Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 18

Özünüzü Allaha həsr edin

Özünüzü Allaha həsr edin

1. Sizdə hansı sual yarana bilər?

BU KİTABI araşdırmağın sayəsində Müqəddəs Kitabdan bir sıra həqiqətləri öyrənmisiniz. Məsələn, öyrənmisiniz ki, Allah insanlara əbədi həyat vəd edir, öləndən sonra insan heç bir yerdə yaşamırbir gün ölülər diriləcək (Vaiz 9:5; Luka 23:43; Yəhya 5:28, 29; Vəhy 21:3, 4). Ola bilsin, siz Yehovanın Şahidlərinin ibadət görüşünə gedirsiniz və onların haqq yolda olduğunu görürsünüz (Yəhya 13:35). Bəlkə də, artıq Yehova Allahla aranızda dostluq münasibətləri yaranmağa başlayıb, Ona xidmət etmək qərarına  gəlmisiniz və ola bilsin, sizdə belə bir sual yaranıb: «Bəs indi hansı addımı atmalıyam?»

2. Həbəşistanlı kişi nəyə görə vəftiz olmaq istəyir?

2 İsa Məsihin dirilməsindən bir müddət sonra onun Filip adlı davamçısı həbəşistanlı bir kişiyə müjdəni çatdırıb Müqəddəs Yazılardan İsanın Məsih olduğuna dair sübutlar gətirir. Eşitdikləri həbəşistanlının ürəyinə o qədər təsir edir ki, o, Allahın xidmətçisi olmaq istəyir və deyir: «Bu da su! Vəftiz olunmağıma nə mane olur?» (Həvarilərin işləri 8:26—36).

3. a) İsa Məsih davamçılarına hansı tapşırığı vermişdi? b) Məsihilər necə vəftiz olunurlar?

3 Müqəddəs Kitabda birmənalı şəkildə deyilir ki, Yehova Allaha xidmət etmək istəyən insan mütləq vəftiz olmalıdır. İsa Məsih öz davamçılarına tapşırmışdı: «Bütün xalqların içində şagird hazırlayın, onları... vəftiz edin» (Mətta 28:19). İsa Məsih vəftiz olmaqla davamçılarına nümunə qoyub. O, vəftiz olanda tamamilə suya batırılmışdı (Mətta 3:16). Bu gün də məsihilər tamamilə suya batırılaraq vəftiz olurlar.

4. İnsan vəftiz olmaqla hamının qarşısında nəyi göstərir?

4 İnsan vəftiz olmaqla hamının qarşısında göstərir ki, həqiqətən Allahın dostu olmaq və Ona xidmət etmək istəyir (Zəbur 40:7, 8). Bəs vəftiz olmaq üçün insan nə etməlidir?

BİLİK VƏ İMAN

5. a) Vəftiz olunmazdan öncə nə etmək lazımdır? b) Yehovanın Şahidlərinin ibadət görüşlərində iştirak etmək nəyə görə vacibdir?

5 Vəftiz olmazdan öncə, gərək insan Yehova Allahı və İsa Məsihi tanısın. Siz Müqəddəs Kitabı öyrənməklə artıq bunu edirsiniz. (Yəhya 17:3 ayəsini  oxuyun.) Amma bu hələ ilk addımdır. Müqəddəs Kitabda deyilir ki, insan «Allahın iradəsi haqqındakı dəqiq biliklə aşıb-daşmalıdır» (Koloslulara 1:9). Yehovanın Şahidlərinin ibadət görüşləri sizə Yehova Allaha daha yaxın olmağa kömək edəcək. Məhz elə buna görə də bu ibadət görüşlərində iştirak etmək vacibdir (İbranilərə 10:24, 25).

Vəftiz olunmazdan öncə Müqəddəs Kitabı öyrənmək vacibdir

6. Vəftiz olmaq üçün insan Müqəddəs Kitabı nə dərəcədə bilməlidir?

6 Əlbəttə, Yehova Allah tələb etmir ki, vəftiz olmaq üçün insan Müqəddəs Kitabı əzbər bilsin. O, həbəşistanlı kişidən də bunu tələb etməmişdi (Həvarilərin işləri 8:30, 31). Allah haqqında hər şeyi bilmək heç mümkün də deyil, biz əbədiyyət boyu Onun haqqında öyrənəcəyik (Vaiz 3:11). Bununla belə, vəftiz olmaq üçün, ən azı, Müqəddəs Kitabın əsas təlimlərini bilmək və qəbul etmək tələb olunur (İbranilərə 5:12).

7. Müqəddəs Kitabdan öyrəndikləriniz sizə nədə kömək edib?

7 Müqəddəs Kitabda deyilir ki, «iman etmədən Allahın razılığını qazanmaq mümkün deyil» (İbranilərə 11:6). Deməli, vəftizdən qabaq insan gərək qəlbində iman yetişdirsin. Müqəddəs Kitabda yazılıb ki, qədim Korinf şəhərinin bəzi sakinləri İsa Məsihin davamçılarının öyrətdiyi təlimləri eşidəndən sonra «inanıb vəftiz olundu» (Həvarilərin işləri 18:8). Eynilə, siz də Müqəddəs Kitabdan aldığınız biliklərin sayəsində Allahın vədlərinə iman gətirdiniz İsanın fidyə qurbanlığının bəşəriyyəti günahdan və ölümdən azad etməyə qadir olduğunu qəbul etdiniz (Yuşə 23:14; Həvarilərin işləri 4:12; 2 Timutiyə 3:16, 17).

 ÖYRƏNDİYİNİZ HƏQİQƏTLƏRİ BAŞQALARI İLƏ BÖLÜŞÜN

8. Öyrəndiklərinizi başqalarına danışmağa sizi nə təşviq edə bilər?

8 Müqəddəs Kitabdan yeni-yeni şeylər öyrəndikcə və həyatınızda bu kitabın köməyini hiss etdikcə imanınız daha da güclü olacaq. Yəqin, öyrəndiyiniz həqiqətləri başqalarına da danışmaq istəyəcəksiniz (Ərəmya 20:9; 2 Korinflilərə 4:13). Gəlin görək öyrəndiklərinizi kimə danışa bilərsiniz.

İman sizi Müqəddəs Kitabdan öyrəndiklərinizi başqalarına danışmağa təşviq edəcək

9, 10. a) Öyrəndiklərinizi kimə danışa bilərsiniz? b) Yığıncaqla birgə təbliğdə iştirak etmək istəyirsinizsə, nə etməlisiniz?

9 Öyrəndiyiniz həqiqətləri ailənizə, qohumlara, dost-tanışa, qonşulara və iş yoldaşlarınıza danışa bilərsiniz. Amma bunu həmişə nəzakət və hörmətlə etsəniz, yaxşı olar. Vaxtı gələndə siz yığıncaq üzvləri ilə birgə təbliğ işində iştirak edə biləcəksiniz. Özünüzü buna hazır hiss edəndə istəyinizi sizə Müqəddəs Kitabı öyrədən adama bildirin. Əgər sizə dərs keçən adam buna hazır olduğunuzu düşünürsə və siz Müqəddəs Kitabın tələblərinə uyğun yaşayırsınızsa, yığıncağın iki ağsaqqalı hər ikinizlə görüşüb bu barədə danışacaq.

10 Həmin görüşdə ağsaqqallar sizinlə söhbət edib növbəti məqamları dəqiqləşdirəcəklər: siz Müqəddəs Kitabın əsas təlimlərini bilirsinizmi, onları qəbul edirsinizmi, Müqəddəs Kitabın təlimlərinə uyğun yaşayırsınızmı. Və həqiqətənmi, Yehovanın Şahidi olmaq istəyirsiniz. Yadda saxlayın ki, ağsaqqallar yığıncağın bütün üzvlərinin, o cümlədən sizin qeydinizə qalırlar, buna görə də onlarla danışmağa çəkinməyin (Həvarilərin işləri 20:28; 1 Butrus 5:2, 3). Bu görüşdən sonra ağsaqqallar sizə xəbər verəcəklər, yığıncaqla birgə təbliğ edə bilərsiniz, ya yox.

11. Nəyə görə yığıncaqla birgə təbliğə başlamamışdan öncə həyatda lazımi dəyişikliklər etmək vacibdir?

 11 Ola bilsin, ağsaqqallar sizə deyəcəklər ki, yığıncaqla birgə təbliğ etməyə başlamaq üçün həyatınızda başqa dəyişikliklər də etməlisiniz. Nəyə görə bu dəyişiklikləri etmək vacibdir? Çünki başqalarına Allah haqqında danışan insan Onu təmsil edir, buna görə də insan elə yaşamalıdır ki, Allahın adını ucaltsın (1 Korinflilərə 6:9, 10; Qalatiyalılara 5:19—21).

TÖVBƏ EDİN VƏ YOLUNUZDAN DÖNÜN

12. Nəyə görə hər kəs tövbə etməlidir?

12 Vəftizdən öncə sizdən daha bir şey tələb olunur. Həvari Butrus demişdi: «Günahlarınızın bağışlanması üçün tövbə edin və yolunuzdan dönün» (Həvarilərin işləri 3:19). Tövbə, ilk növbədə, törədilən günahlara görə peşman olmaq deməkdir. Məsələn, əgər insan əxlaqsız həyat tərzi sürübsə, tövbə etməlidir. Hətta bütün həyatı boyu düzgün yaşamağa çalışan insan belə tövbə etməlidir, çünki hamımız günahlıyıq və Allahın əfvinə möhtacıq (Romalılara 3:23; 5:12).

13. «Yolunuzdan dönün» sözlərinin mənası nədir?

13 Bəs insanın törətdiyi səhvlərə və günahlara görə peşman olması kifayətdirmi? Xeyr. Həvari Butrus demişdi ki, insan həmçinin yolundan dönməlidir, yəni pis əməlindən əl çəkib doğru işlər görməlidir. Təsəvvür edin ki, maşınla tanımadığınız bir yerə yollanmısınız. Bir də görürsünüz ki, tamam başqa istiqamətdə gedirsiniz. İndi siz nə edəcəksiniz? Təbii ki, maşını döndərib düzgün istiqamətə yol alacaqsınız. Ola bilsin, siz Müqəddəs Kitabı öyrənən müddətdə həyatınızda müəyyən şeyləri dəyişməli olduğunuzu  görmüsünüz. Bəs siz nə edəcəksiniz, «yolunuzdan dönüb», yəni lazımi dəyişikliklər edib doğru işlər görəcəksiniz?

HƏYATINIZI ALLAHA HƏSR EDİN

Duada Yehova Allaha xidmət edəcəyinizə söz vermisiniz?

14. Özünü Allaha həsr etmək nə deməkdir?

14 Vəftizdən öncə insanın atmalı olduğu vacib addımlardan biri də həyatını Yehova Allaha həsr etməsidir. Özünü Yehovaya həsr etmək nə deməkdir? İnsan dua edib Allaha söz verir ki, bundan sonra ancaq Ona ibadət edəcək və Onun iradəsini həyatında hər şeydən üstün tutacaq. Bu, xüsusi duadır və həyatda bir dəfə edilir (Qanunun təkrarı 6:15).

15, 16. İnsanı özünü Yehova Allaha həsr etməyə nə təşviq edə bilər?

15 Yehova Allaha ibadət etmək andını evlilik andına bənzətmək olar. Təsəvvür edin, bir oğlanın bir qızdan xoşu gəlir. Oğlan qızı yaxından tanıdıqca onu sevməyə başlayır və onunla evlənmək istəyir. Düzdür, evlilik çox ciddi addımdır, buna baxmayaraq, oğlan qızı sevdiyi üçün bu məsuliyyəti üzərinə götürməyə qorxmur və söz verir ki, ömrünün axırına kimi ona sadiq qalacaq.

16 Yehova Allahı yaxından tanıdıqca siz də Onu sevəcək və Ona ürəkdən xidmət etmək istəyəcəksiniz. Bu, sizi təşviq edəcək ki, Allaha dua edib bundan sonra yalnız Ona ibadət edəcəyinizə söz verəsiniz. Müqəddəs Kitaba əsasən, Allahın yolu ilə getmək istəyən insan özünü inkar etməlidir (Mark 8:34). Bu o deməkdir ki, insan hər bir vəziyyətdə Yehova Allaha itaət etməlidir, çünki Allahın iradəsi bizim arzu və istəklərimizdən daha vacibdir. (1 Butrus 4:2 ayəsini oxuyun.)

 MƏSULİYYƏTDƏN QORXMAYIN

17. Nəyə görə bəzi insanlar özlərini Yehovaya həsr etmirlər?

17 Bəzi insanlar özlərini Yehovaya həsr etmirlər, çünki verdikləri sözün üstündə dura bilməyəcəklərindən qorxurlar. Onlar Yehovanı kədərləndirmək istəmirlər. Bəziləri isə düşünür ki, özlərini Yehovaya həsr etməsələr, məsuliyyətdən qaça biləcəklər.

18. Məsuliyyət qorxusundan azad olmağa sizə nə kömək edəcək?

18 Yehova Allaha duyduğunuz məhəbbət sizə məsuliyyət qorxusunu aşmağa kömək edəcək. Əgər Allahı sevirsinizsə, verdiyiniz sözün üstündə durmaq üçün var gücünüzlə çalışacaqsınız (Vaiz 5:4; Koloslulara 1:10). Sizə Yehovanın iradəsini yerinə yetirmək çətin gəlməyəcək. Həvari Yəhya yazmışdı: «Allahı sevmək Onun əmrlərinə riayət etmək deməkdir, Onun əmrləri isə ağır deyil» (1 Yəhya 5:3).

19. Nəyə görə özümüzü Yehova Allaha həsr etməyə qorxmamalıyıq?

19 Yehova özünü Ona həsr edən insanlardan tam kamillik gözləmir. O, heç kəsdən gücündən artığını tələb etmir (Zəbur 103:14). Narahat olmayın, O, sizə doğru işlər görməyə kömək edəcək (Əşiya 41:10). Müqəddəs Kitabın bir ayəsində yazılıb: «Bütün qəlbinlə Yehovaya etibar et,.. O da yollarını rəvan edər» (Məsəllər 3:5, 6).

VƏFTİZ

20. Özünüzü Allaha həsr edəndən sonra hansı addımı ata bilərsiniz?

20 Həyatınızı Yehova Allaha həsr etmisinizsə, deməli, növbəti addımı atmağa — vəftiz olmağa hazırsınız.

21, 22. İnsan imanını açıq şəkildə bəyan etmək üçün nə etməlidir?

21 Həyatınızı Yehova Allaha həsr etdiyinizi və vəftiz olmaq istədiyinizi yığıncağınızın ağsaqqallar  şurasının koordinatoruna bildirin. O, ağsaqqallara sizinlə Müqəddəs Kitabın əsas təlimlərini sual-cavab şəklində müzakirə etməyi tapşıracaq. Onlar sizin vəftizə hazır olduğunuzu görsələr, sizə Yehovanın Şahidlərinin növbəti böyük toplantısında vəftiz olmağı təklif edəcəklər. Toplantıda vəftizin mahiyyətini izah edən nitq söyləniləcək. Sonra natiq vəftiz olmaq istəyənlərə  iki sadə sual verəcək. Bu suallara «bəli» cavabı verməklə siz imanınızı açıq şəkildə bəyan etmiş olacaqsınız (Romalılara 10:10).

22 Bundan sonra sizi suya batırıb-çıxararaq vəftiz edəcəklər. Vəftiz olmağınız başqalarına həyatınızı  Yehovaya həsr etdiyinizi və artıq Yehovanın Şahidi olduğunuzu göstərəcək.

VƏFTİZ NƏYİN RƏMZİDİR?

23. «Ata, Oğul və müqəddəs ruh adı ilə» vəftiz olunmaq nə deməkdir?

23 İsa Məsih demişdi ki, onun şagirdləri «Ata, Oğul və müqəddəs ruh adı ilə» vəftiz olunmalıdırlar. (Mətta 28:19 ayəsini oxuyun.) Bu o deməkdir ki, vəftiz olan insan Yehova Allahın ali mövqeyini, Allahın İsa Məsihə ayırdığı rolu və Allahın Öz niyyətini müqəddəs ruh vasitəsilə həyata keçirdiyini tanıyıb qəbul edir (Zəbur 83:18; Mətta 28:18; Qalatiyalılara 5:22, 23; 2 Butrus 1:21).

Vəftiz olmaqla siz Allahın iradəsini yerinə yetirmək istədiyinizi göstərirsiniz

24, 25. a) Vəftiz hansı rəmzi mənanı daşıyır? b) Sonuncu fəsildə hansı mövzu araşdırılacaq?

24 Vəftiz vacib rəmzi məna daşıyır: suya batırılanda insan, sanki, ölür, yəni köhnə həyat tərzindən əl çəkir. Sudan çıxanda isə Allahın iradəsini yerinə yetirmək üçün yeni həyata qədəm qoyur; bu o deməkdir ki, bundan sonra insan Yehova Allaha xidmət edəcək. Vəftiz olan hər bir kəs yadda saxlamalıdır ki, o, özünü hansısa insana, təşkilata və ya işə yox, Yehova Allaha həsr edir.

25 İnsanın özünü Allaha həsr etməsi onu Allaha daha da yaxınlaşdırır (Zəbur 25:14). Lakin bu o demək deyil ki, insan vəftiz olunduğu üçün mütləq xilas olacaq. Həvari Bulus yazmışdı: «Qorxu və ehtiramla xilasa yetişməyə çalışın» (Filippililərə 2:12). Bəli, vəftiz xilas yoluna atılan ilk addımdır. Bəs Yehova Allahla yaxın münasibəti qoruyub saxlamaq üçün nə etmək lazımdır? Cavabı bu kitabın sonuncu fəslindən öyrənə bilərsiniz.