Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 1

Yaradanımızı yaxından tanıyaq

Yaradanımızı yaxından tanıyaq

1, 2. Adətən, insanlarda hansı suallar yaranır?

UŞAQLAR çoxlu suallar verməyi xoşlayırlar. Suallarına cavab verirsən, yenə də deyirlər «niyə?». Nə qədər cavab verirsən ver, «niyə»lər qurtarmır ki, qurtarmır.

2 Yaşından asılı olmayaraq, hamının sualları olur, məsələn, nə yeyək, nə geyinək, nə alaq? Həmçinin insanları həyatla, gələcəklə bağlı vacib suallar narahat edir. Ancaq təəssüf ki, suallarına aldıqları cavablar onları qane etməyəndə cavab axtarmaqdan vaz keçirlər.

3. Nəyə görə əksər insanlar fikirləşir ki, həyatla bağlı vacib suallara cavab tapmaq mümkün deyil?

3 Bəs görəsən, bu cür vacib suallara cavab tapmaq mümkündür? Əksər insanların fikrincə, bu sualların cavabını yalnız Allah bilir, biz Allahın işinə qarışa bilmərik. Bəziləri isə fikirləşir ki, belə qəliz sualların cavabını yalnız alimlər və din xadimləri bilər. Digərləri isə bu kimi sualların cavabını bilmədiklərini göstərməmək üçün ümumiyyətlə sual vermirlər. Bəs siz bu barədə nə fikirləşirsiniz?

4, 5. Sizi ən çox hansı sual narahat edir? Nəyə görə suallarınıza cavab tapana kimi axtarmaq vacibdir?

4 Yəqin, bu sualların cavabını bilmək istəyərdiniz: Allah bizi niyə yaradıb? O dünyada cənnət-cəhənnəm varmı? Niyə yaxşı insanlar əzab çəkir? Allah necə varlıqdır? Peyğəmbərlərdən biri belə bir gözəl məsləhət vermişdi: «Durmadan diləyin, sizə veriləcək; durmadan axtarın, tapacaqsınız; durmadan qapını döyün,  sizə açacaqlar» (Mətta 7:7). Tutarlı cavab tapana qədər axtarmağa davam edin.

5 Əgər durmadan axtarsanız, Allahın Kəlamından suallarınızın cavabını tapacaqsınız (Məsəllər 2:1—5). Əslində, bu sualların cavabı heç də qəliz deyil. Aldığınız biliklər sayəsində daha xoşbəxt olacaqsınız və gələcəyə gözəl ümidiniz yaranacaq. Gəlin bir çox insanları çaş-baş qoyan bir suala cavab tapmağa çalışaq.

ƏZABLAR ALLAHIN SINAĞIDIRMI?

6. Əksər insanların fikrincə, dünyanın əzab-əziyyətlə dolu olmasının səbəbi nədir?

6 Dünya zülm-zillətlə doludur. Hara baxırsan müharibə, zorakılıq, nifrət görürsən. İnsanlar xəstələnir, əzab-əziyyətli ömür sürüb həyata göz yumurlar. Əksər insanlar düşünür ki, bu, belə də olmalıdır, dünya sınaq dünyasıdır, Allah bu yolla bəndələrini imtahana çəkir.

7. a) Bədbəxtlik baş verəndə əksər insanlar nə deyir? b) Nəyə əsasən deyə bilərik ki, pisliklər Allahdan deyil?

7 Bədbəxtlik baş verəndə əksər insanlar bunun Allahın yazısı olduğunu deyir. Deyirlər, Allah bilən məsləhətdir. Ancaq Müqəddəs Kitab bu fikri təsdiqləmir, əksinə, orada deyilir ki, Allah əsla pislik etməz. Bir ayədə belə yazılıb: «Sınaqlarla üzləşəndə qoy heç kəs: “Allah məni sınağa çəkir”, — deməsin, çünki Allah heç kəsi pisliklə sınamır və Onun Özünü də pisliklə sınamaq mümkün deyil» (Yaqub 1:13). Bu ayəyə əsasən demək olar ki, Allah heç kimə bəla göndərmir, sadəcə olaraq dünyadakı vəziyyətə hələ ki səbir edir. (Əyyub 34:10—12 ayələrini oxuyun.) Bunu daha yaxşı başa düşmək üçün bir məsəl çəkmək istəyirik.

8, 9. Ata-oğul məsəlinə əsasən, problemlərimizin Allahdan olduğunu fikirləşmək nəyə görə Ona qarşı haqsızlıqdır?

 8 Bir ata və bir oğul var idi. Ata oğlunu çox sevirdi. Ona gözəl tərbiyə vermişdi. Oğul böyüyüb boya-başa çatanda atanın üzünə ağ olur və evdən çıxıb gedir. Pis işlərə qurşanır və başı çox bəlalar çəkir. Sizcə: «Niyə oğlunun qabağını kəsmədi, niyə ona mane olmadı?» — deyib atanı günahlandırmaq düzgündürmü? Əlbəttə, yox! (Luka 15:11—13). İnsanlar Allaha asi çıxıb, pis işlərə qurşananda Allah da bu ata kimi onlara mane olmur. Buna görə də, gəlin yadda saxlayaq ki, bədbəxtliklər Allahdan deyil. Başımıza gələn problemləri Allahdan bilmək Ona qarşı haqsızlıqdır.

9 Yuxarıda qeyd olunmuşdu ki, Allah əzablara hələ ki izin verir. Buna tutarlı səbəb var. Bu kitabın 11-ci fəslindən bu mövzu ilə bağlı Müqəddəs Kitabın nöqteyi-nəzərini öyrənəcəyik. Əmin olun ki, Allah bizi çox sevir və problemlərimizin səbəbkarı O deyil. Əksinə, O, bizim yeganə kömək yerimizdir (Əşiya 33:2).

10. Nəyə görə deyə bilərik ki, Allah şər insanların vurduğu zərəri tamamilə aradan qaldıracaq?

10 Allah müqəddəsdir (Əşiya 6:3). Onun bütün işləri pak, təmiz və haqdır. Buna görə də, biz Ona tam etibar edə bilərik. Bunu insanlar barədə demək olmaz, çünki onlar bəzən çox haqsızlıqlar edirlər. Hətta ən vicdanlı hakimiyyət sahibi belə, şər insanların vurduğu zərəri aradan qaldırmaq iqtidarında deyil. Dünyada heç kəs güc-qüvvətdə Allaha tay ola bilməz. Allah insanların vurduğu zərəri aradan qaldırmaq qüdrətindədir, bir də ki O, bunu ürəkdən istəyir. O, bütün şər  işləri yer üzündən əbədilik siləcək. (Zəbur 37:9—11 ayələrini oxuyun.)

ALLAH HAQQ-ƏDALƏTİ SEVİR

11. İnsanların çəkdiyi əzab-əziyyəti görəndə Allah hansı hissləri keçirir?

11 Sizcə, dünyada baş verənləri və insanların nələr çəkdiyini görəndə Yaradan hansı hissləri keçirir? Davud peyğəmbər demişdi ki, Allah «ədaləti sevir» (Zəbur 37:28). O, haqqı nahaqdan ayıran Allahdır. İnsanların haqsızlıqla üzləşdiyini, əzab çəkdiyini görmək Ona ürəkağrısı verir. Məsələn, Allah Nuh peyğəmbərin dövründə dünyanın tamam pozulduğunu, zülmlə dolu olduğunu görəndə çox kədərlənmişdi (Yaradılış 6:5, 6). Allah elə həmin Allahdır, O dəyişməyib (Məlaki 3:6). Müqəddəs Kitab bizi əmin edir ki, Allah bizim qayğımızı çəkir. (1 Butrus 5:7 ayəsini oxuyun.)

Müqəddəs Kitab təsdiq edir ki, Yehova Allah yerin-göyün Yaradanıdır. O, hər şeyi məhəbbətlə yaradıb

12, 13. a) İnsanlara məhəbbət bizdə haradandır? İnsanların əzab-əziyyət çəkdiyini görəndə hansı hissləri keçirirsiniz? b) Nəyə görə əmin ola bilərik ki, Allah əzab-əziyyətə və ədalətsizliyə son qoyacaq?

12 Müqəddəs Kitabda yazılıb ki, Uca Tanrı bizi Özünə bənzər yaradıb (Yaradılış 1:26). Bu o demək deyil ki, biz zahirən Allaha bənzəyirik, sadəcə Yaradan bizə Öz gözəl xüsusiyyətlərini bəxş edib. Məsələn, siz günahsız insanların haqsız yerə əzab çəkdiyini görəndə hansı hissləri keçirirsiniz? Təbii ki, pis olursunuz. Allah sizin keçirdiyiniz hisslərdən də güclü hisslər keçirir! Bunu haradan bilirik?

13 Müqəddəs Kitabdan öyrənirik ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:8). Onun hər işi məhəbbətdən qaynaqlanır. Mehriban Yaradanımız bizə bu  məhəbbətindən pay verib. Bir anlıq düşünün: əlinizdə olsaydı, əzab-əziyyətə və ədalətsizliyə son qoymazdınız? Əlbəttə, qoyardınız, çünki qəlbinizdə insanlara məhəbbət var. Allah da insanları çox sevir, həmçinin O, əzab-əziyyətin, ədalətsizliyin kökünü kəsməyə qadirdir və bir gün bunu mütləq edəcək. Əmin olun ki, bu kitabın əvvəlində yazılan vədlərin hamısı gerçək olacaq! Amma buna ürəkdən inanmaq üçün Allahı yaxından tanımaq vacibdir.

ALLAH BİZİ ÖZÜ İLƏ DOST OLMAĞA ÇAĞIRIR

Kiminləsə dost olmaq üçün onun adını bilməli və yaxından tanımalıyıq. Allah Öz adını Müqəddəs Kitabda açıb

14. Allahın adı nədir və nəyə görə bu adı çəkmək lazımdır?

14 Dostluq tanışlıqdan başlayır. Kiminləsə dost olmaq üçün onun adını bilməli və onu yaxından tanımalıyıq. Bəs siz Allahın adını bilirsiniz? Bir çox dinlər öyrədir ki, Allahın adı elə Allahdır. Əslində isə, «Allah» sözü Yaradanın aliliyini, ucalığını bildirən bir sözdür, necə ki dövlət başçısına «prezident» və ya «padşah» deyilir. Allah bizə Öz peyğəmbərləri vasitəsilə adının Yehova olduğunu açıb. Zəbur 83:18 ayəsində deyilir: «Qoy insanlar bilsin ki, adı Yehova olan Sən, dünyada tək Sən ucasan». Allahın adı Müqəddəs Kitabda  7000 dəfədən çox çəkilir. Yehova Allah istəyir ki, insanlar Onun adını bilsin və bu adı çəksin. O, Öz adını bizə açıb ki, Onunla dost ola bilək.

15. Yehova adının mənası nədir?

15 Yehova adının dərin mənası var. Bu adın mənasına əsasən, Allah bütün vədlərini və niyyətlərini yerinə yetirməyə qadirdir. Ona heç nə mane ola bilməz. Bu ad yalnız və yalnız Allaha yaraşır *.

16, 17. Allaha aid işlədilən növbəti ifadələrin mənasını izah edin: a) «Qüdrət Sahibi»; b) «Əbədiyyət Padşahı»; c) «Yaradan».

 16 Vəhy 15:3 ayəsində yazılıb: «Ey Yehova Allah, ey Qüdrət Sahibi! İşlərin möhtəşəm və heyrətamizdir. Ey Əbədiyyət Padşahı, yolların haqq və doğrudur». «Qüdrət Sahibi» ifadəsi Yehova Allahın Kainatda hər kəsdən qüdrətli olduğunu göstərir. «Əbədiyyət Padşahı» Onun əzəldən var olduğuna işarə edir. Zəbur 90:2 ayəsində isə belə sözlər yazılıb: «Əzəldən əbədiyyətə Allah sənsən». Doğrudan da, Yehova Allahın tayı-bərabəri yoxdur!

17 Hər şeyi yaradan Yehova Allahdır. «Allahımız Yehova, Sən şana, şərəfə, qüdrətə layiqsən! Çünki hər şeyin yaradanı Sənsən və hər şey Sənin iradənlə mövcud oldu və yaradıldı» (Vəhy 4:11). Bəli, göydəki mələkləri,  səmadakı ulduzları, dənizdəki balıqları, ağacdakı meyvələri, bir sözlə, hər şeyi Yehova yaradıb!

ALLAHLA NECƏ DOST OLA BİLƏRİK?

18. Nəyə görə bəzi insanlar fikirləşir ki, Allahla dost olmaq mümkün deyil? Allahın Kəlamında bu haqda nə deyilir?

18 Yehova Allahın heyrətamiz xüsusiyyətləri barədə oxuyanda bəzi insanlarda sual yaranır: «Mənim kimi fani insan Qüdrətli və Ali Yaradanın, ucalarda olan Allahın nəyinə gərəkdir?» Əslində, Allah bizim bu cür fikirləşməyimizi istəmir. O, bizimlə dost olmaq istəyir. Müqəddəs Kitabda deyilir ki, Allah «heç birimizdən uzaq deyil» (Həvarilərin işləri 17:27). Allah söz verir ki, biz Ona yaxınlaşsaq, O da bizə yaxınlaşacaq (Yaqub 4:8).

19. a) Allahla necə dost ola bilərik? b) Yehovanın hansı xüsusiyyəti sizi daha çox cəlb edir?

19 Allahla necə dost ola bilərik? Allahın Kəlamı bu suala belə cavab verir: «Əbədi həyat odur ki, Səni, tək gerçək Allahı... tanısınlar» (Yəhya 17:3). Müqəddəs Kitabı öyrəndikcə siz Yehova Allahı daha yaxından tanıyacaqsınız. Yuxarıda oxuduq ki, «Allah məhəbbətdir» (1 Yəhya 4:16). Allahın başqa gözəl xüsusiyyətləri də var. Məsələn, Müqəddəs Kitabda yazılıb: «Yehova... rəhmli və mərhəmətli, səbirli, məhəbbəti bol, həqiqəti əngin olan Allah»dır (Çıxış 34:6). Yehova kəramətli və bağışlayandır (Zəbur 86:5). O, səbirli və sədaqətlidir (2 Butrus 3:9; Vəhy 15:4). Müqəddəs Kitabı oxuduqca Yehovanın necə gözəl Allah olduğunu görəcəksiniz.

20, 21. Gözəgörünməz Allaha necə yaxınlaşmaq olar?

20 Bəs gözəgörünməz Allaha necə yaxınlaşmaq olar? (Yəhya 1:18; 4:24; 1 Timutiyə 1:17). Müqəddəs Kitabı nə qədər çox oxusaq, Yehova Allahı bir o qədər  yaxından tanıyacağıq (Zəbur 27:4; Romalılara 1:20). Yaradanımızı yaxından tanıdıqca Ona məhəbbətimiz artacaq və Ona get-gedə daha yaxın olacağıq.

Allahın məhəbbəti ata məhəbbətindən də güclüdür

21 Müqəddəs Kitabı oxuduqca görəcəksiniz ki, Yehova Allah bizə övladları kimi yanaşır (Mətta 6:9). O, bizə həyat verib və hər bir sevən ata kimi, bizim xoşbəxt olmağımızı istəyir (Zəbur 36:9). Bəli, bütün bunları nəzərə alanda görürük ki, Yehova Allahla dost olmaq mümkündür (Yaqub 2:23). Təsəvvür edirsiniz, yerin-göyün Yaradanı bizimlə dost olmaq istəyir!

22. Əgər kimsə Müqəddəs Kitabı öyrənməyinizə qarşı çıxarsa, nə etməlisiniz?

22 Ola bilsin, yaxınlarınızdan kimsə sizə görə narahat olar, düşünər ki, birdən dininizi dəyişərsiniz. Buna görə də Müqəddəs Kitabı öyrənməyinizə qarşı çıxa bilər. Amma qoymayın ki, kimsə Yehova Allahla dost olmağınıza mane olsun. Dünyada Yehovadan dəyərli dost ola bilməz.

23, 24. a) Nəyə görə sual verməyə çəkinmək lazım deyil? b) Növbəti fəsildə hansı mövzu müzakirə olunacaq?

23 Müqəddəs Kitabı öyrənəndə sizə qaranlıq qalan məqamlar olacaq. Suallar verməyə, kömək istəməyə çəkinməyin. Fikir vermisinizsə, adətən, uşaqlar çoxlu suallar verir. Allahın Kəlamı da bizi uşaq kimi sadə və həlim olmağa çağırır (Mətta 18:2—4). Allah istəyir ki, insanlar suallarına cavab tapsınlar. Buna görə də öyrəndiklərinizin həqiqət olduğuna əmin olmaq üçün Müqəddəs Kitabı diqqətlə araşdırın. (Həvarilərin işləri 17:11 ayəsini oxuyun.)

24 Yehova Allahı tanımağın ən yaxşı yolu Müqəddəs Kitabı öyrənməkdir. Növbəti fəsildə Müqəddəs Kitabın digər kitablardan nə ilə fərqləndiyini öyrənəcəyik.

^ abz. 15 Allahın adının mənası və tələffüzü ilə bağlı ətraflı məlumat almaq üçün 1-ci əlavəyə baxın.

Əlavə məlumat

Allahın adı varmı?

Allaha müxtəlif sifətlərlə müraciət olunur, məsələn, Qüdrət Sahibi, Yaradan, Ağa. Amma Onun tək bir adı var. Bu ad Müqəddəs Kitabda təxminən 7000 dəfə yazılıb.