Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 11

Nəyə görə dünya əzab-əziyyətlə doludur?

Nəyə görə dünya əzab-əziyyətlə doludur?

1, 2. Çox insanları hansı sual narahat edir?

ELƏ gün olmur ki, bədbəxt hadisələr eşitməyək: sunami bir kəndi yerlə yeksan edir. Əli silahlı bir nəfər kilsəyə daxil olub çoxlu sayda insanı güllələyir. Xərçəng gənc bir ananın həyatını əlindən alaraq onun beş uşağını gözüyaşlı qoyur.

2 Bu cür fəlakətlər və bədbəxtliklər baş verəndə əksər insanlarda sual yaranır: «Axı niyə? Axı niyə dünyada bu qədər dərd, bu qədər nifrət var?» Sizi də nə vaxtsa bu sual narahat edib?

3, 4. a) Həbquq peyğəmbərdə hansı sual yaranmışdı? b) Yehova onun sualına necə cavab verdi?

3 Müqəddəs Kitabda yazılıb ki, Allaha möhkəm imanı olan insanlarda da bu cür suallar yaranırdı. Məsələn, bir dəfə peyğəmbərlərdən biri Allahdan soruşmuşdu: «Niyə bu zülm-sitəmi götürürsən, niyə qoyursan gözlərim yamanlıq görsün? Gözüm hey viranəlik, zorakılıq görür. Çəkişmələrin, dava-dalaşın ardı-arası kəsilmir» (Həbquq 1:3).

4 Həbquq 2:2, 3 ayələrində Yehova Allah peyğəmbərin suallarına cavab verir və vəd edir ki, vəziyyəti düzəldəcək. Yehova Allah insanları dərin məhəbbətlə sevir. Müqəddəs Kitabda yazılıb: «O, qayğınızı çəkir» (1 Butrus 5:7). İnsanların ağrı-acı çəkdiyini görmək bizə çox ağırdır, Allaha isə bizdən min qat ağırdır (Əşiya 55:8, 9). Bəs onda nəyə görə dünya əzab-əziyyətlə doludur?

 NİYƏ DÜNYADA BU QƏDƏR ƏZAB-ƏZİYYƏT VAR?

5. Əksər din xadimləri əzablar barədə nə deyir? Bəs Müqəddəs Kitabda bununla bağlı nə yazılıb?

5 Çox vaxt din xadimləri və alimləri əzabların Allahın hökmü olduğunu deyirlər. Bəziləri iddia edir ki, insanın həyatında baş verən hər şeyi, hətta fəlakətləri də Allah əvvəlcədən onun alnına yazıb və insan Allahın işlərini axıra kimi dərk edə bilməz. Bəzilərinin fikrincə isə, insanları, hətta körpələri də Allah Öz yanına aparır. Amma bu heç də belə deyil, pisliklər əsla Allahdan ola bilməz. Müqəddəs Kitabda yazılıb: «Allah qətiyyən pislik etməz, Qüdrət Sahibi haqsızlıq etməz» (Əyyub 34:10).

6. Nəyə görə çoxları dünyadakı əzabların Allahdan olduğunu düşünür?

6 Çoxları inanır ki, dünyanı Allah idarə edir, buna görə də əzabların Ondan olduğunu düşünürlər. Amma 3-cü fəsildən öyrəndiyimiz kimi, dünya Şeytanın əlindədir.

7, 8. Nəyə görə dünya əzab-əziyyətlə doludur?

7 Müqəddəs Kitabda yazılıb ki, «bütün dünya... Şəririn əlindədir» (1 Yəhya 5:19). Dünyanın ağası olan Şeytan qəddar və amansızdır. O, bütün dünyanı aldadır (Vəhy 12:9). Buna görə də əksər insanlar Şeytan xislətlidir. Dünyanın bu qədər yalanla, nifrətlə və zülmlə dolu olmasının səbəblərindən biri budur.

8 Dünyada bu qədər zülm-zillətin olmasına başqa səbəblər də var. Məsələn, Allaha qarşı çıxan Adəmlə Həvva günahı övladlarına ötürdülər. Günahlı olduqları üçün insanlar bir-birinə ağrı-acı yaşadır. Adətən, insan başqalarından üstün olmaq istəyir. Bu isə dava-dalaşa, müharibəyə səbəb olur, insanlar bir-birini əzməyə çalışır (Vaiz 4:1; 8:9). Hərdən isə insanların başına gələn bədbəxtliklərə «vaxt və təsadüf» səbəb olur (Vaiz 9:11). Yəni insan  yanlış zamanda yanlış yerdə olduğu üçün başına bədbəxt hadisə və fəlakət gələ bilər.

9. Nəyə görə əmin ola bilərik ki, Yehovanın əzab-əziyyətə son qoymamasına əsaslı səbəb var?

9 Dünyadakı əzab-əziyyət, müharibə, cinayətkarlıq, zorakılıq, eləcə də zəlzələlər, qasırğalar və daşqınlar Allahdan deyil. Amma sizdə sual yarana bilər ki, nəyə görə hədsiz qüdrət sahibi olan Allah bütün bu əzab-əziyyətə son qoymur? Müqəddəs Kitabda deyilir ki, Allah bizi çox sevir. Əgər O, indiyə kimi əzab-əziyyətə son qoymayıbsa, deməli, buna əsaslı səbəbi var (1 Yəhya 4:8).

NƏYƏ GÖRƏ ALLAH ƏZAB-ƏZİYYƏTƏ SON QOYMUR?

10. Şeytan Yehova Allaha necə meydan oxudu?

10 Ədən bağında İblis öz yalanları ilə Adəmlə Həvvanı yoldan çıxartdı. Şeytan Allahı pis hökmdar kimi qələmə vermək istədi. O iddia etdi ki, guya Allah Adəmlə Həvvadan yaxşı bir şey gizlədir. Şeytan onları inandırmağa çalışırdı ki, onların Allaha ehtiyacı yoxdur və o özü Yehova Allahdan daha yaxşı rəhbər ola bilər (Yaradılış 3:2—5; 26-cı əlavəyə baxın).

11. Hansı sualın cavabını bilmək vacibdir?

11 Adəmlə Həvva Allaha itaətsizlik edib Ona asi çıxdılar. Onlar düşünürdülər ki, nəyin yaxşı, nəyin pis olduğuna özləri qərar verə bilər. Təbii ki, bu üsyankarlar haqsız idilər, axı insan üçün nəyin yaxşı, nəyin pis olduğunu ancaq Allah bilir. Bəs bunu necə sübut etmək olardı? Gəlin görək Allah bunu necə etdi.

12, 13. a) Nəyə görə Yehova üsyankarları dərhal məhv etmədi? b) Nəyə görə Yehova izin verdi ki, Şeytan bu dünyanın hökmdarı olsun və insanlar öz idarə sistemlərini qursunlar?

12 Yehova Allah Adəmlə Həvvanı dərhal məhv etmədi,  əksinə, onlara dünyaya övlad gətirməyə izin verdi. Sonra Allah-Taala onların övladlarına imkan verdi ki, kimə qulluq etmək istədiklərinə özləri qərar versinlər. Yehovanın niyyəti o idi ki, bütün yer üzündə kamil insanlar yaşasın. Şeytan nə etsə də, Allah Öz niyyətini mütləq həyata keçirəcəkdi (Yaradılış 1:28; Əşiya 55:10, 11).

13 Şeytan Yehova Allaha milyonlarla mələyin qarşısında meydan oxudu (Əyyub 38:7; Dənyal 7:10). Buna görə də Yehova Şeytana ittihamlarının doğruluğunu sübut etmək üçün möhlət verdi. O insanlara da möhlət verdi ki, Şeytanın hakimiyyəti altında öz idarə sistemlərini qursunlar. Bunun sayəsində aydın olacaqdı: Allahın köməyi olmadan insanlar uğur qazana bilər, ya yox.

14. Zaman nəyi sübut etdi?

14 Min illər ərzində insanların sürdüyü hakimiyyət, demək olar ki, heç bir yaxşı nəticə gətirməyib. Bu da Şeytanın yalançı olduğunu sübut edir və aydın olur ki, insanlar Allahın köməyinə möhtacdır. Ərəmya peyğəmbər növbəti sözləri deyəndə haqlı imiş: «Yehova, bilirəm ki, insanın yolu öz əlində deyil, addımlarını yönəltmək insanın ixtiyarında deyil» (Ərəmya 10:23).

NƏYƏ GÖRƏ ALLAH BU QƏDƏR SƏBİR EDİR?

15, 16. a) Nəyə görə Yehova Allah zülm-sitəmi uzun illərdir götürür? b) Nəyə görə Allah Şeytanın səbəb olduğu problemləri həll etmir?

15 Nəyə görə Yehova Allah uzun illərdir bu qədər zülm-sitəmi götürür? Niyə bədbəxtliklərin, fəlakətlərin qarşısını almır? Şeytanın hakimiyyətinin uğursuz olduğunu sübuta yetirmək üçün vaxt tələb olunurdu. İnsanlar müxtəlif hakimiyyət formalarını sınaqdan keçiriblər, lakin, demək olar ki, bütün cəhdləri boşa çıxıb.  Elm və texnologiya sahələrində tərəqqiyə nail olunsa da, ədalətsizlik, yoxsulluq, cinayətkarlıq və müharibələrin sayı görünməmiş həddə çatıb. Aydındır ki, bəşər övladı Allahsız uğur qazana bilməz.

16 Yehova Allah Şeytanın səbəb olduğu problemləri həll etmir. O, bunu etsəydi, birincisi, Şeytanın dəyirmanına su tökmüş olardı, yəni onun hakimiyyətini dəstəkləmiş olardı. İkincisi, insanlar Şeytanın iddia etdiyi kimi, öz hakimiyyətlərinin uğurlu olduğunu düşünərdilər. Amma bu iddia açıq-aydın yalandır. Allah problemlərin həlli üçün hansısa addım atsaydı, yalanı dəstəkləmiş olardı. Yehova yalandan uzaq Allahdır (Titusa 1:2).

17, 18. Yehova Allah Şeytanın vurduğu zərəri necə aradan qaldıracaq?

17 Yehova Allahın əlində mümkün olmayan heç nə yoxdur. O, Şeytanın və insanların üsyanının vurduğu bütün zərəri aradan qaldırmağa qadirdir. Allahın təyin etdiyi vaxtda Şeytanın qaldırdığı suallara tam cavab veriləcək. Sonra Allah əzəldən niyyət etdiyi kimi, yer üzünü cənnətə çevirəcək. «Qəbirlərdə olanların hamısı» diriləcək (Yəhya 5:28, 29). Daha xəstəlik və ölüm olmayacaq. İsa Məsih Şeytanın vurduğu bütün zərəri aradan qaldıracaq. Yehova Allah Məsihin vasitəsilə İblisin işlərini darmadağın edəcək (1 Yəhya 3:8). Hələlik isə Yehova səbir edir ki, biz Onu tanıyaq və Onun adil hakimiyyətini seçək. (2 Butrus 3:9, 10 ayələrini oxuyun.) Allah istəyir ki, biz Onun haqqında dəqiq biliyə yiyələnək. Üzləşdiyimiz ağrılara, bəlalara gəlincə isə, onlara tab gətirmək üçün O, bizə güc verir (1 Timutiyə 2:4; 1 Korinflilərə 10:13 ayəsini oxuyun).

18 Yehova heç kimi Ona boyun əyməyə məcbur etmir.  O, insanlara iradə azadlığı verib. Gəlin bu barədə bir az danışaq.

İRADƏ AZADLIĞINDAN NECƏ İSTİFADƏ ETMƏLİYİK?

19. Yehova bizə hansı neməti bəxş edib? Nəyə görə bu bəxşiş çox dəyərlidir?

19 Bizi heyvandan fərqləndirən əsas cəhətlərdən biri məhz Allahın bəxşişi olan iradə azadlığıdır. Heyvan şüursuz varlıq kimi, əsas etibarilə, instinktlə hərəkət edir, onların yaxşını pisdən ayırmaq bacarığı yoxdur. İnsana isə seçim verilib: həyatını necə qursun, Allahın yolu ilə getsin, getməsin (Məsəllər 30:24—28). İnsan robot deyil ki, proqramlaşdırılmış şəkildə işləsin. Biz özümüz seçirik necə insan olacağıq, hansı peşəyə yiyələnəcəyik, kiminlə dostluq edəcəyik, həyatımızı nəyə sərf edəcəyik. Yehova bizim həyatdan həzz almağımızı istəyir.

20, 21. Bu gün hansı seçimi etsəniz, ağıllı davranmış olarsınız?

20 Yehova Allah bizim Onu sevməyimizi istəyir (Mətta 22:37, 38). Uşaq atasına səmimi qəlbdən məhəbbətini izhar edəndə ata necə sevinirsə, Yehova da bizim məhəbbətimizi duyanda o cür sevinir. Yehova Ona qulluq edib-etməmək ixtiyarını hər bir insanın öz öhdəsinə buraxıb. Şeytan, Adəm və Həvva öz seçimlərini etdilər, onlar Allahdan üz döndərdilər. Bəs siz hansı seçimi edəcəksiniz?

21 İradə azadlığından düzgün istifadə edin, Yehova Allaha qulluq edin. Milyonlarla insan artıq öz seçimini edib, onlar Şeytana «yox» deyib Yehova Allahın tərəfini tutublar (Məsəllər 27:11). Bəs bilmək istəyirsiniz, Yehova Allahın quracağı cənnətdə, zülm-zillətin olmayacağı bir dünyada yaşamaq üçün nə etmək lazımdır? Növbəti fəsildə bu sualın cavabı var.