Parametrlərin təyini

Dili seçin

İkinci dərəcəli menyu

Mündəricatı göstər

Kontentə keç

Yehovanın Şahidləri

Azərbaycan

Müqəddəs Kitab təlimləri

 Fəsil 5

Fidyə — Allahın ən gözəl hədiyyəsi

Fidyə — Allahın ən gözəl hədiyyəsi

1, 2. a) Hansı hədiyyəni dəyərli hesab edirsiniz? b) Nəyə görə fidyə Allahın ən gözəl hədiyyəsidir?

YƏQİN, nə vaxtsa sizə ürəyinizcə olan, həqiqətən də, ehtiyac duyduğunuz bir şeyi hədiyyə ediblər. Ola bilsin, həmin an sizin sevinciniz yerə-göyə sığmırdı və hədiyyəni verən insana ürəkdən minnətdar idiniz.

2 Yaradanımız da bizə bir çox hədiyyələr bəxş edib. Amma onların arasında bir hədiyyə var ki, bizim ona böyük ehtiyacımız var. Bu, Allahın bəşəriyyətə bəxş etdiyi ən gözəl hədiyyədir. Yehova Allah əbədi yaşamağımız üçün Oğlu İsa Məsihi yer üzünə göndərdi. (Mətta 20:28 ayəsini oxuyun.) Bu fəsildə Allahın bu hədiyyəsi barədə ətraflı öyrənəcəyik. İsa Məsihi fidyə olaraq yer üzünə göndərməsi Yehova Allahın bizə dərin məhəbbətindən xəbər verir.

FİDYƏ NƏDİR?

3. Nəyə görə bu gün ölüm var?

3 Fidyə vasitəsilə Yehova Allah insanları günahdan təmizləmək və ölümdən azad etmək niyyətindədir (Efeslilərə 1:7). Fidyəyə nəyə görə ehtiyac yarandığını bilmək üçün gəlin bir neçə min il bundan qabaq baş vermiş bir hadisəni yadımıza salaq. Ulu valideynlərimiz Adəmlə Həvva Allaha qarşı günah işlətdilər və bu, onlara həyatları bahasına başa gəldi. Onların övladları olan bizlər də ölümü dadırıq, çünki günahı onlardan miras almışıq. (9-cu əlavəyə baxın.)

4. Müqəddəs Kitabda Adəm haqqında nə yazılıb?

 4 Yehova Allah ilk insan olan Adəmə mükəmməl həyat bəxş etmişdi. Onu qüsursuz, eyibsiz yaratmışdı, ona kamil zəka vermişdi. Adəm xəstəlik, qocalıq və ölüm nədir bilməyəcəkdi. Yehova Adəmə ata kimi idi, çünki onu Özü yaratmışdı (Luka 3:38). Allah Adəmlə sıx ünsiyyət edirdi. Ona bir bəndə kimi üzərinə düşən məsuliyyəti hərtərəfli başa salmışdı, ona maraqlı iş tapşırmışdı (Yaradılış 1:28—30; 2:16, 17).

5. Adəmin Allahın bənzərində yaradılması hansı mənanı daşıyır?

5 Allah Adəmi «Öz bənzərində» yaratmışdı (Yaradılış 1:27). Yehova Allah Adəmə Özündə olan xüsusiyyətləri, məhəbbət, hikmət, ədalət və güc-qüvvət kimi keyfiyyətləri bəxş etmişdi. Allah Adəmi robot kimi yaratmamışdı, ona azad iradə vermişdi. Adəmin yaxşı ilə pis arasında seçim etmək ixtiyarı var idi. O, Allaha itaətkar qalsaydı, cənnətdə əbədi yaşayacaqdı.

6. İtaətsizliyi Adəmə nəyin bahasına başa gəldi? Adəmin günahı bizə necə təsir etdi?

6 Allahın sözündən çıxdığı üçün Adəm ölümə məhkum oldu. İtaətsizliyi ona baha başa gəldi. O, Yehova Allahla dostluğunu, mükəmməl həyatı və cənnət bağı kimi gözəl evini itirdi (Yaradılış 3:17—19). Adəmlə Həvva bilə-bilə Allahın sözündən çıxdılar, buna görə də əbədi həyatdan məhrum oldular. «Günah bir adam vasitəsilə, ölüm də günah vasitəsilə dünyaya girdi. Beləcə, ölüm bütün adamlara keçdi, çünki hamı günah işləyib» (Romalılara 5:12). Adəm günah işlədəndə özünü və biz övladlarını, məcazi mənada, günahın və ölümün köləliyinə satdı (Romalılara 7:14). Bəs biz bu köləlikdə əbədi qalacağıq? Əsla! Yehova Allah bizi qurtarmaq üçün fidyə verib.

7, 8. Fidyə nədir?

 7 Bəs fidyə nədir? Fidyə anlayışı özünə iki şeyi daxil edir. Birincisi, kimisə azad etmək və ya nəyi isə geri almaq üçün ödənilən pulu və sairəni, ikincisi, vurulan zərəri tam şəkildə ödəyən məbləği bildirir.

8 Adəm günah edib bəşəriyyəti ölümə məhkum etməklə bizə elə böyük zərər vurub ki, onu heç bir insan övladı ödəyə bilməz. Amma Yehova Allah bizi günahdan və ölümdən qurtarmaq üçün artıq çarə qılıb. Gəlin görək, Yehova Allah bu fidyəni necə ödədi və fidyə bizə hansı faydanı gətirir.

YEHOVA ALLAH FİDYƏNİ NECƏ ÖDƏDİ?

9. Adəmin günahının əvəzində necə fidyə tələb olunurdu?

9 Adəmin itirdiyi mükəmməl həyatı qaytarmaq üçün tələb olunan fidyəni heç bir insan ödəyə bilməz. Çünki bütün insanlar qüsurludur (Zəbur 49:7, 8). Müqəddəs Kitaba əsasən, bu fidyə müvafiq olmalıdır (1 Timutiyə 2:6). Deməli, fidyə Adəmin itirdiyi həyatla eyni dəyərdə olmalı idi, yəni fidyəni ödəmək üçün kamil insan həyatı tələb olunurdu.

10. Yehova Allah fidyəni ödəmək üçün nə etdi?

10 Yehova Allah fidyəni ödəmək üçün nə etdi? Yaradan xilqətin ilki olan istəkli Oğlu İsa Məsihi yer üzünə göndərdi (1 Yəhya 4:9, 10). İsa Atasından ayrılmağa, Allahın dərgahını qoyub yerə enməyə hazır idi (Filippililərə 2:7). Yehova Allah İsanı göydən yerə göndərdi. O, kamil, qüsursuz və günahsız bir insan kimi doğuldu (Luka 1:35).

Allah Məsihin uğrumuzda ölməsinə izin verdi

11. Kimsə bütün bəşəriyyət üçün fidyə verə bilərdimi?

11 İlk insan olan Adəm Yehovanın sözündən çıxmaqla gələcək övladlarını əbədi həyatdan məhrum etdi.  Bəs kimsə Adəmin nəslini ölümdən azad edə bilərdimi? Bəli, bilərdi. (Romalılara 5:19 ayəsini oxuyun.) Heç vaxt günah etməyən İsa Məsih kamil həyatını fidyə kimi təqdim etdi (1 Korinflilərə 15:45). Onun kamil həyatı sayəsində Adəmin bütün nəslini ölümdən azad etmək mümkündür (1 Korinflilərə 15:21, 22).

12. Nəyə görə İsa Məsih çoxlu əzab çəkdi?

12 Müqəddəs Kitabda İsa Məsihin ölümqabağı nə qədər əzab çəkdiyi təsvir olunur. Onu amansızcasına qamçılayır, işgəncə dirəyinə mıxlayırlar; o, saatlarla əzab çəkib ölür (Yəhya 19:1, 16—18, 30). Bəs nəyə görə Məsih bu qədər əzab çəkməli oldu? Çünki Şeytan iddia etmişdi ki, ağır sınaqla üzləşsə, heç bir insan Allaha sadiq qalmayacaq. İsa Məsih sübut etdi ki, ən ağır sınaq qarşısında belə, kamil insan Allaha sadiq qala bilər. Sözsüz ki, Yehova Allah İsa ilə fəxr edirdi! (Məsəllər 27:11; 15-ci əlavəyə baxın).

13. Fidyə necə ödənildi?

13 Fidyə necə ödənildi? Eramızın 33-cü ilində, yəhudi təqvimi ilə nisan ayının 14-də Yehova Allahın izni ilə düşmənləri Məsihi edam etdilər (İbranilərə 10:10). Edamdan üç gün sonra Allah İsanı cismani bədəndə yox, ruhani varlıq kimi diriltdi. Amma İsa yer üzündə kamil insan kimi yaşamaq hüququnu itirməmişdi. İsa Allahın dərgahına qalxanda bu hüququ fidyə olaraq Allaha təqdim etdi ki, Allah bu hüququ Adəmin övladlarına versin və onlar əbədi yaşasın (İbranilərə 9:24). Yehova Allah bu fidyəni qəbul etdi, bunun sayəsində hər bir insanın qarşısında günahdan və ölümdən azad olmaq imkanı açıldı. (Romalılara 3:23, 24 ayələrini oxuyun.)

 FİDYƏNİN SİZƏ FAYDASI

14, 15. Günahlarımızın bağışlanması üçün nə etməliyik?

14 Allahın ən gözəl hədiyyəsi olan fidyə bizə indidən fayda gətirir. Gəlin görək, fidyənin bizə bu gün hansı köməyi dəyir və gələcəkdə necə kömək edəcək.

15 Günahlarımız bağışlanır. Həmişə Allahı razı salan işlər görmək asan olmur. Hərdən səhvlər edirik, sözdə və əməldə günaha yol veririk (Koloslulara 1:13, 14). Bəs Allahın əfvini qazanmaq üçün nə etməliyik? Əməlimizə görə ürəkdən peşman olmalı və təvazökarlıq göstərib Allahdan əfv diləməliyik. Onda əmin ola bilərik ki, Allah günahımızdan keçəcək (1 Yəhya 1:8, 9).

16. Vicdanımız təmiz olsun deyə nə etməliyik?

16 Vicdanımız təmiz olur. Vicdan əzabı çəkəndə insan özünü günahkar və dəyərsiz hiss edir, ümidsizliyə qapılır. Ancaq bu o demək deyil ki, insan hər şeydən əlini üzməlidir. Əgər insan Yehova Allaha yalvarıb əfv diləsə, Allah mütləq onun səsini eşidəcək və günahından keçəcək (İbranilərə 9:13, 14). Yehova Allah bizi günahlarımızı və nöqsanlarımızı Ona açıb danışmağa çağırır (İbranilərə 4:14—16). Bunun sayəsində Allahın qarşısında vicdanımız təmiz olacaq.

17. İsa Məsihin qurbanlığı sayəsində hansı nemətlərə sahib ola bilərik?

17 Əbədi yaşamaq ümidimiz yaranır. «Günahın ödədiyi haqq ölümdür, Allahın verdiyi ənam isə Ağamız Məsih İsa sayəsində əbədi həyatdır» (Romalılara 6:23). İsa Məsih uğrumuzda canını qurban verdiyi üçün hər birimizin xəstəliklərin olmadığı bir həyatda əbədi yaşamaq imkanı var (Vəhy 21:3, 4). Bəs Allahın vəd etdiyi bu nemətləri almaq üçün nə etməliyik?

 FİDYƏYƏ İMAN GƏTİRİN

18. Yehova Allahın bizi sevdiyinə nəyə görə əminik?

18 Kimsə sizə ürəyinizcə olan hədiyyə verəndə keçirdiyiniz hissləri yadınıza salın. Fidyə Allahın bütün insanlara bəxş etdiyi ən dəyərli hədiyyədir. Biz bu hədiyyəyə görə Ona ürəkdən minnətdar olmalıyıq. Yəhya 3:16 ayəsində deyilir: «Allah dünyanı o qədər sevir ki, yeganə Oğlunu onun uğrunda fəda etdi». Bəli, Yehova Allahın bizə məhəbbəti o dərəcədə güclüdür ki, Oğlu İsa Məsihi uğrumuzda qurban verib. Əminik ki, İsa Məsih də bizi çox sevir, çünki uğrumuzda ölümə getdi (Yəhya 15:13). Fidyə Yehova Allahın və İsa Məsihin bizə məhəbbətinin ən bariz sübutudur (Qalatiyalılara 2:20).

Yehova Allah haqda öyrəndikcə Onunla dostlaşacağıq və Ona məhəbbətimiz artacaq

19, 20. a) Yehova Allahın dostu olmaq üçün nə etmək lazımdır? b) Məsihin fidyə qurbanlığına iman gətirdiyimizi necə göstərə bilərik?

19 Gördüyümüz kimi, Yehova Allah bizi dərin məhəbbətlə sevir. Bəs bizi bu dərəcədə sevən Allahla dost olmaq üçün nə edə bilərik? Düzdür, tanımadığımız şəxsi sevmək, onunla dost olmaq çətindir. Buna görə də Yəhya 17:3 ayəsi bizi Yehova Allahı tanımağa təşviq edir. Allahı tanıdıqca Ona məhəbbətiniz artacaq, Onu razı salmağa çalışacaq, beləcə, Onunla dostlaşacaqsınız. Bu məqsədə çatmaq istəyirsinizsə, Müqəddəs Kitabdan Yehova Allah barədə öyrənməyə davam edin (1 Yəhya 5:3).

20 Məsihin fidyə qurbanlığına iman gətirin. Müqəddəs Kitabda yazılıb ki, «Oğula iman edən əbədi həyata qovuşacaq» (Yəhya 3:36). Oğula iman etmək nə deməkdir? Bu o deməkdir ki, biz Məsihin təlimlərinə əsasən yaşamalıyıq (Yəhya 13:15). Sadəcə dildə «Məsihə inanıram» demək azdır. İmanımızı əməlimizlə sübut  etməliyik. Yaqub 2:26 ayəsində deyilir: «Əməlsiz iman... ölüdür».

21, 22. a) Nəyə görə hər il Məsihin ölümünü anma mərasimində iştirak etməliyik? b) 6 və 7-ci fəsillərdə nə barədə öyrənəcəyik?

21 Məsihin ölümünü anma mərasimində iştirak edin. Ölüm günündən əvvəlki gecə İsa Məsih davamçılarına onun ölümünü anmağı tapşırmışdı. Anma mərasimi, yaxud Ağanın şam yeməyi adlanan bu tədbiri biz hər il keçiririk (1 Korinflilərə 11:20; Mətta 26:26—28). İsa Məsih istəyir ki, uğrumuzda kamil həyatını qurban verdiyini unutmayaq. O, belə demişdi: «Xatirəmi yad etmək üçün bunu həmişə edin». (Luka 22:19 ayəsini oxuyun.) Anma mərasimində iştirak etməklə biz fidyəyə və Yehova Allahla İsa Məsihin bizə bəslədiyi böyük məhəbbətə görə minnətdarlığımızı bildirmiş oluruq. (16-cı əlavəyə baxın.)

22 Fidyə həyatda aldığımız ən dəyərli hədiyyədir (2 Korinflilərə 9:14, 15). Bu əvəzsiz hədiyyə ölümü dadmış milyonlara insana belə fayda gətirəcək. 6 və 7-ci fəsillərdə bu barədə ətraflı məlumat verilir.