verildiyini və uşağın qayğısına qalmaqda az iş görmədiyini hiss edəcək.

«Ey ərlər, hər biriniz həyat yoldaşınızla anlayışla davranın» (1 Butrus 3:7). Ər nəzərə almalıdır ki, bundan sonra həyat yoldaşının bütün enerjisi, demək olar ki, uşağa sərf olunacaq. Yeni məsuliyyətləri ucbatından o, daim gərgin, yorğun və hətta depressiyada ola bilər. Hərdən o, ərindən inciyə bilər, ancaq ər özünü ələ almağı bacarmalıdır, çünki Allahın Kəlamında deyilir ki, «səbrini basan güclü adamdan yaxşıdır» (Məsəllər 16:32). Anlayış göstərin və həyat yoldaşınıza dəstək olun (Məsəllər 14:29).

MƏSLƏHƏT

  • Atalar. Həyat yoldaşınıza körpənin qayğısına qalmaqda kömək edin, xüsusilə də gecələr. Digər işlərin vaxtından qənaət edib həyat yoldaşınızla və körpənizlə vaxt keçirməyə çalışın

  • Analar. Əriniz uşağın qayğısına qalmaqda köməyini təklif edəndə onun köməyini rədd etməyin. Əgər onun etdikləri ürəyinizə yatmırsa, onu tənqid etmək əvəzinə, həmin işi necə görəcəyini mülayimliklə başa salın

 2 MÜNASİBƏTLƏRİNİZİ MÖHKƏMLƏNDİRİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Onlar bir bədən olacaq» (Yaradılış 2:24). Unutmayın ki, ailənizin yeni üzvünün olmasına baxmayaraq, həyat yoldaşınızla siz hələ də «bir bədən»siniz. Münasibətlərinizi möhkəmləndirmək üçün əlinizdən gələni edin.

Xanımlar, həyat yoldaşınızın köməyinə və dəstəyinə görə minnətdar olun. Sizin minnətdarlıq sözləriniz onlar üçün, sanki, bir «məlhəmdir» (Məsəllər 12:18). Ərlər, arvadlarınızı sevdiyinizə və qiymətləndirdiyinizə əmin edin. Ailənin qeydinə qaldıqlarına görə onları tərifləyin (Məsəllər 31:10, 28).

«Qoy heç kəs öz xeyrini düşünməsin, başqasının xeyrini düşünsün» (1 Korinflilərə 10:24). Həmişə həyat yoldaşınızın yaxşılığını fikirləşin. Təklikdə söhbət etmək üçün vaxt ayırın, bir-birinizə qulaq asın və tərifləyin. İntim münasibətlərə gəldikdə isə təkcə öz tələbatlarınızı düşünməyin. Həyat yoldaşınızın tələbatlarını da nəzərə alın. Müqəddəs Kitabda deyilir: «Bir-birinizi ər-arvadlıq borcundan məhrum etməyin» (1 Korinflilərə 7:3—5). Buna görə də bu məsələni oturub müzakirə edin. Əgər səbir və anlayış göstərsəniz, münasibətləriniz möhkəmlənəcək.

MƏSLƏHƏT

  • Unutmayın ki, baş-başa qalmaq üçün vaxt ayırmaq mütləqdir

  • Hətta xırda-para şeylərlə də həyat yoldaşınıza sevildiyini hiss etdirə bilərsiniz, məsələn, açıqca və SMS yazmaqla, yaxud hər hansı balaca bir hədiyyə verməklə

 3 KÖRPƏNİZİ ÖYRƏDİN

MÜQƏDDƏS KİTAB DEYİR: «Sənə hikmət verməyə qadir olan Müqəddəs Yazıları körpəlikdən bilirsən» (2 Timutiyə 3:15). Körpənizi necə öyrədəcəyinizi və necə tərbiyə edəcəyinizi qabaqcadan planlaşdırın. Adətən, körpələr qeyri-adi öyrənmə qabiliyyətinə malik olur, bu, onlarda hətta doğulmamışdan öncə yaranır. O, hələ ana bətnində ikən sizin səsinizi ayırd edə və emosiyalarınıza hay verə bilir. Həyatının ilk günündən onun üçün nəsə oxuyun. Oxuduqlarınızı başa düşməsə belə, bu, ona böyüyəndə oxumağı sevməyə kömək edəcək.

Uşağa lap körpəlikdən Allah haqqında öyrətmək olar. Qoy o, sizin Yehova Allaha necə dua etdiyinizi eşitsin (Qanunun təkrarı 11:19). Hətta oynayan zaman ona Allahın yaratdıqları barədə danışın (Zəbur 78:3, 4). Körpə böyüdükcə sizin Yehovaya məhəbbətinizi görəcək və onda da Allaha qarşı məhəbbət yaranacaq.

MƏSLƏHƏT

  • Övladınızı tərbiyə etmək üçün duada Allahdan müdriklik diləyin

  • Körpəyə sözləri və vacib həqiqətləri təkrarlayın, beləcə o, erkən yaşlarından öyrənməyə başlayacaq

 

Əlavə məlumat

Xudbin dünyada xeyirxah övlad böyüdək

Uşağınızın xudbin olmaması üçün fikir verməli olduğunuz üç sahəyə nəzər salın.